Əsas Səhifə > Dünya / Maraqlı > Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır

Milyarder payızda bütün dünyanı ucuz internetlə təmin etməyə hazırlaşır


25-06-2021, 11:42
 

İlon Mask texnologiya sahəsində bir çox yeniliklərə imza atmaqda maraqlıdır. Amerikalı milyarder hələ pandemiyadan əvvəl bütün dünyanı internetlə təmin etmək istəyindən danışmışdı


Mask hətta bunun insanlar üçün, demək olar, pulsuz başa gələcəyini demişdi. Hər halda, pullu olacağı halda kiçik məbləğlərdən söhbət gedəcək. Dünyanın ən varlı adamlarından biri 2021-ci ilin payızında istəyinə çatmağı qarşısına hədəf qoyub.

Şəffaflıq.az xəbər verir ki, amerikalı milyarder sentyabrda bütün dünyanı internetlə təmin edə biləcəyini bildirib. “Starlink” şirkəti payıza qədər məsələnin öhdəsindən gəlmək üçün çalışır. Maskın bu işlə məşğul olan digər şirkəti “SpaceX”ın prezidenti Qvinn Şotvel hədəfə çatacaqlarına əmindir.

“1800 peyki uğurla mənzil başına göndərmişik. Bütün peyklər özünün işçi orbitinə yetişəndən sonra fasiləsiz olaraq qlobal miqyasda əraziləri əhatə etməyə başlayacaqlar”.

Top-menecer deyib ki, müxtəlif ölkələrlə telekommunikasiya xidməti göstərmək üçün razılığa gəlmək lazımdır. Peyklərin sayı da 12 minə çatmalıdır. Layihə Maska 10 milyard dollara başa gəlir. “Starlink” hələlik test rejimində 11 ölkədə xidmətlər göstərir. Payıza qədər ölkələrin sayı xeyli artmalıdır.

Mask bu işə iki il əvvəl başlamışdı. Debüt peyklər 2019-cu ilin mayında yola çıxmışdı.

“Starlink” bir müddət əvvəl təyyarə sərnişinlərinə sürətli internet təklif etmişdi. Şirkətin kommersiya satışı üzrə vitse-prezidenti Conatan Hofeller yaxşı xidmət göstərməyə hazır olduqlarını demişdi. Onun sözlərinə görə, son hazırlıq mərhələsindədirlər. Tezliklə “Starlink” təyyarələrdə yaxşı xidmət irəli sürə biləcək.

İndi “Starlink” 29-cu missiyaya hazırlaşır. İyulda kosmosa daha 60 peyk göndəriləcək. İlk dəfə işçi orbit 570 kilometr yüksəklikdə olacaq.

Maskın ideyasını tənqid edənlər də az deyil. “Starlink”in peykləri çox da yüksəkdə yerləşmir. Astronomlar bunun problemlər yaradacağını düşünür. Onlar astronomik müşahidələr zamanı müəyyən qaçmaların olacağını proqnozlaşdırır. Burada “Starlink”in peyklərinin parlaq olması da nəzərə alınır.

Geri qayıt