Əsas Səhifə > İdman > Asan görünən çətin yollar
Asan görünən çətin yollar4-06-2021, 11:42 |
|
Haqqında danışacağım adamla onun iş otağında görüşdük. Əslində onun təqdimata ehtiyacı yoxdur. Azı ona görə ki, gəncliyindəməşhur bir idmançı kimi, məşqçilik fəaliyyətindəkifayət qədər yetirdiyi məşhur idmançılar sayəsində, hazırda isə işinin bilicisi, nəhayət müdrik bir insan kimi hamı onu yaxşı tanıyır. Amma həmişə olduğu kimi təqdim etmək məntiqi köməyə çatır.Axı o, sözün əsl mənasında böyük insandır. Tanışlarının dediyi kimi o, həyatda çox adamlara çörək verib, çoxlarını ayağa qaldırıb. Ancaq onun haqqında onu deyə bilərəm ki, özünün dediyi kimi “bütün ömrü güləş xalçasında, məşq salonlarında, yarış meydançalarında keçib”. Nəhayət onun idman sahəsinsə göstərdiyi nəticəyə gəldikdə isə bir faktı diqqətinizə çatdırmaq məncə kifayət edər. Söhbət 1959-1970-ci illərdə sərbəst güləş üzrə SSRİ, Avropa və Dünya çempionatlarında fantastik nəticələr göstərən, güləşi Qlinkanın, Şestankoviçin, Bethovenin əsərləri ilə müqayisə edilən, 10 qat SSRİ, 5 qat dünya çempionu məşhur güləşçi Ə.Əliyevi onun doğma şəhəri Maxaçkalada məğlub etmiş həmyerlimiz Məmmədov Yaqub Əkbər oğlundan gedir. Yaqub müəllim 1966-1972-ci illərdə əvvəlcə gənclərdən ibarət, sonra böyüklərdən ibarət sərbəst güləş üzrə SSRİ yığma komandasının üzvü olub. 1966-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub, 1971-ci ildə təhsilini başa vurub. Həmin ildən (1974-cü ildən) də məşqçilik fəaliyyətinə başlayıb. Məqşçilik fəaliyyəti uğurlu və məhsuldar keçib. Yetişdirmələri müxtəlif mötəbər yarışlarda 160-dan çox qızıl, gümüş və bürünc medallar qazanmışlar. O, 1984-cü ildə Azərbaycan Respublikası “Ali Sovetinin Fəxri Fərmanı” ilə təltif edilib. Bunu xüsusi ilə qeyd etmək lazımdır ki,Yaqub müəllimin məşqçilik fəaliyyətində ən məhsuldar il 2000-ci il olub. O, XXVII Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə görə 18 oktyabr 2000-ci ldə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə “Şöhrət” ordeni ilə mükafatlandırılmışdır və bundan həmişə böyük şərəf duyur. Yaqub müəllim SSRİ çempionatının gümüş mükafatçısı, gənclər arasında SSRİ çempionu, SSRİ Beynəlxalq Dərəcəli İdman Ustası, Azərbaycan Respublikasının Əməkdar Məşqçisi, Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Azərbaycan Respublikasının Güləş Federasiyasının idman şöbəsinin müdiridir.
Bu günün adi mənzərəsi
Mən onunla 10-15 dəqiqəlik ümumi söhbətdən sonra artıq hiss etdim ki, gəlişimin məqsədini açıqlamaq vaxtıdır. Yaqub müəllim də bunu hiss edirmiş kimi diqqətini mənə cəmlədi. - Yaqub müəllim - dedim - mən “Güləşçinin texniki hazırlığında əks fəndlər” mövzusunda bir yazı yazmaq istəyirəm. Təcrübəli bir mütəxəssis kimi sizin fikriniz mənim üçün çox önəmlidir. Bu barədə nə deyə bilərsiniz? Müsahibim gözlənilmədən söhbətin başqa məcarayə yönəldiyini görüb özünəməxsus ciddi şəkil aldı. Bu an mən belə fikirləşdim ki, yox, mən belə fikirləşmədim, bunu belə etmək lazım idi, yaxşı olar ki, o danışdıqca mən öz qeydlərimi edim. Belə də oldu. Yaqub müəllim çox rahatlıqla, çox da fikirləşmədən mövzuya keçid aldı. - Bilirsiniz, yaxşi güləşçi, əgər belə demək mümkünsə, uzun-uzadı, xüsusi ilə də yarış ərəfəsində, yalnız qələbə haqında düşünüb, özünü üzməməlidir. Mənim müəllimim belə deyərdi. Və hər dəfə də bu mövzuda söhbətdə dahi N.Gəncəvinin fəlsəfi fikrini nümunə göstərərdi. Yağdan qüvvət alıb yansa da çıraq, Çox olsa çırağı söndürəcək yağ, Duzla ağarsa da xörəyin üzü, Gərək qədərində tökülsün duzu.
Demək istəyirəm ki, idmançıda mübarizədə həmişə üzücü qalib gəlmək narahatlığı onda məğlubiyyət qorxusuda yaşada da bilər. Birdə məşqçim deyərdi ki, görüş zamanı ən kritik anda idmançıya ağıldan tez instinkt kömək edir. Görüş zamanı 2-3 saniyəlik anda ağıla müraciət etməyə vaxt çatmadıqda, yalnız insan hissiyatına və şüura hesablanan gözlənilməz sürətli reaksiya baş verənlərə qarşı düzgün və lazımı cavab verir. Yəni onu demək istəyirəm ki, qələbənin rəhni yalnız fiziki güc və texniki fəndlərin mükəmməl bilməklə bitmir, həm də görüş zamanı müxtəlif vəziyyətlərdə rəqibin işlədəcəyi hər hansı bir fəndi həmin anda hiss edib, onu vaxtında qarşılamaq bacarığı güləşçi üçün vacib keyfiyyətlərdən sayılır. Bunun üçün məşqçi təbiəti dərk edib, onun bir hissəsi olan insanı öyrənməli və yetirmələrini öyrətməlidir. Yazmaq istədiyiniz mövzuya gəldikdə isə “Güləşçinin texniki hazırlığında əks fəndlər” mövzusunun gənc məşqçi - müəllimlərə metodiki tövsiyələr şəklində verilməsi əlbətdə təqdirəlayiqdir. Onu da qeyd etmək istərdim ki, neçə illərdi ki,təcrübənizdən yararlanaraq müxtəlif qəzetlərdə yazdığınız, müxtəlif mövzularda maraqlı yazılarınız mən deyərdim ki, həmişə aktualdır.Bütün bunlara məşqçilərinmizin və idmançılarımızın böyük ehtiyacı var. Bunun üçün çox sağ olun. Lakin biz istərdik ki, bu sahədə çalışan idman mütəxəssislərimiz, alimlərimiz güləşin nəzəriyyəsi və metodikası barəsində yenilikləri qəzetlərdə tez-tez işıqlandırsınlar. Məşqçilərimiz belə yazılardan çox bəhrələnə bilərlər. Axı bizdə bu sahədə məşqçilər üçün kitablar, proqramlar, metodiki vəsaitlər kifayət dərəcədə deyil. Əks fəndlərə gəldikdə isə, açığını deyim ki, ancaq əks fəndlər deyil, güləşçinin texniki hazırlığında nə varsa, mən deyərdim ki, daim güləş mütəxəssisləri tərəfindən ildə heç olmasa 1-2 dəfə geniş müzakirə edilməlidir. Bunu DGB-nın (Dünya Güləş Birliyinin) güləş qaydalarında edildiyi mütəmadi dəyişikliklər və güləş idman növünün dünyada durmadan sürətlə inkişafı tələb edir. Əlbətdə, hər dəfə qaydalarda edilən belə dəyişikliklər birinci növbədə güləşin texnika və taktikasına öz təsirini göstərir. Güləşin texnikası, güləşçinin texniki hazırlığı isə, əlbətdə, özlüyündə həddindən artıq mürəkkəb və çoxsahəlidir. Bura baza hərəkətləri (yeriş, qaçış, rəqs hərəkətləri, yerdəyişmələr, kordinasiya hərəkətləri, manevr etmələr, tutmalar, müvazinət hərəkətləri, müqavimət hərkərtləri, duruşlar, dayaqlı tullanmalar və s.). baza texnikası (fəndlər, müdafiələr, əks fəndlər), kombinasiyalı fəndlər (iki kombinasiyalı, üç kombinasiyalı, dörd kombinasiyalı və s.) daxildir.
Bildiyiniz kimi, idman məktəblərinin proqramında təməl hazırlığından başlayaraq fəndlər, müdafiələr kombinasiyalı fəndlər kimi, əks fəndlərə də saatlar verilmişdir. Bütün məşqlər də ona uyğun keçirilməlidir. Lakin, təəsüflər olsun ki, tədrisdə fəndlər, müdafiələr, kombinasiyalı fəndlərin öyrədilməsi ilə müqaisədə əks fəndlərin öyrədilməsi bir az kölgədə qalır. Bu əlbətdə düzgün deyil. Bilirsiz, güləş elə bir idman növüdür ki, tədrisdə başlıca və ikinci dərəcəli kimi heç nə olmamalıdır. Biz məşqçilərin bəzən ikinci dərəcəli kimi hesab edib üstündən vaz keçdiyimiz, əgər belə demək mümkünsə, hər hansı bir hərəkət və yaxud fənd sonra lazımı məqamda tələbələrimiz üçün böyük fəsadlar törədir. Bunun indi bir əks fənd haqqında danışacağım hekayətdə özünüz canlı şahidi olacaqsınız. Açığını deyim ki, mövzu məndə qəribə hisslər oyatdı, məni “yuxu kimi” yetmişinci illərə, əlli il bundan əvvəlki illərə qaytardı, uzun əlçatmaz maraqlı, serial bir yuxu kimi...
Burada Şəhriyarın üstad haqqında dediyi sözlərini xatırlamaq yerinə düşər:
Kaş geri dolana zamanın çərxi, Sən yenə müəllim üstad olasan, Bizdə həmin yaşda dəcəl uşaqlar. Onda biz qoymazdıq sən qocalasan.
50 il geriyə fəlsəfi bir baxış.
Bir an otağa tam sakitlik çökdü, az sonra Yaqub müəllim yenə öz söhbətini davam etdirdi: - 50 il bundan əvvəl biz bir qrup gənc İbrəhimpaşa müəllimin rəhbərliyi altında Azərbaycanın Milli komandasında məşq edirdik. Məşqlərimiz “Dinamo” İdman Cəmiyyətinin Güləş zalında keçirilirdi. Paşa müəllim (biz İbrəhimpaşa müəllimə Paşa müəllim deyə müraciət edirdik) çox dəyərli, müdrik bir insan idi. O, özünün, necə deyərlər, sözünün yerini bilən, bir şəxsiyyət idi. Bəlkə də, bu da onun bir idmançı xarakterindən irəli gəlirdi. O, çox təvəzükar, özü haqqında danışmağı sevməyən, işinə bağlı bir insan idi. Danılmaz faktdır ki, onun həm idmançı, həm də məqşçi kimi Azərbaycan güləş tarixində xüsusi yeri var.
Paşa müəllim dörd qat SSRİ çempionu, SSRİ-nin Əməkdar İdman Ustası və SSRİ-nin Əməkdar Məşqçisidir. O, idmançı karyerasını başa vurduqdan sonra ömrünün sonuna kimi Azərbaycan Milli komandasının baş məşqçisi işləmişdir. Onun məşqçilik fəaliyyətidə çox məhsuldar olmuşdur. Ona görə ki, Paşa müəllim işinin peşəkar ustası idi. O, güləşin praktiki tərəfini mükəmməl bildiyi kimi nəzəriyyəsini və metodikasını da mükəmməl bilirdi. Paşa müəllim daim öz üzərində çalışırdı. Məşqçilik dövründə çoxlu sayda SSRİ, Dünya çempionları və mükafatçıları, Olimpiya mükafatçısı yetirmişdir.
Söhbətimizin əvvəlində qeyd etdiyim kimi o vaxt biz bir qrup gənc Azərbaycan Milli komandasında məşq edirdik. İllər nə tez gəlib keçir, Ilahi. O vaxtdan əlli il keçib. Yadıma xalq şairi B.Vahabzadənin zaman, vaxt, illər, insanlar və talehlər haqqında yazdığı bir şeri düşdü: Sel kimi köprüyüb yel kimi əsən, İllər uçub gedir... yaman tələsir. İllərmi? Əslində bizik tələsən... Elə bilirik ki, zaman tələsir...
İllərə nə var ki, qocalırıq biz O, baxmır arzunun, qəlbin səsinə İllərə nə var ki... əməllərimiz Sığışmır özünün çərçivəsinə
İllərə nə var ki... ötür yel kimi, Doğulan doğulur, yox olan olur İllərə nə var ki... bu qoca dünya “Bir yandan boşalır, bir yandan dolur”
Yadıma gəlir ki, müxtəlif illərdə Milli komandada bizimlə M.İbrahimov, T.İbrahimov qardaşları, R.Hacıyev, mərhum O.Hüseynov, A.Əmirbəyov, N.Quliyev, Ç.Quliyev, S.Məmmədov, R.Tağıyev, F.Həsənov, T.Paşayev, N.Şıxıyev, Ş.Şıxıyev qardaşları, B.Mirzəliyev, Q.Məmmədyarov və bir çoxları.
O vaxt Paşa müəllimin əks fənd haqqında danışdığı söhbət indiki kimi yadımdadır. O, deyərdi ki, güləşdiyi vaxtda xüsusilədə1955-1960-cı illərdə SSRİ çempionatında mənim çıxış etdiyim 67 kq çəki dərəcəsində həmişə bir çox güclü pəhləvanlar, SSRİ, Avropa və Dünya çempionları və mükafatçıları mübarizə aparırdı. Bunlardan V.Sinyavski, Z.Salimulin (Ukraina), A.Bestayev (Moskva), S.Qabarayev (Gürcüstan), A.Koçoviç (Belarusiya), L.Kolesnik (Leninqrad) və başqaları. Bu idmançıların hər birinin özünəməxsus güləş üslubu, texnika və taktikası var idi. Onu da deyim ki, əgər Ukrayna güləşçiləri V.Sinyavski, Z.Salimulin və bu kimi güləşçilər o dövürdə əsasən parter vəziyyətində güclü sayılırdılarsa (yarış qaydalarında o vaxt məcburi parter var idi), onlardan fərqli olaraq A.Bestayev, A.Kolesnik ayaq üstə güləşməyə daha üstünlük verirdilər. Əsasən də bu güləşçilər yüksəklikdən atılan “vertioz” amplitudalı fəndləri daha çox sevirdilər. Xüsusi ilə də o dövrdə sərbəst güləşdə dəbdə olan “sarma”, fəndinin mahir ustası kimi A.Bestayev. Ümumiyyətlə Paşa müəllim hər dəfə məşhur güləşçilər haqında söhbət edəndə çox vaxt A.Bestayevin özünəməxsus fərdi cəhətlərini bizə nümunə göstərirdi. O, deyərdi ki, A.Bestayev yüksək dərəcədə texniki taktiki hazırlığa malik fiziki cəhətdən çox güclü, çevik, kordinasiyalı, rəqibin fikrini məqamında hiss etməyi bacaran, elastik bədənli, görüş ərzində əsasən hücuma meyilli bir güləşçi idi. O, görüş zamanı rəqibini çaş-baş salmaq üçün hər tərəfə müxtəlif manevrlər edir, rəqibinin tarazlığını pozub fənd işlətmək üçün onu səhv buraxmağa vadar etməyi bacarırdı. Paşa müəllim söhbət edərdi ki, qarşıdan SSRİ Xalqlarının I spartakiadası gəlirdi. Mən doqquz ay müddətində tanıdıqlarım bütün rəqiblərimə, xüsusiyyətlə A.Bestayevə və onun “sarma” fəndinə qarşı ciddi hazırlaşmalı idim.Nəhayət uzun axtarışdan sonra qərara gəldim ki, onun “tac” fəndinə qarşı müdafiə olunmaq yox, ona qarşı əks fənd hazırlamaq lazımdır. Əlbətdə, bu böyük risk idi. Azı ona görə ki, o boyca məndən hündür boylu və bədəncə məndən az da olsa, üstün cəhətlərə malik güləşçi idi. Lakin başqa yol yox idi. Paşa müəllim deyərdi: “Biz o yarışa xüsusi planla hazıraşmağa başladıq. Məşqlərə böyük həvəslə gəlirdik. Məşqlərimiz çox gərgin və maraqlı keçirdi. Spartakiadaya hələ xeyli vaxt qalmasına baxayaraq ilk günlərdən başlayaraq, demək olar ki, mən A.Bestayevin boyuna, bədən quruluşuna uyğun güləşçilərlə məşq edir, əsas da “sarma” fəndinin əks fəndini müxtəlif variantlarla bütün xırdalıqları ilə dönə-dönə təkmiləşdirirdim. Mənimlə məşq edənlər həmişə məni bu fəndlə atmağa cəhd edirdilər. Əlbətdə, çox vaxt mən özüm də bilərəkdən rəqiblərimə süni şərait yaradırdım ki, onlar qolumu tutub qıçını qıçıma sarısın, mənsə o vaxt sərbəst ayağımla bir addım ona tərəf addımlayıb, rəqibimi qucaqlayıb onu sinəmlə vuraraq tam arxaya əyilib üstümdən geri atırdım. Xüsusi ilə də yarış xarakterli məşqlərdə buna daha çox fikir verirdim. Düzgün planlı, məqsədyönlü və maraqlı məşqlər keçirildiyi üçün yarışın vaxtı yaxınlaşdıqca ümidlərim daha da artırdı. Mənə əsas ümid verən o idi ki, mənimlə məşq edən uşaqlara tam şərait yaratdığım halda, onlar məni bu fəndlə ata bilmirdilər. Və hər dəfə həmin şərait yarandıqda mən onları qabaqlayaraq əks fəndlə atırdım.
İkinci bir məsələ mənim əsas rəqibim A.Bestayev xəbərsiz idi ki, mən onun “tac” fəndinə qarşı bu cür ciddi hazırlaşıram. Üçüncü bir vacib məsələ mənimlə məşq edənlərin hamısı mənim qarşıdakı yarışlara yüksək səviyyədə hazırlaşmağım üçün hər cür şərait yaradırdılar. Əlbətdə bütün bunlar mənə böyük stimul verirdi. Bunlardan ruhlanaraq inanırdım ki, mənə inananların ümidlərini layiqincə doğruldacağam. Artıq iyul ayının ortaları idi, təlim-məşq toplanışının qurtarmarmasına az bir müddət qalmışdı. Havaların çox isti keçməsindən və yarışın reqlamentinə uyğunlaşmaq üçün məşqlərimiz əsasən günün birinci yarısında, günün ikinci yarısında isə saat 5-dən sonra keçirilirdi. Necə deyərlər, əsasən də tamamlama məşqləri gedirdi.
Bura məlum rəqiblərə qarşı görüşlərin taktiki cəhətdən necə qurulması, xüsusi ilə “tac” fəndlərimizin müxtəlif variantlardan mükəmməl təkmilləşdirilməsi, yarış qaydalarının müzakirəsi, bu günlərdə yarışa qədər dövrdə düzgün qidalanma, çəkinin nizama salınması məsələləri v s. gündəmdə idi. Nəhayət hamımızın gözlədiyimiz gün gəlib çatdı. Komandamız Moskvaya yola düşdü. Paşa müəllim deyərdi ki, SSRİ xalqlarının spartakiadasının proqramına daxil olan bütün idman növləri kimi güləş növündə də xüsusi hazırlıq diqqəti cəlb edirdi. Bu idman növünün keçirilməsi üçün hər cür şərait yaradılmışdır. 6 avqust 1956-cı il Moskva şəhəri SSRİ Xalqlarının I spartakiadasının sərbəst güləş yarışları başladı. Güləşçilər növbə ilə güləş xalçasına dəvət edilməyə başladılar. Biz, mən və mənim əsas rəqibim A.Bestayev, rəqiblərimizi bir-bir məğlubiyyətə uğradaraq yarış protokolunda bir-birimizə yaxınlaşırdıq. Mən bilirdim ki, bu məqamda hər bir idmançının psixoloji hazırlığı onun üçün böyük əhəmiyyət kəsb edir. Nəhayət biz xalçaya dəvət edildik. A.Bestayevlə mənim ayrıca hesabım var idi. Inanmirdim ki, mənim üçün belə bir fürsət birdə ələ düşəcək. Ona görədə, komanda yoldaşlarıma deməsəm də, özlüyümdə qalib gələcəyimə inamım böyük idi. Ancaq onu da deyim ki, A.Bestayevdə, A.Bestayev idi. Görüş başladı. Mən görüşü ona qarşı hazırladığım taktika ilə başladım. Qarşıdurma gərgin mübarizə şəraitində keçirdi. Bu özünü qazanılan xalların hesabında da göstərirdi. Ümumiyyətlə görüş demək olar ki, bərabər səviyyədə gedirdi. Görüşün bu cür gedişi məni qane edirdi. Buna baxmayaraq mən hər an hiss edirdim ki, rəqibim öz fəndini işlətmək üçün əlverişli şərait axtarırdı. Açığını deyim ki, bunun görüşün sonuna yaxın baş tutması mənə sərf edirdi. Görüşün gedişi onu göstərirdiki, bu belə də olacaq. A.Bestayevin iki ardıcıl hücumlarından sonra mən onun üçün süni şərait yaratdım ki, qolumu tutub qıçını qıçıma sarısın. Belə də oldu. O, bir göz qırpımında öz işini gördü. Bu vaxt bir anda onu var gücümlə möhkəm qucaqlayıb sərbəst ayağımla bir addım ona tərəf addımladım, sinəmlə vuraraq tam arxaya əyilib başımın üstündən tulladım. Bununla da görüşün taleyi həll olundu. Bu anda rəqibim nə baş verdiyini anlaya bilmirdi. O, şokda idi. Mən nəhayət A.Bestayevə qalib gələrək SSRİ xalqlarının I spartakiadasının çempionu oldum.” O illərə dönə bilsəm...
Sonda Yaqub müəllim əlavə etdi ki, Paşa müəlim doqquz aylıq ağır zəhməti bahasına əks fənd hesabına əldə etdiyi bu böyük qələbəni bizə hər dəfə elə həvəslə danışdı ki, sanki bir seminar məşğələ keçirdi. O, A.Bestayevlə keçirdiyi görüşü hər dəfə bütün detalları ilə böyük həvəslə dönə-dönə göstərir və izah edirdi. Məşqin sonunda isə həmişə olduğu kimi sual-cavab başlayırdı. Bu hissə xüsusi ilə şən və maraqlı keçirdi. Çox gərgin məşqdən sonra Paşa müəllimin yüngül özünəməxsus zarafatları bütün yorğunluğumuzu aradan qaldırırdı. Bax belə bir insan idi o. Allah sənə rəhmət eləsin, Paşa müəllim.
Yar gəlsən əgər məzarım üstə, Xoşdur mənə gəz qubarım üstə. Cananıma sadiqəm həmişə, Ölsəmdə etibarım üstə. Solmaz nə qədər xəzanda gülsə Güllərlə dolu baharım üstə Qartal kimiyəm rəqib gələndə Vururam onu mən şikarım üstə Can qoymağa hazıram həmişə, Mir Mehdi gözəl diyarım üstə
Dəyərli oxucular, mən də bu böyük təfəkkür, geniş təxəyyül, möhkəm yaddaş sahibi Yaqub müəllimə sonsuz minnətdarlığımı bildirir və deyirəm: “Onun böyük vətən sevgisində, ulu qürurunda, yaşadığı ömür səhifələri zaman durur. Ondan ötrü Yaqub Məmmədov həyatının kitabını vərəqləmək lazımdır”. Nə qədər ki, mən sağam, anam da sağdır mənim, Səsimdə, nəfəsimdə yaşayacaqdır mənim, Beşiyimin başında gah gülmüş, gah ağlamış, Qundağımın bağını nəğmələrlə bağlamış. Mənim eşqim, ilhamım, hər nəyim var onundu. Bu qəmlər, bu ələmlər, bu misralar onundu. Mən onun sahəsində boya-başa çatmışam, Anam məni yaradıb, mən aləm yaratmışam. Şəhriyar. Proloq Bu yazı İbrahimpaşa Dadaşov haqqında yazılacaq bir kitabın girişi qədər ola ya olmaya. Hər halda bir qəzet səhifəsinə sığacaq qədərdir.
Hümbət Cavadov. Sərbəst Güləş üzrə SSRİ İdman Ustası. Geri qayıt |