Əsas Səhifə > MANŞET / Müsahibə > Şamaxı rayonunda şəhid ailələrinə və qazilərə göstərilən qayğı - Müsahibə

Şamaxı rayonunda şəhid ailələrinə və qazilərə göstərilən qayğı - Müsahibə


21-02-2021, 11:45

 

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 17 saylı filialı Şamaxı şəhərində yerləşir. Həmin agentlik Şamaxı və Qobustan rayonları üzrə fəaliyyət göstərməyə başlayıb. Bu 17 saylı Filialın rəhbəri, hələlik müdir müavini vəzifəsində çalışan Mirzəyev Xətai Akif oğludur. 

Əvvəlcə Xətai müəllimin özü haqqında: Mirzəyev Xətai Akif oğlu 14 dekabr 1977-ci il təvəllüdlüdür, Ağsu rayonunda anadan olub. O, 44 yaşında özünü gənc hesab edir və çalışdığı sahədə həvəskar kadrdır.  

Şəffaflıq qəzetinin çəkiliş qrupu olaraq Xətai müəllimin iş yerində görüşüb xeyli söhbət etdik, hal-hazırki və həm də gələcəkdə onların iş planları barədə geniş fikir mübadiləsi apardıq. Söhbət əsnasında müəyyən olundu ki, Xətai müəllim Şamaxı rayonunda yaşayan şəhid ailələrinə və qazilərə onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, "Bravo" və "H.Əliyev" Fondu tərəfindən göndərilmiş yardımların ünvanına vaxtında çatdırılması, şəhid ailələrinə psixoloji yardımların edilməsi, onlara tibbi xidmət sahəsində və digər problemlərinin tez bir zamanda həlli üzrə qanunamüvafiq köməklik göstərilməsi ilə ciddi məşğul olur. O, sənədlər əsasında qısa müddətdə görülmüş işlər barədə bizə geniş məlumat verdi.


Xətai müəllimin bizə təqdim etdiyi sənədlərin hamısına baxdıq və heyrətə gəldik. Görülmüş işlər və yaxın perspektivdə nəzərdə tutulmuş iş planını əyani gördükdən sonra sevindiyimizdən biraz da kövrəldik. Belə ki, şəxsən o, özü 40 şəhid ailəsi və 105 qazi ilə görüşmüş, 31 dekabr 2020-ci il tarixdə onların hamısına yardımı çatdırmışdır. Mütəmadi olaraq Xətai müəllim şəhid ailələri və qazilərlə görüşlər keçirir, tez-tez telefon əlaqələri saxlayır, onların problemləri ilə maraqlanır və yerindəcə köməklik göstərir.

Bundan əlavə, Xətai müəllim hər bir şəhid ailəsi üçün xüsusi qovluq tərtib etmişdir. Həmin qovluqların əksəriyyətinə baxdıq. Orada xüsusilə şəhid ailələrinin mənzil şəraiti, ailə tərkibi və sayr sahələr üzrə blanklar doldurulmuş və aidiyyəti ünvanlara, o cümlədən Sosial Xidmət Agentliyinə göndərilmişdir. O, rayonda şəhid ailələrinin hamısına "şəhid ailəsi" statusu barədə vəsiqə verilməsini təmin etmişdir.

Qeyd edirik ki, Cənab Prezident İlham Əliyev 25.01.2021-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2449 saylı sərəncam imzalamışdır. Həmin sərəncama görə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. 

Görünən odur ki, Şamaxı rayonunda sərəncamdan irəli gələn bütün işlər layiqincə və vaxtında icra edilməkdədir. 
Müsahibimiz Xətai müəllimin şəhid ailələrinə və qazilərə belə vətənpərvərliklə xidmət göstərməsi nümayişkəranə surətdə alqışlanır. Ona can sağlığı və öz işində uğurlar arzulayırıq. Rayon əhalisinin həssas qrupuna qarşı onun belə qayğıkeşliyi bizi həqiqətən də məmnun etdi. 

Sonda Xətai müəllimin şəxsən özünə dediyimiz kimi qəzetimiz vasitəsilə də bildiririk ki, - kaş ki, Azərbaycanın bütün şəhər və rayonları üzrə bu və digər sahədə çalışan məmurların hamısı belə qayğıkeş və işində məsuliyyətli olaydı...  









 

Hazırladı: Yanoş Məhərrəmov
Şəffaflıq.az   



 

Geri qayıt