Əsas Səhifə > ELM VƏ TƏHSİL > Şamaxı rayonunda öz peşəsi ilə fəxr edən müəllimin fəaliyyəti və arzuları

Şamaxı rayonunda öz peşəsi ilə fəxr edən müəllimin fəaliyyəti və arzuları


21-06-2021, 10:30

 

Mən Ağayev Bariz Məhərrəm oğlu 29 mart 1959-cu ildə Azərbaycan Respublikasının ən gözəl dilbər guşələrindən olan Şamaxı rayonu, Məlikçobanlı kəndində anadan olmuşam. 1966-cı ilin sentyabrında Məlikçobanlı kənd səkkiz illik natamam orta məktəbində ibtidai təhsilə başlamış, 1974-cü ildə həmin natamam orta məktəbini bitirmişəm.

1974-cü ildə mən Çarhan kənd orta məktəbin 9-cu sinfinə getmiş, 1976-cı ildə orta təhsilimi başa vurmuşam. Elə həmin ildə sənədlərimi Bakı Dövlət Universitetinin tarix fakultəsinə təqdim etsəm də qəbul ola bilməmişəm. 1978-1980-cı illərdə hərbi xidmətdə olmuşam. Hərbi xidmətdə olarkən mən partiya sıralarına daxil olmuşam. 1981-ci ildə mən BDU-nun tarix fakultəsinə qəbul olmuş, 1987-ci ildə həmin fakultəni bitirmişəm.

1984-cü ildən başlayaraq Məlikçobanlı kənd orta məktəbində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışam. İşlədiyim müddətdə dərs dediyim şagirdlərin bir çoxu Respublikamızın müxtəlif Ali Məktəblərinin tələbələri və məzunları olmuşlar.

Mən öz peşəmi çox sevirəm. Müəllim adı çox böyükdür. Hətta, Ümummilli Liderimiz Cənab Heydər Əliyev də “müəllim peşəsindən ən ali, ən uca ad tanımıram” demişdir. Bu gün ölkəmizin çiçəkləndiyi bir vaxtda təhsilimiz daha da inkişaf etməkdədir. Ölkəmiz qlobal pandemiya şəraitində onlayn dərs sisteminə keçib. Mən də öz şagirdlərimə onlayn üsulla dərs keçirəm. Etdiyim tədris müddətində öz bilik və bacarıqlarımın şagirdlərimə ötürülməsində səylə fədakarlıq göstərirəm.

Xüsusi vurğulayıram ki, ölkəmizin prezidenti Cənab İlham Əliyev təhsilə həmişə böyük önəm verir. Onu da qeyd edim ki, Cənab Prezident dərs dediyim kənddə yeni yaraşıqlı bir məktəb binası tikdirmişdir.

Birinci Vitse-Prezidentimiz Mehriban xanım Əliyeva həmin məktəbin açılışında iştirak etmiş və bizim üzərimizə böyük vəzifələr qoymuşdur. Biz həmişə çalışacağıq ki, ölkəmizin prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın bizə göstərdiyi etimadı doğruldaq.

Biz müəllimlər fəxrlə bildiririk ki, ötən ilin payızında ölkəmizin ərazisi cənab Prezident İlham Əliyevin rəhbərliyi sayəsində düşmən tapdağından azad edildi və bu tarixi hadisə tədris etdiyim tarix fənni dərsliyinə ayrıca bölmə kimi daxil edilməlidir və ediləcək. Həmin dərslikdə bütün hadisələr və faktlar aydın şərh edilməklə etiraf etməliyik ki, 30 il ATƏT-in Minsk qrupunun, BMT-nin görə bilmədiyi işi ulu öndərimiz Heydər Əliyev məktəbinin davamçısı cənab İlham Əliyev 44 gün ərzində parlaq qələbə ilə sona çatdırdı. Onun “Dəmir Yumruq” siyasəti düşmənin başına elə bir zərbə vurdu ki, düşmən bu zərbənin təsirindən hələ çox illər ayılmayacaq.

Tarix dərsliyində dəfələrlə vurğulanmalıdır ki, Azərbaycanda torpaqlarımızın azad edilməsi uğrunda aparılmış uğurlu fəaliyyətin nəticəsi odur ki, Prezidentimiz Cənab İlham Əliyevin parlaq siyasəti qalib gəldi. Çünki onun apardığı siyasət haqqa söykənirdi.

Uca yaradan, Allah həmişə haqqın tərəfindədir. Allah həmişə dövlətimizi, dövlətçiliyimizi və xalqımızı qorusun!

Odur ki, tezliklə tarix dərsliyimizə daxil ediləcək həmin bölməni çox böyük həvəslə tədris etmək arzusundayam.  

Biz müəllimlər ordusu prezidentimizin apardığı uğurlu daxili və xarici siyasəti bəyənir və hamılıqla onun ətrafında birləşdiyimizi bəyan edirik.

Şamaxı rayonu, Məlikçobanlı kənd tam orta məktəbinin tarix müəllimi:  Ağayev Bariz Məhərrəm oğlu
Şəffaflıq.az

Geri qayıt