Əsas Səhifə > SİYASƏT > “RUSİYANIN PARÇALANMASI QAÇILMAZDIR” - “Onlar Moskvanı dünyanın paytaxtı zənn edirlər...”

“RUSİYANIN PARÇALANMASI QAÇILMAZDIR” - “Onlar Moskvanı dünyanın paytaxtı zənn edirlər...”


21-05-2021, 08:58
 “Putin rejimi rusiyalılara müştəbehçəsinə onların başqalarından daha üstün olduqları düşüncəsini aşılayır”
“Sanksiyalar Rusiyanın yenidən fövqəldövlət olmaq xəyalını dağıdır”
Bu yaxınlarda Litva prezidenti Qitanas Nauseda bəyan edib ki, Rusiyaya təzyiq etmək üçün Avropa Birliyinin arsenalında istifadə olunmamış xeyli vasitələr var. Putin Rusiyasının bir çox zəif yerləri var, lakin buna kimsə diqqət yetirmir. Axı, Putin özünü sanki fəaliyyətində heç bir boşluq yoxmuş kimi aparır. Bax, elə məhz bu, onun ən zəif yerlərindən biridir.
Rusiya öz opponentlərinin zəif yerlərini tapmağı və bundan istifadə etməyi yaxşı bacarır. Bu günkü Rusiya texnoloji cəhətdən geri qalmış ölkədir və bu da Moskvanın “Axilles dabanı”dır. Rusiya Federasiyası özünün istehsal etməyi bacarmadığı yüksək texnologiyalı məhsullara böyük ehtiyac duyur.
Bu, ilk növbədə kompyuterlər üçün hissələr, kosmik sferada istifadə olunan cihazlar və elektron sənayesinin məmulatlarıdır. Rusiya həmçinin neft və qaz hasilatı üçün vacib olan müasir texnoloji məhsulları da xaricdən alır. Rusiya texnoloji baxımdan köhnə kompyuterlərilə və “əldən düşmüş” avadanlıqlarıyla qətiyyən uzağa gedə bilməz.
Maşınqayırma sektoru kimi elektron sənayesi də bu gün qlobal miqyasda dövlətin rəqabət qabiliyyətinin əsas amlillərindən biri kimi müasir iqtisadi inkişafın və iqtisadi böyümənin başlıca mühərriki sayılır. Amma bu sahədə Kreml böyük problemlərlə qarşılaşıb. Ona görə də əgər ABŞ və Avropa Rusiyaya elektron məhsullar ixracını dayandırsa, onda ruslar SWIFT beynəlxalq ödəmə sistemindən çıxarılmadan qat-qat daha güclü zərbə alarlar.
Rusiyanın iqtisadiyyatı ticarət embarqosu olmadan da rəqabətə dözümlü deyil, ABŞ və Avropanın yeni sanksiya tədbirlərindən sonra dünya bazarında Rusiyanın rəqabət apara bilməsindən heç bir söhbət gedə bilməz. Fransa, Almaniya, Macarıstan, İtaliya və Avstriya Avropa Birliyinin Rusiyaya qarşı hədsiz sərt addımlar atmasını durdurmağa cəhd göstərərək, Kremlə yenidən şans verilməsini istəyirlər.
Rusiya Federasiyası aşağı sabitlik indeksinə malik ölkədir. Rusiyaya yönələn sanksiyalar təkcə iqtisadiyyata zərər vurmur. Sanksiyalar Rusiya iqtisadiyyatını gərgin vəziyyətdə saxlamaqla yanaşı, onun ordusunun modernləşdirməsi imkanlarını da məhdudlaşdırır. Bu, o anlama gəlir ki, Putin Ukrayna və Suriyadakı növbəti hərbi fəaliyyətlər üçün hələ bir neçə il resurslar tapa bilməyəcək.
Ruslar həm də ordudan istifadə etməklə, geosiyasi münaqişələr törətmək və müxtəlif səpgili avantüralar üçün lazım olan maliyyə imkanlarını itirəcəklər. Sanksiyalar Kreml üçün daha bir məna yükü daşıyır. Belə ki, sanksiyalar Rusiyanın yenidən fövqəldövlət ola bilmək xəyalını dağıdır.
Rusiya elitasında ibtidai geosiyasi bilkilər olmadığından Kremldə əyləşənlər bütün dünya siyasətinin yalnız Moskvanın ətrafında döndüyünü fikirləşirlər. Onlar elə zənn edirlər ki, Moskva dünyanın paytaxtıdır.

 Əlbəttə, hələ öncədən də aydın idi ki, Moskva yalnız artan beynəlxalq təzyiqlər qarşısında geri çəkiləcək. Əgər Putin Ukraynayla bağlı öz niyyətlərindən əl götürməyəcəksə, onda ləngimədən Rusiyanın xariclə ticarət aparmasını əngəlləyəcək sanksiyalar tətbiq olunmalıdır. İndi Avropa Rusiyanın Qərb banklarına qoyduğu pulları və xaricdəki daşınmaz əmlaklarını dondurmalıdır. Elə etmək gərəkdir ki, Putin rejimi vəziyyətdən çıxmaq üçün heç bir “deşik” tapmasın.
Bu gün Putin rejimi rusiyalılara müştəbehçəsinə onların başqalarından daha üstün olduqları düşüncəsini aşılayır. Hazırda rejim məhz belə bir ideya üzərində duruş gətirir. Rusiyalıların bir çoxu bunun naminə həyat şəraitilərinin düşməsi və iqtisadi sıxıntılarla razılaşır. Çünki belə insanlar “biz digərlərindən üstünük” kimi hisslərə mübtəla olublar. Axı, onlara Rusiyanın “böyüklüyündən” qürur duymaları mütləq lazımdır. Rusiya Fedrasiyasının sıravi vətəndaşlarının kütləvi psixologiyasındakı öz “seçilmişliyi” ilə qürrələnmək istəyini yalnız imperiya ambisiyaları məmnun edə bilər.
Putin hesab edir ki, Avropaya satılan neft və qazdan əldə etdiyi pullarla istənilən problem və təhlükələri qapatmaq iqtidarındadır. Ancaq bu, yalnız müəyyən bir vaxta kimi işləyə bilər. Nə vaxt ki, pul çatmayacaq, onda Rusiyadakı regionların dezinteqrasiya prosesi başlayacaq.

 Moskva Çeçenistanın, Tatarıstanın, Başqırdıstanın, İnquşetiyanın, Buryatiyanın, Yakutiyanın, Sibirin və Uzaq Şərqin Rusiya Federasiyasının tərkibindən çıxmaq istəkləri ilə üzləşəcək. Çünki bu xalqları Kremlin rəhbərliyi altında bir yerdə tuta biləcək çox az şey birləşdirir. Rusiyanın ayrı-ayrı milli ərazi vahidlərinə kimi parçalanması qaçılmazdır. Məsələ yalnız bunun nə zaman və necə baş verməsindədir.
“Obozrevatel” - Ukrayna

Geri qayıt