Əsas Səhifə > Hadisə > Kürdə batan iki şəxsin axtarışları davam edir - RƏSMİ

Kürdə batan iki şəxsin axtarışları davam edir - RƏSMİ


2-02-2021, 14:44

 

Fövqəladə Hallar Nazirliyi Kürdə batan iki nəfərin axtarış işləri ilə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, yanvarın 31-də Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 1983-cü il təvəllüdlü Yusifov Səfxan Aydın oğlu və 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun axtarış işlərinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb edilib.

İlkin axtarış tədbirləri çərçivəsində ötən gün tarixdə Kür çayında xüsusi qarmaqlar vasitəsilə kəşfiyyat işləri, sahil zolağında və çayətrafı ərazilərdə vizual baxış tədbirləri həyata keçirilib. İlkin axtarış tədbirləri nəticəsində çay qırağında axtarışda olan şəxslərə aid qayıq aşkar olunub.

Bu gün səhər saatlarından etibarən Kür çayında axtarış zonası daha da genişləndirilərək (Mingəçevir və Yevlax şəhərlərinə yaxın ərazidə) axtarışlar intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.


Şəffaflıq.az
Geri qayıt