Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > FHN Şamaxıda media-tur təşkil edilib.-FOTO

FHN Şamaxıda media-tur təşkil edilib.-FOTO


2-07-2019, 22:07
 Fövqəladə Hallar Nazirliyi fevralın 5-6-da baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı Şamaxıda jurnalistlər üçün media-tur təşkil edib.
Şəffaflıq.az  xəbər verir ki, nazirliyin zəlzələ bölgəsi üzrə qərargahının rəisi Həsən Qasımzadə mövcud vəziyyətlə bağlı media nümayəndələrinə ətraflı məlumat verib.
Jurnalistlər tikintisi başa çatan, hazırda tikilən və inşasına yeni başlanan fərdi və ictimai yaşayış binalarında olublar.
Bildirilib ki, təbii fəlakətdən dərhal sonra Prezident İlham Əliyevin Şamaxıya gəlişi, mövcud vəziyyətlə yerindəcə tanış olması, sakinlərə dəyən zərərin qısa müddətdə aradan qaldırılması ilə əlaqədar bağlı konkret tapşırıqları artıq öz nəticəsini göstərib. Rayonda sakinlərə dəyən ziyanla əlaqədar 5985 müraciət daxil olub. Bu müraciətlərin 5974-nə baxılıb.
Baxış keçirilən evlərin 2699-u şəhərdə, 448-i qəsəbədə, 2827-si isə kəndlərdədir. Müəyyən edilib ki, evlərdən 358-i kəskin qəzalı vəziyyətdədir. Bundan başqa, 1358 evdə bərpa-gücləndirmə işlərinə ehtiyac var. Evlərin 2360-ı isə təmirə ehtiyacı olanlardır. Şəhər üzrə 57, qəsəbələrdə 17, kəndlərdə 59 olmaqla ümumilikdə 133 evdə tikinti və söküntü işləri aparılıb. Üç ev inşa edilib, 129 evin tikintisi davam etdirilir. Dörd evdə isə söküntü işləri aparılır. Habelə 15 evdə bərpa işləri yekunlaşıb, 60 evdə isə davam etdirilir. Doqquz evin təmiri başa çatıb, beş evdə təmir işləri görülür.
Diqqətə çatdırılıb ki, zəlzələdən sonra kəskin qəzalı vəziyyətdə olan evlərə geoloqlar tərəfindən də baxış keçirilib. Bəzi evlər sürüşmə zonasında olduğu üçün yenidən sökülüb-tikilməsi məsləhət görülməyib. Bu cür evlərin sakinləri üçün rayon mərkəzində üç ictimai yaşayış binasının tikintisinə qərar verilib. Belə ki, hazırda ikigirişli, dördmərtəbəli, 44 mənzilli binada dəmir-beton işləri başa çatmaq üzrədir. Binanın sentyabrda istifadəyə verilməsi nəzərdə tutulub. Birgirişli, beşmərtəbəli, 20 mənzilli binanın isə tikintisi davam etdirilir. Daha bir ictimai yaşayış binasının – beş girişli, beşmərtəbəli, 115 mənzilli binada isə inşaat işlərinə başlanılıb.
Həsən Qasımzadə media nümayəndələrinə müsahibəsində zəlzələnin zərər vurduğu Şamaxı, İsmayıllı və Ağsu rayonlarında ümumilikdə görülən işlər barədə məlumat verib. Qeyd edib ki, üç rayon üzrə 10 min 137 müraciət daxil olub ki, onlardan 10 min 87-nə baxılıb. Komissiya tərəfindən bu evlərdən 830-u qəzalı, 2190-ı isə bərpa-gücləndirməyə ehtiyacı olan yaşayış binaları hesab edilib. İndiyədək 120 evin inşası başa çatıb, 112 evdə isə tamamlama işləri aparılır.

Davud Tarverdiyev
Şəffaflıq.az

Geri qayıt