Əsas Səhifə > Gündəm / Cəmiyyət > İsmayıllıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi

İsmayıllıda Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirildi


26-06-2021, 18:42

 

İyunun 26-da İsmayıllı rayonunda Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümü ilə əlaqədar xüsusi karantin qaydalarına riayət olunmaqla Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Millət vəkili Novruzəli Aslanov, Hüquq mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik konsepsiyasını və ordu quruculuğunu inamla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi hərtərəfli düşünülmüş müdrik dövlət siyasəti və səriştəli idarəçiliyi, zabitlərimizin, əsgərlərimizin qəhrəmanlığı sayəsində əzəli torpaqlarımızın işğaldan azad edilərək, Silahlı Qüvvələrimizin 103-cü ildönümünün ölkəmizin hər bir diyarında üçrəngli bayrağımızın dalğalanması sevinci və təntənəsi ilə qeyd edildiyini bildirib. 

O, qeyd edib ki, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa etdi. Torpaqlarımız düşmən tapdağından azad edildi. 30 illik həsrət sona çatdı və biz o torpaqlara qayıtdıq. Təbii ki, bu yolda vətən üçün canından keçən şəhidlərimiz də oldu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, bildirmək istəyirəm ki, onların bizə əmanət qoyduqları ailə üzvləri hər zaman dövlətin diqqətindədir. 

Millət vəkili Novruzəli Aslanov vurğulayıb ki, bu tarixi qələbənin əldə edilməsində İsmayıllı rayonunun qəhrəman oğullarının da misilsiz əməyi var. Yaşadığımız bu sevincli günlər üçün şəhidlərimizə, qazilərimizə və bütün döyüşçülərimizə borcluyuq. Onlar tərəddüd etmədən canlarını fəda edərək erməni vandallarının zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərin, şəhidlərimizin qisasını aldılar. 

Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədli şəhid valideyinləri adından çıxış edərək, xalqımıza qələbə sevincini yaşadan oğullarımızın qəhrəmanlığını qiymətləndirərək orden və medallarla təltif edən Prezident İlham Əliyevə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirib. 

Polkovnik leytenant Anar Mirzəyev, Vətən müharibəsi qazisi mayor Həşim Həşimov, I Qarabağ müharibəsi veteranı ehtiyatda olan polkovnik leytenant Eynulla Bağırov öz çıxışlarında azərbaycanlı olmaqları ilə və ordumuzla qürur duyduqlarını bildiriblər. Azərbaycan xalqının qeyrətli oğullarının müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda mübarizə apardığını bildiriblər. Bu qəhrəmanlığın Azərbaycanın hərb tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd ediblər. Vətən torpağı üçün canını fəda edən qəhrəman şəhidlərlə qürur duyduqlarını, bundan sonra da övladlarını və gənc nəsli Vətənə məhəbbət və sədaqət ruhunda böyüdəcəklərini vurğulayıblar. 

Mərasimdə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təltif edilmiş Vətən müharibəsində qəhrəmanlıqla döyüşmüş hərbi qulluqçulara, qazilərə, şəhid ailələrinin üzvlərinə müxtəlif orden və medallar təqdim edilib. Sonda tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkilib.














 

Vahid İsmayılov,
Yanoş Məhərrəmov
Şəffaflıq.az
Geri qayıt