Əsas Səhifə > Cəmiyyət > Sosial şəbəkələrin həyatımıza təsiri araşdırılıb
Sosial şəbəkələrin həyatımıza təsiri araşdırılıb26-04-2021, 11:53 |
“We are social” platformasının yaydığı son məlumata görə, Azərbaycanda əhalinin 81,1 %-i (8,26 milyon) internet istifadəçisidir. Bu barədə Şəffaflıq.az Media Təhlil Mərkəzinə (MTM) istinadən xəbər verir. Azərbaycan üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 % artıb. İnternet istifadəçilərinin sosial şəbəkə platformalarından istifadə aktivliyini nəzərə alaraq Media Təhlil Mərkəzi tərəfindən növbəti sorğu keçirilib. Sorğuda iştirak edən 730 respondentin 49 %-ni qadınlar, 51 %-ni kişilər təşkil edib. Respondentlər cavablardan bir neçəsini seçməklə son 3 ayda aktiv olduqları sosial şəbəkələri açıqlayıblar. Göstəricilər aşağıdakı kimidir: “Whatsapp” 92,2 %; “Facebook” 87,9 %; “Instagram” 76,4 %; “Telegram” 60,3 %; “Twitter” 23,3 %; “Tiktok” 18,6 %; “Linkedin” 12,7 %; ‘VKontakte” 5,8 %; “Odnoklassniki” 4,8 %. İştirakçıların 7,1 %-i sosial şəbəkələrdən gündə bir dəfə istifadə etsə də, 91,4 %-i gün ərzində bir neçə dəfə istifadə etdiyini vurğulayıb. Respondentlərin 0,8 %-i həftədə bir neçə dəfə, 0,3 %-i həftədə bir dəfə, 0,4 %-i isə sosial şəbəkələrdən çox az hallarda istifadə etdiyini bildirib. Cavab verənlərin 55,2 %-i sosial şəbəkələrə ayırdıqları vaxtın onların təhsilinə və ya işinə mane olmadığını düşünsə də, 10,3 %-i bunun əksini, 34,5 %-i isə sosial platformalarda az vaxt keçirdiyini qeyd edib. Sorğu iştirakçılarının 58,1 %-inin qənaətinə görə, sosial şəbəkələr onların işinə və ya təhsilinə müsbət təsir göstərir. Sosial platformalardan əyləncə üçün istifadə edənlər respondentlərin 31,6 %-ni, sosial şəbəkələrin vaxt itkisi olduğunu bildirənlər isə cavab verənlərin 10,3 %-ini təşkil edib. Şəffaflıq.az Geri qayıt |