Əsas Səhifə > Gündəm / Cəmiyyət > Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Şuşaya gedib.
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Şuşaya gedib.11-07-2021, 21:56 |
Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Şuşaya gedib. Şəkillərinə baxdıq. Hətta Prezidentin köməkçisi Hikmət Hacıyev Türkiyə səfiri ilə təzə bişmiş isti çörəyi paylaşdı. Şuşa çörəyini. Bu da çox rəmzi məna daşıyırdı...Amma səfər şəkilləri bu cür rəngli görüntüləri əks etdirmir sadəcə. Diplomatlar yolüstü Füzulini də ziyarət edib. Olmaya, daha doğrusu, demək olar, son divarına qədər dağıdılmış Füzuli şəhərini. Ordan Şuşaya keçiblər. Orda da işğalçıların törətmiş olduqları vəhşiliyin, vandalizmin şahidi olublar. Bu vandalizm aktları 30 il ərzində törədilib. Dünyanın, daha doğrusu, dünya siyasətini idarə edənlərin gözləri qarşısında. Çünki başqa ölkələrin diplomatları deyil, ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Amerika Birləşmiş Ştatlarının, Rusiya Federasiyasının və Fransa Respublikasının "münaqişənin nizamlanması ilə məşğul olan" xüsusi səfirləri işğalda olan ərazilərə gedə bilirdi. Dağıntıları da onlara göstərirdilər, ya göstərmirdilər - başqa məsələ. Bir də ATƏT-in fəaliyyətdə olan sədrinin fəaliyyətsiz köməkçisi Anjey Kasprşik vardı. Polşa əsilli bu diplomat guya monitorinq missiyasını həyata keçirirdi. İndi məlum olur ki, gördüyü, görə bildiyi hər şeyi dünyadan bu səfir Kasprşik və onun komandası gizlədirdi.Mediada diplomatların Şuşaya bu dəfəki səfəri haqqında məlumatlarda və şərhlərdə deyildi ki, məhz ABŞ-ın, Rusiyanın və Fransanın - ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin səfirləri Şuşaya getməkdən imtna ediblər. Yəni faktik olaraq boykot ediblər. Bir baxımdan buna təbii yanaşmaq lazımdır; onlar onillər ərzində gəlib gedirdilər və yaxşı bilirdilər ki, bir bayatıda deyildiyi kimi, Qarabağda talan var. Ancaq bu "böyük üçlü" həm də münaqişənin hələ başa çatmadığını iddia edir, ona görə də səfirlərini ora göndərməklə münaqişənin bitdiyi haqda Azərbaycanın versiyasını dəstəkləmiş olmaqdan çəkiniblər. Əgər xatırlayırsınızsa, MQ nəinki öz ritorikasında işğala son qoyulmasından, ya heç olamasa, münaqişənin həllindən danışırdı, əksinə "münaqişənin nizama salınması" kimi özlərinə sərfəli söz kombinasiyasından istifadə edirdilər. "İşğala son qoyulsun" desəydilər (ki, ən doğrusu da bu olardı), o zaman işğalçını adı - ünvanı ilə göstərməli idilər. Etmədilər, etməzdilər də. Münaqişənin həll olunmasından danışmadılar, çünki həll variantı mütləq şəkildə münaqişəni törədən səbəblər - Ermənistanın haqsız ərazi iddiaları və Qarabağda olan separatçılıq kökündən rədd edilməli və aradan qaldırılmalı idi. Nizama salmaq belə bir şey idi ki, bu gün elə bir variant deyərsən, tərəfin biri qəbul etməz, sabah başqa bir şey deyərsən, o birisinə uyğun olmaz... Bu minvalla zaman axıb gedər, illər, onillər gəlib keçər, sən nizamlama prosesində öz maraqlarını yeridərsən. Amma, baxın, 44 günlük savaşda Azərbaycan ordusu bu mizanı, bu "nizam"ı pozub atdı. Və ATƏT MQ çətiri altında spekulyativ fikirlərə, manipulyativ bəyanlara yer qalmadı. Bu üzdən ABŞ, Fransa və Rusiya səfirləri Şuşada yox idilər; Şuşanın azad olunmasını və qısa müddətdə müasir şəhər mədəniyyətinə qovuşaraq yenidən mədəniyyət şəhərinə çevrilməsini həzm edə bilmədilər. Azərbaycanın Şuşaya möhtəşəm dönüşünü görməyə belə tab gətirməyəcək qədər... düşmüşlər. Ancaq dünya hər halda gördü. Bundan qabaq da xarici diplomatlar Füzulidə, Cəbrayılda, Qubadlıda, Laçında, Zəngilanda olublar. Hələ Kəlbəcərə getməyiblər. Yəqin ora da səfər olacaq. Ancaq bu dəfə Şuşadaydılar. Orda kimlər vardı? Avstriya, Belarus, Bolqarıstan, Braziliya, Çin, Əfqanıstan, Əlcəzair, Fələstin, Gürcüstan, Xorvatiya, İordaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kolumbiya, Koreya, Qətər, Latviya, Macarıstan, Malayziya, Meksika, Mərakeş, Niderland, Pakistan, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya, Yunanıstan səfirləri, Belçika, BƏƏ, Çili, Estoniya, İraq, İran, Qazaxıstan, Litva, Liviya, Rumıniya, Slovakiya, Sudan və Venesuelanın müvəqqəti işlər vəkilləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndələri. Bu arada Böyük Britaniyanın səfiri də səfərdə yox imiş. Yəni BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən 4-ü Şuşada yoxdu. Yalnız Çin vardı. Ancaq Böyük Britaniya 44 günlük müharibədə Azərbaycana mənəvi dəstək oldu, onu da unutmuruq. Avropa dövlətləri də var bu sırada (o cümlədən, Avropa İttifaqının üzvləri olanlar), Asiyadan da, Afrikadan da, Cənubi Amerikadan da. Öz səfirlərini Şuşaya göndərib Azərbaycanın qələbə sevincini bölüşən və dağıdılmış tarix-mədəni sərvəti üçün üzülən dövlətlərə Azərbaycan xalqının etibarı və ehtiramı daha da artdımı?! Təbii ki, artdı. Səfərdə iştirak etməyənlərin cəmiyyətimizin nəzərində nüfuzu aşağı düşdümü?! Əlbəttə, düşdü. Müasir diplomatiya təkcə hökumətlərlə işləmək deyil ki! Həm də və əslində daha çox cəmiyyətlərlə işləməkdir. Səfərdə təmsil olunmayan başqa dövlətlər də var. Məsələn, Almaniya kimi. Amma ABŞ, Fransa və Rusiya kimi bizim üçün artıq keçmiş həmsədrlərin yoxluğu bir başqa anlam daşıyırdı. Daha doğrusu, anlamsızlıq... Ermənilərdənmi... qorxdular, ya necə?! Geri qayıt |