Əsas Səhifə > SƏHİYYƏ > Sanatoriyalarda nöqsanlar aşkarlandı

Sanatoriyalarda nöqsanlar aşkarlandı


29-06-2021, 12:36

 

Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığı, həmçinin tibbi sənədləşmənin aparılmasında bəzi nöqsanlar aşkar edilib.

Bu barədə Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova sanator tibb müəssisələrində keçirilən monitorinqlər barədə məlumat verərkən deyib.
 
O bildirib ki, ümumilikdə Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3 vərəm, digərləri somatik tipli sanatoriyalardır:

“Monitorinqlər zamanı nöqsanlar aşkarlanan müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda aparılmış monitorinqlərin nəticələri Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcək. Qeyd etmək istəyirəm ki, əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxş olub.

Nəzərinizə çatdırım ki, Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir, məsələn Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər.

Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anemiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Valideynlərin nəzərinə çatdırmaq istərdim ki, xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər.

- 7 nömrəli Uşaq Nevroloji Sanatoriyası
- 3 saylı Uşaq Vərəm Sanatoriyası
- 5 saylı Uşaq Vərəm Sanatoriyası
- 4 nömrəli Uşaq Somatik Sanatoriyası
- 1 nömrəli Uşaq Somatik Sanatoriyası
- 6 nömrəli Uşaq Somatik Sanatoriyası
- 5 nömrəli Uşaq Somatik Sanatoriyası
- 3 nömrəli Uşaq Somatik Sanatoriyası
- Respublika Uşaq Sanatoriyası
- Sanator-Kurort Reabilitasiya Mərkəzi
- Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm Sanatoriyası”.


Şəffaflıq.az

Geri qayıt