Əsas Səhifə > ELM VƏ TƏHSİL > Dövlət qulluğuna test imtahanlarının vaxtı məlum oldu
Dövlət qulluğuna test imtahanlarının vaxtı məlum oldu4-03-2021, 13:22 |
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2021-ci il martın 7-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına, həmçinin inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq üçün test imtahanları keçiriləcək. DİM-dən verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binalarına yalnız tibbi maska daxil olmağa icazə veriləcək və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq. İmtahan zallarında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq. İnzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 593, BB qrupu üzrə 1263 olmaqla, ümumilikdə 1856 namizəd qeydiyyatdan keçib. Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır və 3 saat davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur. B növü imtahanının keçirilməsi üçün 7 bina, 137 zal, 7 ümumi imtahan rəhbəri, 21 imtahan rəhbəri, 176 nəzarətçi‑müəllim, 14 buraxılış rejimi əməkdaşı ayrılıb. Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: - şəxsiyyəti təsdiq edən sənədin əsli; - “İmtahana buraxılış vərəqəsi"; - “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” (Bəyannamə DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur və namizəd tərəfindən imzalanır. Bəyannaməni imtahan nəzarətçisinə təhvil vermək lazımdır). İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçiriləcək. Bu imtahanda iştirak etmək üçün qeydiyyat hələ davam edir və 5 mart saat 12:00-da başa çatacaq. İmtahan saat 11:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 10:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar. Şəffaflıq.az Geri qayıt |