Əsas Səhifə > Gündəm > Şəhid anası Rəsmiyyə Məcidovanın dedikləri...
Şəhid anası Rəsmiyyə Məcidovanın dedikləri...8-03-2021, 11:51 |
Bu gün şəhidimiz Müşfiq Bayram oğlu Məcidovun doğum günüdür. Yaşasaydı 24 yaşı tamam olacaqdı... Lakin hamıya nəsib olmayan şəhidlik zirvəsi buna imkan vermədi. Bəli, heç kəs bu dünyada əbədi deyil, bir gün gələn bir gün də gedir. Lakin kim necə... Şəhidimiz Müşfiq Məcidovun anası Rəsmiyyə Məcidova oğlu barədə aşağıdakıları söyləmişdir: Məcidov Müşfiq Bayram oğlu 08 mart 1997-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur. 2004-cü ildə Göylər kənd 2 saylı kənd orta məktəbinə getmiş, 2014-cü ildə isə orta təhsil kursunu başa vurmuşdur. Orta məktəbi bitirdikdən sonra o, ali təhsil almaq üçün sənədlərini İqtisad Universitetinə verərək həmin ali məktəbdə ödənişli ixtisasa qəbul olmuşdur. Lakin maddi imkansızlığı səbəbindən həmin ödənişli təhsilini davam etdirə bilməmişdir. 04 may 2015-ci ildə o hərbi xidmətə getmişdir. Hərbi xidməti dövründə vətən sevgisi onu kəşfiyyatçı olmağa yönəltmişdir. Bu sahədə lazımi hərbi kursu bitirdikdən sonra Müşfiq Bayramov Ağdam rayonunda N saylı hərbi hissədə xidmətini davam etdirmişdir. O, 2016-cı ildə aprel döyüşlərində də fəal iştirak etmiş və 01.09.2016-cı il tarixdə həmin hərbi xidmətini də başa vurub evə dönmüşdür. Ordudan ikinci dəfə tərxis edildikdən sonra, Müşfiq Bayramov Bakı şəhərində təkərlərin təmiri sexində çalışmışdır. 21.09.2020-ci il tarixdə respublikamızda qismən səfərbərlik elan edilərkən o yenidən hərbi xidmətə çağırılmış və 27.09.2020-ci il tarixindən etibarən Vətən müharibəsi döyüşünə qatılmış və Suqovuşanın düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. O, sonuncu dəfə 05 oktyabr 2020-ci il tarixində ailə üzvləri ilə telefon əlaqəsi saxlamış, sanki şəhid olacağını bilirmiş kimi ailə üzvlərinə “başınızı dik tutun” sözlərini demişdir. Danışıqların birində anası oğluna "niyə evlənmirsən" deyə sual etmiş, oğlu isə cavabında "sağ-salamat gəlim evlənəcəyimə söz verirəm" demişdir. Məcidov Müşfiq Bayram oğlu 08 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən döyüşlərdə Talış yüksəkliyində düşmənin hərbi postunu ələ keçirərkən qəhrəmancasına şəhid olmuşdur. Allah rəhmət eləsin! Şəffaflıq.az Geri qayıt |