Əsas Səhifə > RƏSMİ XƏBƏR > Xarici diplomların tanınması üçün 4500 manat tələb olunur?

Xarici diplomların tanınması üçün 4500 manat tələb olunur?


1-05-2021, 21:43

 

Sosial şəbəkələrdə xaricdə təhsil alan şəxslərin diplomlarının Azərbaycanda nostrifikasiyası zamanı problemlə üzləşmələri ilə bağlı çoxlu şikayətlər var. İddia olunur ki, xaricdə dövlət universitetini bitirən şəxslərdən diplomun tanınması üçün 3000-4500 manata yaxın pul tələb olunur.

Eyni zamanda diplomların tanınması üçün tələb olunan dövlət rüsumunun artırıldığı da müzakirə mövzusudur. Xaricdə təhsil alan tələbələr bildirir ki, həmin rüsum həndəsi silsilə ilə artır. Belə ki, əvvəl 15 manat olan rüsum sonra 60 manat oldu, hazırda isə 250 manatdır.


Bəs bu fantastik artım nə ilə izah oluna bilər?

Şəffaflıq.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Cavab olaraq bildirilib ki, Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib:

“Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmir. Eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

Vətəndaşlar bu kimi hallarla rastlaşdıqları halda [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər”.

Dövlət rüsumunun məbləğinə gəlincə isə nazirlikdən bildirilib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması dedikdə ali təhsilin hər hansı səviyyəsinə qəbul olmaq hüququnu yaradan, eləcə də ali təhsil pilləsi üzrə kvalifikasiya standartlarına uyğun olan kompetensiyaların (səriştələrin) və təlim (öyrənmə) nəticələrinin əldə edilməsi haqqında xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilən təhsil haqqında sənədlərin Azərbaycan ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür və tanınma proseduru bir sıra mərhələlərdən keçir:

“Tanınma prosedurunun birinci mərhələsi müraciətlərin qəbulu mərhələsidir. Bu mərhələ elektron qaydada həyata keçirilir. Bu isə elektron informasiya sisteminin təkmilləşdirilməsi və onun müşayiət olunması xərclərinin maliyyələşdirilməsini tələb edir.

Tanınma prosedurunun ikinci mərhələsi müraciətlərin baxılması mərhələsidir. Tanınmanın növündən asılı olaraq müxtəlif xərclərin (beynəlxalq ekspertlərin cəlb olunmasını və həmin ekspertlər tərəfindən yerli ekspertlərə təlimlərin keçirilməsi imkanlarının yaradılması məqsədi ilə əlavə maliyyə ehtiyaclarının ödənilməsi, peşə tanınması zamanı ərizəçinin müvafiq kvalifikasiya üzrə peşə kompetensiyalarının Azərbaycanda mövcud olan uyğun kvalifikasiya üzrə nəzərdə tutulmuş peşə kompetensiyalarının tələblərinə minimal səviyyədə uyğunluğunun müəyyən edilməsi məqsədi ilə sınaq yoxlamalarının təşkili xərclərinin ödənilməsi və s.) qarşılanması tələb olunur”.

Təhsil Nazirliyindən həmçinin bildirilib ki, nəzərə alınmalıdır ki, tanınma ilə bağlı xidmətlərin göstərilməsi Agentlik tərəfindən həyata keçirilir.

Agentlik publik hüquqi şəxs statusunda fəaliyyət göstərdiyindən onun xərclərinin, əsasən də əmək haqqı xərclərinin toplanan xidmət haqları hesabına maliyyələşdirilməsi qanunvericiliklə nəzərdə tutulub.

Geri qayıt