Əsas Səhifə > SİYASƏT > “Bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq...” - Paşinyanın adından NATO baş katibinə məktubu kim yazıb?
“Bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq...” - Paşinyanın adından NATO baş katibinə məktubu kim yazıb?4-07-2019, 17:27 |
İnternetdə Ermənistanın baş naziri Nikol Paşinyanın adından NATO-nun Baş katibi Yens Stoltenberqə yazılmış məktub yayılıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, həmin məktubda Paşinyanın adından Ermənistanın NATO ilə yaxınlaşmaq niyyəti ifadə olunur və buna maneə yaradan əsas səbəbin-Qarabağ münaqişəsinin tezliklə həll ediləcəyi deyilir. Paşinyan guya vəd edir ki, bir il ərzində Ermənistan qoşunları Qarabağdan çıxarılacaq, işğal edimiş ərazilər Azərbaycanın nəzarətinə qaytarılacaq. “Ermənistanın NATO-ya yaxınlaşmasının yolunda əsas maneə erməni qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə iştirakıdır. Bu maneə bir il ərzində aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələrinin münaqişə zonasından çıxarılmasına və ərazilər üzərində nəzarətin Azərbaycan tərəfinə verilməsinə dair işlənib hazırlanmış plan çərçivəsində Yerevanın Dağlıq Qarabağı bundan sonra dəstəkləməsinin məqsədəuyğunluğu barədə ümumxalq referendumunun keçirilməsi təklif olunacaq”,-məktubda deyilir. Məktub iyulun 1-də hansısa Artur Qriqoryanın adından Gosnews.ru adlı saytda “Ermənistanda yeni inqilab qaçılmazdır” başlıqlı şərhi ilə yerləşdirilib. Şərhdə deyilir ki, Paşinyan hakimiyyətə gələndən bəri verdiyi vədlərə əməl edə bilməyib, üstəlik Qarabağı Azərbaycana qaytarmağa hazırlaşır. Həmin müəllif məktubun yerləşdirildiyi keçidi məqaləyə daxil edib:https://picua.org/images/2019/06/28/a640186e21357b890b102a8219c9f33c.jpg Məktubun tam mətni belədir: Hörmətli cənab Stoltenberg, Sizə Ermənistanın taleyində fəal iştirakınıza və NATO ilə əməkdaşlığa mane olan problemlərin həllində göstərdiyiniz köməyə görə səmimi təşəkkürlərimi ifadə etməyi zəruri sayıram. Ermənistanın regionda təhlükəsizliyin təmin olunmasındakı rolu ilə bağlı Sizin dərin narahatlığınızı başa düşərək bunu deməyə tələsirəm ki, bizim aramızda əvvəllər əldə edilmiş və yanvar ayındakı şəxsi görüşümüzdə Sizin şəxsən sadiq qaldığınızı təsdiqlədiyiniz razılaşmalar bizim tərəfdən yerinə yetirilmək üzrədir. Ermənistanın NATO-ya yaxınlaşmasına başlıca maneə -erməni qoşunlarının Azərbaycanla mübahisəli ərazilərdə iştirakı-il ərzində aradan qaldırılacaq. Ermənistan silahlı qüvvələrinin bölmələrinin münaqişə zonasından çıxarılmasına və mübahisəli ərazilər üzərində nəzarətin Azərbaycan tərəfinə verilməsinə dair işlənib hazırlanmış plan çərçivəsində Yerevanın Dağlıq Qarabağı bundan sonra dəstəkləməsinin məqsədəuyğunluğu barədə ümumxalq referendumu təklif olunacaq. Bu təşəbbüs şübhəsiz ki, respublika vətəndaşlarının böyük hissəsinin narazılığına səbəb olacaq, bizim nəzarətimizdə olan xüsusi hazırlanmış qruplar isə etiraz aksiyaları təşkil edəcəklər ki, daxili siyasi vəziyyətin gərginləşdiyi haqda görüntü yaransın və beləliklə də Dağlıq Qarabağdakı ordu bölmələrinin ölkənin içərilərinə doğru yenidən dislokasiyası üçün inandırıcı bəhanə əldə olunsun. Öz növbəsində Sizdən Azərbaycanın üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsinə dəstəyinizi xahiş edirəm, hansı ki, həmin öhdəliyə görə Azərbaycan tərəfi Dağlıq Qarabağın ərazisinin ancaq 50 faizi üzərində nəzarətini təmin edəcək. Bu arada Ermənistan rəhbərliyinin Dağlıq Qarabağın qalan hissəsinin muxtar status almaq imkanına malik neytral bufer zonası kimi qalacağına dair öhdəliyini təsdiq edirəm. Habelə Sizin əldə edilmiş razılaşmaların pozulmasına yol verməmək üçün Azərbaycan tərəfinin hərəkətlərinə nəzarət edəcəyinizi gözləyirəm. Ümid edirəm ki, maraqlara qarşılıqlı riayət olunması Ermənistanla NATO arasında əməkdaşlığın inkişafına imkan yaradacaq, habelə bütün Cənubi Qafqaz regionunda sülhə və sabitliyə təminat verəcək”. Məktuba diqqəti informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan birinci cəlb edib. Lakin o məktubun əsl müəllifinin kimliyini araşdıra bilməyib, ehtimal edir ki, feyk-sənəd Ermənistanın hüdudlarından kənarda hazırlanıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat katibi Samson Qalstyan isə qeyd edib ki, məktub haqda bilirlər, amma hazırda hansısa şərh vermək istəmirlər. Xarici İşlər Nazirliyində də məktubun saxta olduğunu deyiblər, amma şərh vermək istəməyiblər. Samvel Martirosyan qeyd edib ki, məktub ingiliscə qüsursuz və olduqca savadlı hazırlanıb. Bu xüsusat məktubun Ermənistan daxilində hazırlanmasını demək olar, istisna edir. “Xarici izlər axtarılır. Bir neçə variant var, amma mən hazırda onları demək istəmirəm, çünki sübutum yoxdur. Lakin aydındır ki, məktub Ermənistanda tərtib edilməyib. Burada Paşinyanın ən lənətli düşmənləri də forumlarda məktubun feyk olduğunu bildirirlər”,-Martirosyan bildirib. Paşinyanın mətbuat katibi hələlik məktuba şərh verməyib. Qeyd edək ki, Paşinyanın əleydarları-Qarabağ klanının nümayəndələri onu tez “torpaqları qaytarmaq planlarında” ittiham edirlər. Habelə Rusiya siyasi dairələri Paşinyanın Ermənistanın üzünü Qərbə, NATO-ya çevirmək cəhdləri haqda tez-tez müxtəlif şərhlər, məlumatlar yayırlar. Bu günlərdə uzun müddətli fasilədən sonra ilk dəfə Vaşinqtonda ABŞ-ın birbaşa vasitəçiliyi ilə Qarabağa dair xarici işlər nazirləri səviyyəsində danışıqlar təşkil olunub. Həmin danışıqlarda tərəflərə Madrid prinsiplərinə əsaslanan hansısa sənədin təqdim edildiyi açıqlanıb. Bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Vaşinqton danışıqları ilə Dağlıq Qarabağdakı qondarma rejimin rəhbərliyini məlumatlandırmaq üçün Xankəndinə gəlib. Habelə Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan hazırda Qarabağdadır. Geri qayıt |