Əsas Səhifə > REGİON / Cəmiyyət > İsmayıllıda quzuqarnı mövsümü başlayıb.FOTO
İsmayıllıda quzuqarnı mövsümü başlayıb.FOTO1-04-2021, 16:15 |
Zəngin təbiəti olan İsmayıllıda müxtəlif bitkilər bitir. Yazın əvvəlindən başlayaraq rayon ərazisində bu bitkilərin mövsümü başlayır. Şəffaflıq.az xəbər verir ki, mövsümə xarakterik olan, el arasında quzuqarnı adlanan göbələk növü rayonun meşəliklərində də rast gəlmək olar. Quzuqarnı mövsümü mart ayının ikinci ongünlüyündən başlayır və may ayınadək davam edir. Bu göbələk növü digərlərindən dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə fərqlənir. Rəngi yarpaqlardan seçilmədiyindən onun yığılması olduqca çətindir. Meşədə əsasən qovaq ağaclarının altında tək-tək və qruplar halında bitir. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Mart ayının əvvəllərində yağışlar çox yağarsa, quzuqarnı da bir o qədər bol olur. Bazar qiymətlərinə görə bir kiloqram quzuqarnı göbələyi 15-20 manatdır. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyub təmizlədikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnının kababını da hazırlamaq olar. Quzu əti qədər dadlı quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Allergiya ola biləcəyi baxımından çiy halda yeyilmir. Bu göbələk ayrı-ayrı bölgələrdə koman, liğiti, loğloğu və ya lokkur adları ilə də tanınır. Bitkinin özünəməxsus bir sıra əlamətləri də var. İnsan orqanizmi üçün faydalı olan quzuqarnı minbir dərdin dərmanıdır. Xalq təbabətində qan xəstəliklərinin müalicəsi üçün istifadə olunur. Bundan əlavə göbələyin bu növü gözlər üçün də faydalıdır. Qeyd edək ki, bitkinin konservləşdirilmiş halda satışı yoxdur. Təbiətin bəxş etdiyi bu nemətlərdən dadmaq üçün yerli turistlər İsmayıllı rayonuna təşrif buyurur. Dəyanət İsmayılov. İsmayıllı rayonu Şəffaflıq.az Geri qayıt |