Əsas Səhifə > ELM VƏ TƏHSİL > Azərbaycanda son 16 ildə məzunların sayı 40 mindən çox azalıb
Azərbaycanda son 16 ildə məzunların sayı 40 mindən çox azalıb23-06-2021, 23:11 |
2020-ci ildə ümumtəhsil müəssisələrinin 79 842 məzunu olub. Şəffaflıq.az xəbər verir ki, son 16 ildə məzunların sayı 43 266 nəfər azalıb. Bu meyil artıq bir neçə ildir ki, müşahidə olunur. Son 16 ildə məzunların sayı 35.14 % azalıb. Bu, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edənlərin sayında da özünü göstərir. 2019-cu illə müqayisədə məzunların sayı 189 nəfər azalıb. “Keçən ili nəzərə almasaq, son illər sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı azalmayıb, əksinə artıb. 2020-ci ildə isə sənəd verənlərin tərkibində cari ilin məzunlarının payı ötən ilə nisbətən təxminən 7 % azalsa da, məzunların mütləq sayı artıb. Belə ki, keçənilki məzunlar həmin ildə sənəd verənlərin 80.52 %-ni (65 473 nəfər) təşkil edib, lakin ötən illə müqayisədə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən cari ilin məzunlarının sayı 4 217 nəfər artıb. Bunun da əsas səbəbi 2020-ci ildə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə verən abituriyentlərin içərisində əvvəlki illərin məzunlarının sayının kəskin şəkildə artmasıdır. Nəticədə, ərizə verən abituriyentlərin içərisində cari il məzunlarının payı ötən illə müqayisədə azalıb. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının payı 55.63 %, 2011-ci ildə 58.39 %, 2012-ci ildə 58.84 %, 2013-cü ildə 60.66 %, 2014-cü ildə 64.05 %, 2015-ci ildə 66.04 %, 2016-cı ildə 68.31 %, 2017-ci ildə 75.83 %, 2018-ci ildə 77.86 % və 2019-cu ildə 87.54 % olub. Göründüyü kimi, 2010-cu ildən etibarən sənəd verənlərin arasında əvvəlki illərin məzunlarının payı, əsasən, getdikcə azalıb, cari illərin məzunlarının payı isə artıb. Bunun əsas səbəbi hər il ali təhsil müəssisələrinə qəbul üçün ayrılan plan yerlərinin ciddi şəkildə artırılması və nəticədə qəbul olanların sayı artdıqca, növbəti il üçün əvvəlki illərin məzunları arasında qalığın, yəni qəbul olmayanların azalmasıdır”, - Dövlət İmtahan Mərkəzindən bildirilib. Geri qayıt |