Əsas Səhifə > Mədəniyyət > Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı

Dar günün adamları: Xalqın şairi də, aktyoru da belə olmalıydı


23-06-2021, 20:03
 

Tanınmış iki şəxsin haqqındakı bu hekayəni yəqin çoxları eşidib. Amma eşidiblərsə də yarımçıq eşidiblər. Söhbət Xalq şairi Bəxtiyar Vahabzadə və Xalq artisti Həsənağa Salayev arasında olmuş o insanlıq dərsi barədədir. Bu hadisəni tanınmış aktyor və diktor Şəmistan Əlizamanlıya Bəxtiyar Vahabzadə özü nəql edib. Sosial şəbəkədə bu barədə paylaşımımı görən Şəmistan Əlizamanlı isə mənə zəng edib hadisəni təfərrüatı ilə danışdı. Düzü, dinləyrəkən çox kövrəldim, hadisənin sonluğu isə tüklərimi ürpətdi. İstəmədim Azərbaycan mədəniyyətinin iki günəşinin bu hekayəsi itib-batsın. Bu nəhənglərin dünyasıdır, siz də tanış olun:

Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyi təntənə ilə qeyd olunduğu 60-cı illərdə Bəxtiyar Vahabzadə "Gülüstan" poemasını yazır və poema Şəki rayon qəzetində çap edilir. Bu poemaya görə şairin başı çox ağrıyır. Qəzetin əməkdaşlarını cəzalandırdılar, Bəxtiyar Vahabzadəni ev dustağı etdilər.
Uşaqlar balaca, hamısı məktəbli, yarıac yaşayırlar. Və birdən qəribə bir iş baş verir. Gündə bir dəfə ərzaqla dolu bir zənbil qapı dalında peyda olur. Bu hal uzun müddət davam edir. Qapının zəngi çalınır, ev sahibi çölə çıxır, zənbili götürür, içəri salır. Kimdir bu adam? Heç cur bilə bilmirlər. Bəxtiyar müəllim anlayır ki, bu ərzaq dolu zənbil hər həftənin dördüncü günü gətirilir, qapını güdür, görür 14 yaşlarında bir uşaqdır. Uşağı tutsa da, oğlan sıyrılıb şairin əlindən qaçır və heç bir məlumat vermir.
Bir müddət sonra ara sakitləşir. Bəxtiyar müəllim işinə bərpa olur, vəziyyəti yaxşılaşır. Qapıya gələn zənbil də daha yoxa çıxır. Dar günündə ona kömək edən şəxsin kim olması Bəxtiyar Vahabzadəni həmişə düşündürür, axtarır, lakin o gizli xeyirxahı tapa bilmir. Bir gün Dram Teatrında şairin əsərlərindən biri tamaşaya qoyulur. Məşqlər zamanı Bəxtiyar Vahabzadə bu barədə aktyorlara danışır və həmin şəxsi axtardığını deyir. Xalq artisti Kamal Xudaverdiyev deyir ki, Bəxtiyar müəllimə kömək edənin kim olduğunu bilir. Bəxtiyar Vahabzadə heyrətlənir. Kamal Xudaverdiyev bildirir ki, bu adam hazırda ağır yataq xəstəsi olan Xalq artisti Həsənağa Salayevdir. Salayevin xəstə yatmasından bixəbər olan Bəxtiyar Vahabzadə çox mütəəssir olur və elə ertəsi gün aktyorun qapısını döyür. Həmin ərəfələrdə Həsənağa Salayev çox ağır iflic keçirib yatağa bağlı yaşayırmış. Şairin gəlişi onu ağladır. Bəxtiyar Vahabzadə söhbətdən sonra evdən çıxarkən bir zərfin arasında aktyora kömək üçün xeyli miqdarda pul qoyur. O zaman üçün heç də az sayılmayacaq miqdarda çox. Salayev pulu qəbul eləmək istəməsə də, Vahabzadə təkid edir. Bu hadisədən az sonra Həsənağa Salayev rəhmətə gedir. Aktyorun ölümündən bir neçə gün sonra onun xanımı Bəxtiyar Vahabzadəyə zəng edir və onlara gəlməsini xahiş edir.
Xanım şairə bildirir ki, Həsənağa mənə vəsiyyət etdi ki, öləndən sonra o pulu geri qaytarım. “Mən həyat yoldaşımın son vəsiyyətini yerə sala bilmərəm” deyib pul dolu zərfi Bəxtiyar Vahabzadəyə geri verir. Bəxtiyar müəllim hər nə qədər səy göstərsə də , ailə başçısının xəstəliyindən sonra çətin vəziyyətə düşən ailə pulu geri almır.
Bəxtiyar Vahabzadə bu hadisəni ömrünün sonlarına qədər göz yaşları içərisində xatırlayırmış.

Geri qayıt