Əsas Səhifə > SOSİAL MÜDAFİƏ > Şəhid ailələrinə 11 min mənzil veriləcək

Şəhid ailələrinə 11 min mənzil veriləcək


9-04-2021, 17:12

 

“2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev veriləcək”.

Şəffaflıq.az məlumat verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qurum tərəfindən Bakının Qaradağ rayonunun “Ümid” qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlərin təqdim edilməsi zamanı bildirib.

Onun sözlərinə görə, həmin kateqoriyadan olan həm 2014-2019-cu illərdə qeydiyyata alınmış şəxslər, həm də 2020-ci ildə hərbi əməliyyatlarda, o cümlədən Vətən müharibəsində şəhid olanların ailələri və müharibə əlilləri yaxın beş ildə mənzil və fərdi evlə təmin olunacaq:

“2021-ci ildə 3 minədək mənzil və fərdi ev verilməklə, bu il mənzil və fərdi evlə təminat proqramı 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişlənəcək. Prezident İlham Əliyevin tapşırığı ilə keçmiş köçkünlər üçün tikilmiş mənzillər də şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir.

Hazırda “Ümid” qəsəbəsindəki yaşayış binalarından təqdim edilən 30 mənzil də daxil olmaqla 2021-ci ilin planı üzrə artıq 230 mənzil verilib.

Ümumilikdə isə indiyədək 9 430 mənzil və fərdi ev verilib”.

Müharibə əlillərinin minik avtomobilləri ilə təminatından bəhs edən S.Babayev 2018-ci ildə 265 ədəd, 2019-cu ildə 600 ədəd, 2020-ci ildə 400, ümumilikdə indiyədək 7 200-dən çox avtomobilin müharibə əlillərinə verildiyini, bu tədbirlərin də davam edəcəyini diqqətə çatdırıb:

“Yeni mənzillə təmin olunanlar sırasında Birinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlilləri, Aprel döyüşləri iştirakçısı, habelə İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri var”.

Geri qayıt