Əsas Səhifə > Şou-biznes / Dünya > Avroviziya 2021-in formatı müəyyənləşib
Avroviziya 2021-in formatı müəyyənləşib3-03-2021, 09:11 |
Avroviziya mahnı yarışmasının təşkilatçıları 2021-ci ildə keçiriləcək tədbiri ikinci ssenari üzrə həyata keçirmək niyyətindədirlər. Plana əsasən, bütün iştirakçılar sosial məsafəni qorumalıdırlar. Şəffaflıq.az xəbər verir ki, bu barədə yarışın təşkilatçıları tərəfindən yayılan press-relizdə məlumat veirilib. “Avroviziya mahnı yarışmasının ruhu və ənənəsi Avropanı eyni səhnədə bir araya gətirməkdir və biz Rotterdamda buna nail olmaqda qərarlıyıq”, -deyə müsabiqənin İcraçı direktoru Martin Osterdal bəyan edib. “Rotterdamda canlı çıxış edən bütün sənətçilərlə birlikdə təhlükəsiz bir “Avroviziya” təşkil etmək planlarımızı həyata keçirəcəyik. Bu press-reliz niyyətimizin reallaşdırılması işinə sadiq olduğumuzu nümayiş etdirir”, - deyə o əlavə edib. Mətbuata açıqlanan plana əsasən, bütün ifaçıların Hollandiyaya yola düşməzdən beş gün əvvəl karantin tətbiq etmələri tövsiyə olunur. Yarışmaya qatılmaq üçün yola düşmədən ən gec 72 saat əvvəl verilən COVID-19 üçün mənfi test nəticəsi mütləqdir. Hollandiyaya gəldikdən sonra iştirakçıların məşqlər, canlı ifalar və digər proqramla əlaqəli tədbirlər üçün konsert salonuna getmələri vacib olmadıqca, onların hotellərində qalmaları labüddür. Nümayəndə heyətinin üzvləri, ifaçılar və jurnalistlər daxil olmaqla yarışa qatılan bütün şəxslər səhnənin yanındakı xüsusi otaqda mütəmadi olaraq yoxlanacaqlar. Builki müsabiqəyə qatılacaq nümayəndə heyətlərinin və media üzvlərinin də sayı azaldılacaq. İzləyicilərin şouya qatıla biləcəyinə dair qərar isə daha sonra veriləcək. Xatırladaq ki, 65-ci “Avroviziya” mahnı yarışması 12-16 may 2020 tarixlərində Rotterdamdakı “Ahoy” konsert salonunda keçirilməli idi. Lakin ötən ilin martın 18-də Avropa Yayım Birliyi koronavirus pandemiyası səbəbi ilə müsabiqəni ləğv etmək qərarına gəldi. Qeyd edək ki, builki yarışmanın finalı mayın 22-də Rotterdamda keçiriləcək. Geri qayıt |