Əsas Səhifə > SİYASƏT > “Batka”dan Bakıya mükəmməl jest - İRƏVAN NİYƏ XOFDADIR?

“Batka”dan Bakıya mükəmməl jest - İRƏVAN NİYƏ XOFDADIR?


20-11-2018, 00:22

 
 
Həftənin mühüm gözləntisi: İlham Əliyev bu gün Minskə gedir - imzalanacaq onlarla sənəd, diqqətdə saxlanacaq yüksək hərbi texnologiyalar mövzusu; belaruslu ekspert: “Azərbaycanda birgə hərbi zavodlar qurula bilər...”
Azərbaycan prezidenti İlham Əliyev bu gün - noyabrın 19-da Minskə gedəcək. Bu, onun Belarusa sayca 5-ci səfəridir. Belarus lideri Aleksandr Lukaşenko isə artıq 4 dəfə Bakıda olub. Minsk ziyarəti çərçivəsində 10-dan çox sənəd imzalanacaq. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib ki, sənədlər siyasət, iqtisadiyyat, hərbi-texniki, mədəni-humanitar və digər sahələri əhatə edəcək. Bu da səfərin önəmindən xəbər verir.
Məlum olduğu kimi, ötən həftə Belarusdakı səfirimiz Lətif Qəndilovu qəbul edən Lukaşenko səmimi söhbət zamanı KTMT (“Rus NATO-su”) mövzusunda və Ermənistanın qurumun baş katibliyinə iddiasından doğan cığallığından da söhbət açıb. Beləcə, “Batka” dost Azərbaycana bir növ hesabat verib. Bu isə “müttəfiq” Ermənistanda ciddi qıcıq yaradıb. Hətta Ermənistan XİN-in sözçüsü diplomatik etiketə sığmayan bir tərzdə Lukaşenkonu məzəmmət edib, səfirlə görüş faktını Belarus lideri tərəfindən “qeyri-korrekt” davranış adlandırıb.
Əslində Azərbaycan KTMT-nin üzvü olmadığı üçün məntiqlə bu qurumun hansısa daxili məsələsi Belarus prezidenti ilə Azərbaycan səfirinin görüşündə müzakirə predmeti olmamalı idi. Göründüyü kimi, Lukaşenko “tabu”ya məhəl qoymayıb və İrəvanı əməlli-başlı, həm də nümayişkaranə şəkildə pərt edib. Belə bir davranış “qurşaqdan aşağı” zərbə də adlandırıla bilər. Bu da Azərbaycan-Belarus əlaqələrinin həqiqətən qarşılıqlı etimada söykəndiyinin və yüksək səviyyədə olduğunun təzahürüdür. Eyni zamanda bu slavyan ölkəsinin Azərbaycanın, yoxsa Ermənistanın yanında olması barədə İrəvana aydın bir mesajdır.

Təsadüfi deyil ki, Ermənistan baş nazir əvəzi Nikol Paşinyan Lukaşenkodan mütləq izahat tələb edəcəyəni bildirib. O, Belarus liderindən hansı səbəbə görə KTMT-nin problemini təşkilata üzv olmayan dövlətlə, yəni Azərbaycanın səfiri ilə müzakirə etdiyini soruşub. “Bu mənim də hansısa xarici ölkənin səfirini çağırıb onunla KTMT-nin bağlı qapılar arxasında keçən iclası haqqında danışmağıma bənzəyir. Mən təəccüb edirəm ki, 30 il ölkəsinə rəhbərlik edən bir adam bu addımı necə ata bilər. Mən, əlbəttə ki, Belarus prezidentindən, həm də başqasından (Qazaxıstan prezidenti Nursultan Nazarbayev nəzərdə tutulur - red.) izahat tələb etməliyəm”,- deyə Ermənistan baş naziri bildirib.
Belarus tərəfinin isə Paşinyanın bu özündənrazı və təhqiramiz açıqlamasına reaksiyası gecikməyib. Cavab yetərincə sərt olub. Ölkə XİN-in mətbuat katibi Anatoli Qlaz deyib: “Yəqin Paşinyan hələ anlamayıb ki, ”küçə demokratiyası"nın qaydaları böyük siyasətdə keçərli deyil. Görünür Ermənistanın baş nazir əvəzi özünü beynəlxalq prokuror qismində zənn edir".

Şübhə yox ki, İrəvanın Astana uğursuzluğunun ardınca - hansı uğursuzluqda ki, “Batka”nın məxsusi əməyi var, - Azərbaycan səfiri ilə Lukaşenkonun səmimi söhbəti və bundan az sonra İlham Əliyevin Belarus səfəri İrəvanda daha əzici və əsəbi bir ovqat yaradacaq. Həm də o səbəbə ki, səfər zamanı çoxlu anlaşmalar imzalanacaq və bununla da Bakı-Minsk əlaqələri və dostluğu, o sırada hərbi sahədə əməkdaşlıq növbəti impuls qazanacaq.
Belaruslu hərbi ekspert Aleksandr Alesin şübhə etmir ki, Minskdə iki lider hərbi-texniki əməkdaşlığı da müzakirə edəcəklər. Onun fikrincə, Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə keçəcək, hətta Azərbaycan ərazisində ikili və hərbi təyinatlı məhsulların, o cümlədən müasir pilotsuz uçan aparatların yaradılması üçün yığım üzrə istehsalat, birgə hərbi zavodlar qurula bilər".
Beləcə, Azərbaycan işğalçı Ermənistanın hərbi blok üzrə müttəfiqi sayılan Belarusu ondan daha da uzaqlaşdıracaq. Bəzi siyasi təhlilçilərə görə, tezliklə Ermənistan KTMT-də ümumiyyətlə, təklənə bilər...

Əlamətdardır ki, Belarusdakı səfirimizin A.Lukaşenko tərəfindən qəbuluna qarşılıq olaraq, Bakıda da İlham Əliyev Belarusun ölkəmizdəki səfirini qəbul edib. Görüş zamanı İlham Əliyev ölkələrimizi bir-birinə tam miqyaslı münasibətlərin bağladığını söyləyib. “Həmçinin hərbi-texniki sahədə əməkdaşlıq münasibətlərimizin mühüm amilidir. Biz Belarusdan hərbi texnika alırıq və onun keyfiyyətindən, göstəricilərindən çox razıyıq. Belarus hərbi sənaye sahəsində də çox yüksək səviyyə nümayiş etdirir və biz hərbi-texniki sahədə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə prezident səfirlə söhbətdə bildirib.
“Bizim münasibətlərimiz sarsılmazdır, möhkəm bünövrəyə malikdir, dostluq, qarşılıqlı hörmət, dəstək münasibətlərinə əsaslanır və gələcəyə yönəlib. Əminəm ki, mənim dost ölkəyə qarşıdakı səfərim bu münasibətləri daha da möhkəmləndirəcək” - Azərbaycanın dövlət başçısı əlavə edib.

Xatırladaq ki, noyabrın əvvəllərində Ermənistan prezidenti Armen Sərkisyan da Minskdə olub. Lakin tərəflər arasında heç bir sənəd imzalanmayıb. Lakin Sərksiyanın səfəri bütövlükdə nə yerli, nə də beynəlxalq KİV-lərin diqqətini çəkib. Çünki diqqətəlayiq hər hansı hadisə baş verməyib. Baş verməsi mümkün də deyildi. Ona görə ki, Ermənistanla Belarusu birləşdirən ortaq maraqlar, dəyərlər, faktiki, mövcud deyil - baxmayaraq ki, onların hər ikisi KTMT-də və Avrasiya Birliyində təmsil olunur, formal olaraq müttəfiq sayılır.
Ancaq rəsmi Minsk dəfələrlə praktikada göstərib ki, Azərbaycanla əlaqələrə üstünlük verir, nəinki işğalçı Ermənistanla. Onu da qeyd edək ki, Azərbaycan və Belarus beynəlxalq meydançalarda da hər iki ölkə üçün mühüm məsələlərə dair bir-birinə daim dəstək verir. Rəsmi Minsk birmənalı şəkildə ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Bunu 2016-cı ilin aprel müharibəsində də nümayiş etdirib. İrəvanı özündən çıxaran həm də budur.
Deyildiyi kimi, Bakı və Minsk silah ticarəti üzrə də tərəfdaşlardır ki, bu da İrəvanda xüsusi narahatlıq doğurur. Hətta rəsmi İrəvan (həm Nikol Paşinyan və onun devirdiyi Serj Sərksiyan, həm də təzəlikcə Minskdə olmuş prezident Armen Sərksiyan) Bakı ilə Minsk arasında hərbi əməkdaşlığı əngəlləmək üçün dəfələrlə cəhdlər edib. Lakin nəticə olmayıb. Son olaraq, ermənilərin çox öyündüyü “İsgəndər M”-ə alternativ sayılan Belarus istehsallı “Polonez” raket kompleksləri ikitərəfli münasibətlərin səviyyəsinə daha bir sübutdur.
Belə bir durumda Azərbaycan prezidentinin Minskə səfərə yollanması işğalçı ölkənin yuxusunu daha da qaçıracaq. Lukaşenkonun “Bizim danışılası çoxlu mövzumuz var. Azərbaycan üçün bizim qapılarımız açıqdır. İlham Əliyevlə razılaşmamız müqəddəsdir və söz vermişik ki, onlara əməl edəcəyik. Belarusla Azərbaycanın qapalı mövzusu yoxdur” sözləri isə gözlənildiyi kimi, Ermənistanda xüsusi əsəbilik yaradıb.

İlham Əliyevin Belarus səfərinin KTMT-nin Astana sammitindən az sonraya təsadüf etməsi də diqqət çəkir və ən azı, Bakı və Minskə öz aralarında “saat əqrəbləri”ni tutuşdurmaq fürsəti yaradır. Bu da İrəvanda yəqin ki, əlavə təlaş doğuracaq.
O da sirr deyil ki, Astana sammitində yeni baş katib məsələsində Ermənistanın fiasko ilə üzləşməsində Lukaşenkonun da prinsipiallığı mühüm rol oynayıb. Yəqin ki, buna görə o, azərbaycanlı həmkarının minnətdarlığını alacaq. Çünki KTMT-də hansı ölkə təmsilçisinin baş katib olması Ermənistanla müharibə vəziyyətində olan Azərbaycan üçün az önəm kəsb etmir. Nə xoş ki, bu vəzifəyə ən şanslı namizəd məhz Belarus təmsilçisi, üstəlik, vaxtilə Bakıda hərbi təhsil almış general Stanislav Zasyadır.

Hurriyyet.org
Geri qayıt