Əsas Səhifə > Mədəniyyət / Cəmiyyət > Seyid Əzim Şirvani İyulun 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur.

Seyid Əzim Şirvani İyulun 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur.


10-07-2019, 01:43

Seyid Əzim Şirvani 1835-ci il iyul ayının 10-da Şamaxıda ruhani ailəsində anadan olmuşdur. Seyid Əzim kiçik yaşlarında ikən Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası Seyid Məhəmməd vəfat etmişdir.
  Şəffaflıq.az bildirir ki,Seyid Əzim ana babası molla Hüseynin himayəsi altında yaşamışdır. Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edib. Babasından ərəb və fars dillərini öyrənən Seyid Əzim təxminən 10 il sonra Şamaxıya qayıdır və burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır.
1856-cı ildə ali ruhani təhsili almaq həvəsi 21 yaşlı gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır. Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya qayıtdıqdan sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllimlik edir. Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya, hesab və s. fənlərdən ibtidai məlumat da verirdi. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz onun məktəbində oxumuşlar.

Yaradıcılığı haqqında: 

Zəngin ədəbi yaradıcılığa malik olan Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bədii irsinin əsasını qəzəl janrı təşkil edir.

Şairin əsərləri içərisində müxtəlif Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, HafizMəhəmməd Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Onun aşiqanə qəzəlləri daha çoxdur. Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur.

Gecə gördüm səni, ey afəti dövran, yuxuda,
Ki, elərdin mənə yüz lütfi-firavan yuxuda.

Seyid Əzim Şirvani yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. Onun realist şeir yaradıcılığı sahəsinə keçməsində "Əkinçi" qəzetinin mühüm rolu olmuşdur. Çünki, məhz "Əkinçi"nin təsirilə şair günün bir çox zəruri məsələləri ilə maraqlanır və yaradıcılığında yeni mövzulara keçir, müasir həyatın tələblərinə uyğun şeirlər yazır, Azərbaycanın ilk mətbu orqanında nəşr etdirir. Maarifçi şair üçün "Əkinçi" xalqa müraciət yeri idi. O, xalqı qəflət və cəhalət yuxusundan oyanmağa çağırır, Həsən bəy Zərdabinin xeyirxah, maarifçi təşəbbüslərini alqışlayır, onu bilikli bir müəllim və xeyirxah bir insan kimi qiymətləndirirdi. O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:

Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.

Şairin əsərləri içərisində öyüd, təmsil və didaktik mahiyyət daşıyan mənzum hekayələr vardır ki, bunların da müəyyən bir hissəsi öz ideyaları etibarilə onun maarifçi şeirləri ilə birləşir. Doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.

Seyid Əzim Şirvaninin ictimai mahiyyət daşıyan satiraları onun ümumi yaradıcılığında müstəsna mövqe tutur. Onu öz dövrünün böyük realist şairi kimi tanıdan "Yerdəkilərin göyə şikayət etmələri", "Dəli şeytan", "Məkri-zənan", "Bəlx qazisi və xarrat", "Müctəhidin təhsildən qayıtması", "Elmsiz alim", "Alim oğul ilə avam ata" ,"Qafqaz müsəlmanlarına xitab" və s. satiralarıdır.

Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvani 1888-ci il iyunun 1-də Şamaxıda vəfat etmişdir.

Mətbuatla əlaqələri:

Seyid Əzim ġirvaninin yaradıcılığında "Əkinçi"nin müstəsna rolu var. Bu mətbu orqanın səhifələrində şairin 10-dan çox şeiri işıq üzü görmüşdü. Azərbaycan xalqının həyatında "Əkinçi"nin böyük rolu olduğunu şeirlərində vurğulayan Şirvaninin nəzərində qəzetin xeyli üstünlükləri vardı. Dünyanın müxtəlif yerlərindən informasiyaları toplayıb oxucuya çatdırması, maarifçilik işi aparması, elm toxumu səpməsi, ana dilinin saflaşması uğrunda aparılan mübarizə Şirvani tərəfindən mətbuatın üstünlüyü hesab edilirdi. Qəzet onun əlində maarifçilik ideyalarının yayıldığı xitabət kürsüsünə çevrilmişdi. "Əkinçi"nin imkanlarından yararlanmaq üçün oxuculara üz tutan Şirvani yazırdı:[4]

Neçə müddətdir ki, Həsən bəyi zar,
Hüsnü-tədbir ilə o fəxri-kibar,
Öz qədimi misalımızda haman,
Qəzetə çapını edib ünvan.

İzn hasil qılıbdır dövlətdən,
Biz gərək dəm vuraq səadətdən
Özünə gərçi yoxdur faidəsi,
Leyk var, xəlqə feyzi-zaidəsi.

"Əkinçi"nin nəşri ilə bağlı göndərdiyi təbrik məktubunda Seyid Əzim bu mətbu orqanı və Zərdabinin "əhli-islamı", "xaki-məzəllətdən" qaldırdığı, xalqı öz ana dilində günün aktual problemləri ilə tanış etdiyini alqışlayırdı.O, "Əkinçi"nin gəlişini ruh təzələyən səhərə bənzədir. Səhər mehi insanda xoş duyğular oyatdığı kimi "Əkinçi" də müsəlman aləmini qəflət yuxusundan oyadır. Qəzetin müsəlman aləminə gətirdiyi bu yeniliyi duyan şair "Əkinçi"nin davamlı nəşrini arzulayırdı.

"Əkinçi"yə həsr etdiyi şeir nümunələrindən aydın görünür ki, Şirvani dövrünün bir çox ziyalıları kimi mətbuatın imkanlarını çox gözəl dəyərləndirir, xalqın tərəqqisi və inkişafında mühüm vasitə olduğunu duyurdu. O, "Qəzet nədir" şeirində "Əkinçi"nin məramı, məqsəd və vəzifələrini nəzmlə oxuculara çatdırırdı. Həsən bəyin özünün təbirincə desək, Şirvani "Əkinçi"nin səsinə səs verərək maarifi təbliğ etməklə kifayətlənmir, yeni tipli məktəblərin açılmasını alqışlayırdı. Aqilin cahildən yüksək tutulmasını maarifçiliyin əsas prinsipi hesab edən Şirvani öz oğlunu Şamaxıda açılan yeni tipli məktəbə qoymuşdu. Oğluna nəsihət məzmununda yazdığı şeiri "Əkinçi"yə göndərən Şirvaninin bu əsəri redaksiya qeydi ilə çap olunmuşdu. Redaksiya qeydində deyilirdi:

"Şamaxıda bir camaat uçqolası bina olub ruhani okrujioy məclisinin nəzarətində Şamaxı sakini Seyid Əzim Məliküşşüəra öz oğlu Mir Cəfər namı haman uçqolaya elm təhsil etmək üçün qoymadan xalqın məzəmmətin görüb öz oğluna nəzm ilə nəsihət verdiyinin bəyanıdır."
Şəffaflıq.az



Geri qayıt