Əsas Səhifə > Gündəm > Şamaxı sakini şəhid Şahmurad Natiq oğlu İsgəndərov heç vaxt unudulmayacaq
Şamaxı sakini şəhid Şahmurad Natiq oğlu İsgəndərov heç vaxt unudulmayacaq18-05-2021, 12:32 |
Şahmurad İsgəndərov 17 dekabr 1996-cı ildə Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2003-cü ildə Əlisuvar Məmmədov adına 1 saylı Göylər kənd məktəbinə daxil olmuşdur. Məktəb illərindən idmana marağı olan Şahmurad məktəbin güləş dərnəyinə yazılmış, rayon və respublika səviyyəli yarışlarda fərqlənmişdir. O, 9-cu sinfi uğurla başa vurduqdan sonra öz istəyi ilə Şamaxı Humanitar Kollecinin Fiziki tərbiyə müəllimliyi ixtisasına daxil olmuş, 28 iyun 2016-cı il tarixində əla qiymətlərlə məzun olmuşdur. Elə həmin ilin iyul ayında hərbi xidmətə yollanmışdır. Nümunəvi hərbi xidmətlə fərqləndiyi üçün həmin dövrdə valideynlərinə təşəkkürnamə göndərilmişdir. Hərbi xidməti başa vurduqdan sonra Göylər kəndinə qayıdan Şahmurad bir müddət sonra Türkiyə Respublikasına getmiş, 1 ay müddətində kurslarda iştirak etmişdir. İştirak etdiyi kursları başa vurduqdan sonra yenidən Azərbaycana qayıtmış və ixtisasına uyğun olaraq özəl peşə fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şahmurad İsgəndərov 29 sentyabr 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşmışdır. Şahmurad İsgəndərov Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edib. O, daha sonra Ağdərə istiqamətində gedən döyüşlər zamanı 16 oktyabrda ağır yaralanıb və 32 gün xəstəxanada müalicə aldıqdan sonra 17 noyabr tarixində şəhid olmuşdur. O, Şamaxı rayonunun Göylər kənd qəbiristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Bundan əlavə, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahmurad İsgəndərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir. Şəhidimiz Şahmurad Natiq oğlu İsgəndərov ölməmişdir, ruhən hamımızın qəlbində yaşayır və həmişəlik yaşayacaqdır. Şəhidlər həmişə xatırlandığına görə heç vaxt ölmürlər! Allah şəhidimiz Şahmurad İsgəndərova və digər bütün şəhidlərimizə rəhmət eləsin! Məkanları behişt olsun! Vahid İsmayılov, Yanoş Məhərrəmov, Məhərrəm Səmədov Şəffaflıq.az Geri qayıt |