Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb
AZAL-ın təyyarələri Qarabağ səmasında ilk dəfə radioçağırış siqnalları alıb26-07-2021, 15:49 |
Uzunmüddətli fasilədən sonra Qarabağ səmasında milli naviqasiya sistemlərinin radioçağırış siqnalları yenidən ötürülür. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, bu siqnalları ilk dəfə milli aviadaşıyıcının təyyarələri qəbul edib. İndi azad edilmiş ərazilər üzərində uçan bütün hava gəmiləri Füzuli beynəlxalq hava limanında quraşdırılan VOR/DME yerüstü naviqasiya sistemindən çağırış siqnalı ala bilər. Bu radioçağırış siqnallarını qeydiyyata alaraq Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı (EUROCONTROL) təsdiq edib. Prezident İlham Əliyevin tapşırığına əsasən, hava gəmilərinin uçuşlarının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına uyğun olaraq aeronaviqasiya təminatı məqsədilə Füzulidəki beynəlxalq hava limanında radiotexniki avadanlığın fəal tətbiqi həyata keçirilir. Radiolokasiya kompleksinin, alətlər üzrə enmə sisteminin quraşdırılması davam etdirilir, həmçinin aviasiya-meteoroloji təminat sistemlərinin yerləşdirilməsi başa çatdırılıb. Azərbaycan ICAO-nun üzvüdür və Beynəlxalq mülki aviasiya haqqında konvensiyaya uyğun olaraq (həmçinin “Çikaqo Konvensiyası” kimi tanınır) beynəlxalq aeronaviqasiya sahəsində dövlət öhdəliklərinin yerinə yetirilməsini təmin edir. Mülki aviasiya üçün əsas olan Konvensiya dövlətin öz ərazisinin hava məkanı üzərində suverenliyini, habelə bu sənədin tələblərinə uyğun olaraq hər bir ölkə qarşısında hava məkanında beynəlxalq aeronaviqasiyanı təmin etmək öhdəliklərini müəyyən edir. Azərbaycanın hava məkanında aeronaviqasiya xidmətini təmin etmək üçün Azərbaycanın uçuş məlumatları sahəsinin (UMS) sərhədləri ICAO Şurası tərəfindən müəyyən edilərək təsdiq olunmuşdur və ölkəmizin suveren sərhədlərinə tam uyğundur."Report" Geri qayıt |