Əsas Səhifə > Cəmiyyət / Kriminal > “Xanoğlan mənimlə istəmədiyim halda yaxın münasibətdə oldu, bu hal 2-3 dəfə təkrar baş verdi”
“Xanoğlan mənimlə istəmədiyim halda yaxın münasibətdə oldu, bu hal 2-3 dəfə təkrar baş verdi”2-09-2021, 16:09 |
Ötən il Bərdədə qadını güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkdə təqsirli bilinir. Şəffaflıq.az xəbər verir ki, rəsmi ittihama görə, Nərmin Mehrəliyeva ötən il noyabrın 7-də saat 11 radələrində rayonun Məmmədli kəndində birgə yaşadıqları evdə ona təcavüz edən qohumu Xanoğlan Hacıyevin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirib. Belə ki, N.Mehrəliyeva 2012-ci ildə xalası oğlu V. Rüstəmovla ailə qurub və həmin nikahdan bir övladı dünyaya gəlib. O, Rüstəmovla öz razılığı əsasında qaçıb, sonradan onunla rəsmi şəkildə nikaha daxil olub. Təxminən iki-üç il əvvəl əri V. içkiyə qurşandığından və tez-tez qumar oynadığından onunla münasibətləri pisləşib. Bu səbəbdən N.Mehrəliyeva ərindən boşanıb və azyaşlı oğlu ilə valideynlərinin yaşadığı Bakı şəhəri Sabunçu rayonu ərazisində yerləşən evə gəlib. Hadisədən doqquz ay əvvəl atası Güloğlan onu öz razılığı olmadan zorla tanımadığı, avtomobil təmiri ilə məşğul olan şəxslə evləndirmək istəyib. Məhkəmədə ifadə verən N.Mehrəliyeva bu evliliyə razı olmadığı üçün valideynlərinə xəbər vermədən Bərdəyə getdiyini deyib: “Atam məni tanımadığım bir insanla məcburi evləndirmək istəyirdi. Mən razı deyildim, bunun üçün rayonumuzun Qaratəpə kəndində yaşayan əmimoğlu Elməddinlə əlaqə saxladım. Ona Bərdəyə gəlmək istədiyini dedim. Elməddin mənim Bərdəyə getməyimə kömək etdi, oğlum isə Bakıda anamgilin yanında qaldı. Mən əmim Asifgilə gəldikdən sonra o, atama zəng edərək onlarda olduğumu, narahat olmamasını dedi. Təxminən bir aydan az müddətdə əmim Asif və əmimin ailəsi ilə birlikdə yaşadım. Əmimgildə qaldığım günlərin birində atam kirvə kimi qohum olduğu Bərdə rayonu Məmmədli kəndində yaşayan Namiq Hacıyevə zəng edərək gəlib məni əmimgildən aparmağı xahiş elədi. Ancaq həmin vaxt mən Namiqgilin yaşadığı evdə qalmaq istəmədiyimi dedim. Amma yenə də mən atamın sözünə əməl edərək Namiqgilə köçdüm və hadisə baş verən günədək həmin evdə yaşadım”. N.Mehrəliyeva qeyd edib ki, orada tanışları Namiq, arvadı Sevda, oğlanları Ümid və Xanoğlanla birgə yaşayıb: “Orada qaldığım müddətdə onlarla heç bir düşmənçilik və ədavətim olmayıb. Ancaq təxminən beş ay əvvəl Namiq və Sevda evdə olmayan vaxt Xanoğlan mənimlə istəmədiyim halda yaxın münasibətdə oldu, sonradan bu hal 2-3 dəfə təkrarən baş verdi. Mən bu barədə Xanoğlanın valideynlərinə danışmaq istəsəm də, o, mənə mane olurdu, özünün bu məsələ ilə bağlı valideynləri ilə danışacağını deyirdi. Buna baxmayaraq, keçən müddət ərzində o, mənə verdiyi vədə əməl etməyərək cinsi əlaqədə olmağımızla bağlı valideynlərinə heç bir söz demədi. Xanoğlan müharibə ilə bağlı səfərbərliyə yollandıqdan sonra Xanoğlanla yaxın münasibətdə olmağımız barədə həm öz valideynlərim, həm də Xanoğlanın valideynləri ilə danışmaq qərarına gəldim. Hadisədən 3-4 gün əvvəl bu barədə Xanoğlanın anası Sevdaya dedim. O isə belə bir şeyin mümkün olmadığını, mənim Xanoğlana şər atdığımı dedi. Sevda oğluna zəng edib mənimlə cinsi əlaqədə olub-olmadığını soruşanda Xanoğlan yalandan and içdi ki, elə bir şey olmayıb, Nərmin yalan deyir. Həmin gün Namiq evə gələndə Sevda məsələni açıb ərinə danışdı. Namiq isə mənim sözlərimə inanaraq Xanoğlanın böyük səhv etdiyini, bu məsələni atam Güloğlandan heç cür gizlədə bilməyəcəyini dedi. Onların balaca oğlu Ümid bizim danışdıqlarımızı eşitdi. Böyük otağa gedərək ov tüfəngini götürüb üstümə gəldi, tüfəngi mənə tərəf tuşlayaraq öldürməklə hədələdi. Mən də tüfəngi Ümiddən alanda təsadüfən atəş açıldı və Sevdanın başından dəydi". Mərhumun oğlu Ümid Hacıyev isə Nərminin dediklərini təkzib edərək hadisə baş verən saatlarda evdə olmadığını deyib: “Nərmin anamı güllələyəndə mən evdə deyildim”. Nərmin Mehrəliyeva istintaqa ifadəsində isə hadisəni başqa cür təsvir edib. O deyib ki, Sevda Hacıyeva onu pozğun adlandıraraq biabır edəcəyini deyib: “Sevda və Namiqlə danışdığımız gecə Xanoğlanın mənə qarşı etdiklərini düşünüb gecəni yata bilmədim. Bilirdim ki, Sevda atama bu barədə desə, atam xəstə olduğu üçün ürəyi partlayıb öləcək. Sevdanın atamla danışmasının qarşısını almaq üçün onu öldürmək qərarına gəldim. Səhər saat 11 radələrində Namiq və Ümid evdə olmayan vaxt tüfəngi götürüb Sevdanın yaxınlığına getdim. Sevda evi süpürürdü, elə bildi ki, özümü vurmaq istəyirəm, ona görə mənə baxıb sonra fikir vermədi. Tüfəngi ona tuşlayıb “ya sən, ya mən, ya da Xanoğlan öləcək” dedim. Sevda isə mənə güllə ata bilməyəcəyimi dedi. Sonra əlimin tətikdə olduğunu görüb qaçmaq istədi, onu nişan alıb atəş açdım. Sevda yerə yıxıldı, başından qan axdı, üzü üstə yerə yıxılıb qaldı. Mən də tüfəngi yerə atıb, evin qapısını açarla bağlayıb qaçdım”. Məhkəmənin hökmü ilə Nərmin Mehrəliyeva qəsdən adam öldürməkdə ittiham edilərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Geri qayıt |