Əsas Səhifə > SİYASƏT > Vəzifədən Çıxarılan Məmurların Çoxu Sonrakı Fəaliyyətini Müəllimlikdə Gördüyünü Açıqlayır...
Vəzifədən Çıxarılan Məmurların Çoxu Sonrakı Fəaliyyətini Müəllimlikdə Gördüyünü Açıqlayır...1-06-2019, 10:43 |
Azərbaycanda vəzifədən azad olunan nazirlərin elm və təhsil sektoruna üz tutması dəb halını almaqdadır. Sabiq maliyyə naziri Əvəz Ələkbərovun Dövlət İqtisad Universitetində çalışmağa başlamasından sonra vəzifədən azad edilən az qala bütün nazirlər bu və ya başqa təhsil ocağında müəllimliyə, yaxud rəhbər vəzifələrə təyin olunurlar. Yaxın tariximizdə sabiq məmurların təhsil sistemində işlə təmin olunması barədə ona yaxın fakt var. Məsələn, sabiq təhsil naziri Misir Mərdanov AMEA-da institut rəhbəri, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasının Dünya iqtisadiyyatı kafedrasının müdiri, sabiq kənd təsərrüfatı naziri Heydər Əsədov Dövlət Dəniz Akademiyasının rektorudur. Milli Məclisin sabiq deputatı Elton Məmmədov isə bu günlərdə Azərbaycan Texniki Universitetində prorektor təyin olunub. Bəlkə də bu adətdəndir, vəzifədən çıxarılan məmurların çoxu sonrakı fəaliyyətini müəllimlikdə gördüyünü açıqlayır... Bu günlərdə yayılan məlumatda daha bir sabiq nazirin təhsil sektorunda yüksək vəzifəyə təyin olunduğu bildirilir. Söhbət sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevdən gedir. Onun bir neçə gün əvvəl Bakı Dövlət Universitetində prorektor vəzifəsinə təyin olunduğu bildirilir. Məlumatın həqiqətəuyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ə.Nağıyevin özünə müraciət etdik. Sabiq nazir yayılan məlumatın doğru olmadığını bildirdi: “Bu gün bir neçə nəfər də mənə zəng vurub maraqlanıb. Bildirim ki, yanlış məlumatdır, mən heç bir vəzifəyə təyin olunmamışam. Güman ki, eyni adlı kimsə prorektor təyin olunub, hamı səhvən mən olduğumu düşünür”. Bəs Ə.Nağıyev hazırda nə işlə məşğuldur? Sabiq nazir: “Alimin məşğul olduğu kağız, qələm, dəftər-kitab olar də. Mən də elm adamıyam, öz evimdə elmlə məşğulam”. Qeyd edək ki, Ə.Nağıyev xeyli müddət Bakı Dövlət Universitetində çalışıb. Siyasi fəaliyyətə isə 1988-ci ildən başlayıb. Yeni Azərbaycan Partiyasının qurucularından biridir və 2006-cı ilədək partiya sədrinin müavini kimi fəaliyyət göstərib. 1996-2006-cı illərdə Ə.Nağıyev əmək və əhalinin sosial müdafiəsi naziri, 2006-2011-ci illərdə Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri olub. 2006-cı ildə diplomatik fəaliyyətə başladığına görə Yeni Azərbaycan Partiyası sədrinin müavini vəzifəsindən və partiya sıralarından azad edilib, 2012-ci ilin may ayında yenidən partiya üzvlüyünə qəbul olunub.(musavat.com)
Geri qayıt |