Əsas Səhifə > Gündəm / Dünya > Birincilik uğrunda ABŞ-Çin mübarizəsi – Bayden “ticarət müharibələrini” davam etdirəcək
Birincilik uğrunda ABŞ-Çin mübarizəsi – Bayden “ticarət müharibələrini” davam etdirəcək31-01-2021, 11:41 |
Bayden ABŞ texnologiyasından Çinin hərbi strukturunun inkişafı üçün istifadə edilmədiyinə əmin olmalıdır Co Baydenin ABŞ Prezidenti səlahiyyətlərinin icrasına başlamasından 10 gün keçir. Qarşıdakı dönəmdə ABŞ-Çin münasibətlərinin hansı istiqamət alacağı, anti-Rusiya komandası yaradan Baydenin Moskvaya, eləcə də ABŞ-dan sonra ən böyük iqtisadiyyata və texnologiyaya malik Pekinə qarşı hansı addımlar atacağını yaxın gələcək göstərəcək. Beynəlxalq münasibətlər, siyasət və iqtisadiyyat üzrə mütəxəssislərə görə, Bayden dönəmində Çinlə ABŞ arasındakı “ticarət müharibələri” və texnologiya səhnəsindəki rəqabətin forması dəyişsə də, mahiyyəti dəyişməyəcək. Mütəxəssislərin qənaətincə, Bayden dərhal Çinlə cəbhələşməyə getməyəcək, daha çox diqqəti daxildə koronavirus (Covid-19) və iqtisadiyyat mövzularına ayıracaq. Bununla paralel olaraq, Bayden administrasiyası zamanla sabiq prezident Donald Trampın 2017-ci ildə Çindən idxal olunan məhsullara əlavə gömrük tarifləri tətbiq etməsinə və ticarət-texnologiya sahəsindəki təzyiqi artırmasına səbəb olan narahatlıqları gündəmə gətirəcək. Beləcə, yaxın 4 ildə Bayden komandasının Çinlə ticarət əlaqələrindəki təzyiqlərə Tramp kimi xarici ticarət kəsirinin azaltmaq üçün “dar strategiya” xətti ilə getməkdənsə, uzun vədədə dövlət tərəfindən idarə olunan Çin iqtisadiyyatının sərbəst bazar şərtlərinə açılması üçün basqılara üstünlük verəcək. Çinlə müzakirədə təzyiq vasitələri Bu vəziyyətdə ABŞ siyasətində ani dəyişikliklərin gözlənilmədiyinə vurğu edən Oksford İqtisadiyyat Şirkətindən Louis Kuijsə görə, Bayden daha çox struktur islahatlarına təkan verəcək: “Gömrük tarifləri ilə bağlı siyasət dəyişikliyi ehtimal olunmayan gerçəklikdir”. “Oksford”-un analitikinə görə, tarifləri azaltmaq, texnoloji və maliyyə bazarlarına girişdəki maneələri aradan qaldırmaq yeni ABŞ rəhbərliyi üçün prioritet olmayacaq. Bir neçə gün əvvəl Ağ Evin sözçüsü Jen Psaki Co Baydenin Çin mallarına tətbiq edilən gömrük tariflərini qiymətləndirdiyini və gələcək addımları müttəfiqlərlə koordinasiyalı şəkildə atmaq niyyətində olduğunu qeyd edib. Mümkün siyasət dəyişikliyinə dair mesaj verməkdən çəkinən Psaki “Prezident Bayden Çinin iqtisadi sahədə sui-istifadə hallarını dayandırmaqda qərarlıdır” ifadəsinə vurğu etməklə Çinə qarşı münasibətin dəyişməyəcəyinə işarə vurub. Tramp hökuməti əslində Avropa ölkələri və digər müttəfiqlərinin də narahatlığına səbəb olan “ticarət savaşlarına” start vermişdi. Gömrük vergilərinin artırılması Çin hökumətini müzakirələr masasında oturmağa məcbur etmişdi, amma bu vergilər qlobal ticarətə mənfi təsirlər göstərdi. Əslində, “ticarət savaşlarındakı” son əhəmiyyətli proses Pekinin 2020-ci ilin yanvarında “Faz1” adı verilən razılaşma çərçivəsində ABŞ-dan ixracat mallarını almağı və onunla işləyən şirkətlərə transfer məsələsində təzyiqlər göstərməməyi qəbul etməsi oldu. Amma bununla belə, Çin öz vədlərinə əməl etmədi. Koronavirusu əsas gətirməklə söz verdiyi ixrac məhsullarının yalnız 55 faizini aldı. İqtisadçılara görə, Pekin bu dəyişiklikləri öz məqsədləri üçün istifadə etməyi onsuz da əvvəldən planlaşdırırmış. Siyasi mövzularda Çinə basqılar qaçılmazdır Çin xarici ticarətlə yanaşı qonşuları ilə olan sərhəd anlaşılmazlıqları, Hon-Konqa göstədiyi təzyiq və repressiyar, etnik müsəlmanların hüquqlarının pozulması, casusluq və texnologiya oğurluğu kimi məsələlərdə Vaşinqtonun ciddi təzyiqi ilə üzləşməli olacaq. Bayden administrasiyasının Obama komandasınının davamı olduğunu nəzərə alsaq, Obama dövründə Maliyyə Nazirliyinin beynəlxaql münasibətlər üzrə rəhbəri Nathan Şetsin vəziyyətlə bağlı “Zəmin kəskin şəkildə dəyişdi” qiymətləndirməsi maraqlıdır. Bayden administrasiyasında ABŞ-ın Ticarət nümayəndəsi vəzifəsini icra edəcək Katerina Tai yanvar ayında etdiyi çıxış zamanı Çinə qarşı sərt tutumu ilə seçilib. ABŞ-ın Çinin güclənən rəqabəti ilə qarşı-qarşıya olduğunu vurğulayan Tai bəyan edib ki, qarşıda iqtisadiyyatı siyasi plüralizmə, demokratik seçkilərə və ictimai təzyiqlərə tabe olmayan, mərkəzi planlayıcılar tərəfindən idarə olunan Çin var. İNG Bankının qlobal ticarət üzrə analitiki Raoul Leerinqə görə, Çin ABŞ-la münasibətlərində irəliləyiş əldə etmək istəyirsə dəyişikliyə getmək məcburiyyətindədir. Trampın Çinin ticarətə ABŞ-dan daha çox maneə qoyduğu və iqtisadiyyata daha çox müdaxilələr etdiyi fikrinin həqiqət olduğuna diqqət çəkən Leerinqə görə, Baydenin ticarətdə maneələri qaldırması Çinin islahatlar və dəyişikliklərə nə dərəcədə hazır olacağı ilə bağlıdır. Reallıq isə belədir ki, Çin hakimiyyəti bu günə qədər verdiyi açıqlamalarda ABŞ-la münasibətlərin yaxşılaşdırılmasını tələb etdikləri halda güzəştlə bağlı heç bir əlamət nümayiş etdirməyib. Əvəzində, Çinin Xarici İşlər naziri Vanq Yi ABŞ-da hakimiyyətin dəyişməsini “Vaşinqtonun yenidən rasional olacağına ümid edirik” şəklində qiymətləndirib. Çin Xarici İşlər Nazirliyi isə dərhal ABŞ-Çin münasibətlərini doğru inkişaf istiqamətində aparmaq çağırışı edib. Aradan keçən 2,5 il ərzində ABŞ və Çin arasında 13 dəfə görüş keçirilsə də, Çinin ticarət ortaqlarını əsas narahat edən məsələ bankçılıqdan neft və telekomunikasiya sahəsinə qədər əsas sektorlarda hakim olan siyasi imtiyazlı dövlət şirkətlərinin statusunun müzakirə edilməməsidir. Avropa ölkələri, Yaponiya və digər ölkələr Trampın taktikasını tənqid edir, eyni zamanda Pekinin öz şirkətlərinə subsidiya verərək rəqabətdən qorumaqla bazar iqtisadiyyatına dair vədini pozmasından narahatdırlar. Bu şikayətlər sözsüz ki, Çin Kommunist Partiyası liderlərinin ölkənin uğurlarının sirri kimi təqdim etdiyi “dövlət liderliyində inkişaf modelindən” qaynaqlanır. Rəsmi Pekin Asiya qitəsində ən böyük neft istehsalçısı olan “Petro China” (Çin Neft Şirkəti) və dünyanın abonet sayı baxımından ən böyük mobil telefon operatoru olan “Chine Mobile” kimi şirkətləri milli flaqman kimi görür. Çin Kommunist Partiyası hələ 2013-cü ildə dövlət sektorunu “iqtisadiyyatın mərkəzi” elan edib. Dövlət sektoru xaricində Çin Kommunist Partiyası günəş enerjisi, elektron avtomobillər, yeni nəsil telekomunikasiya və digər sahələrdə sektor liderlərini dəstəkləyir. Çin inkişaf etməkdə olan ölkə statusundan imtina edə bilər İNG Bankının qlobal ticarət analitiki, iqtisadçı Leerinq Pekin hökumətinin tənqidlərə qarşı jest olaraq “inkişaf etməkdə olan ölkə” statusundan imtina edə biləcəyini təxmin edir. Ümumdünya Ticarət Təşkilatının müvafiq şərtləri “inkişaf edən ölkələr”in milli sənayelərini qorumaq üçün iqtisadiyyata daha çox müdaxilə etməsinin önünü açır. Prezident Trampın 2017-ci ildə gömrük tariflərini 360 milyard dollar dəyərində artırması “Ticarət savaşı”nın başlamasına səbəb olmuşdu. Pekin də buna tarif artımı ilə cavab verdi, nəticədə lobya idxalına qadağa tətbiq etdi. Bu cavab Tramp hökumətini dəstəkləyən ABŞ təsərrüfatçılarına ciddi zərbə vurdu. Trampın tarif həmlələrinin ardınca ABŞ-ın Çinlə ticarətdə kəsiri 2019-cu ildə 19 faiz, 2020-ci ilin 9 ayı ərzində 15 faiz azaldı. Ancaq bu vəziyyət Trampı məşğulluğun ABŞ-a qaytarılması hədəfinə çatdırmadı. İxracatçılar daha çox Tayvan, Meksika kimi digər tədarükçülərə yönəldi. ABŞ-ın toplamda xarici ticarət kəsiri 2019-cu ildə sabit olsa da, 2020-ci ildə 14 faiz artdı. Konqresin Büdcə Ofisinin təxminlərinə görə, tarif artımları ABŞ ailələri üçün orta hesabla ildə 1300 dollara başa gəlib. Bu da müəssisələrə yatırımları təxirə salıb. Beləcə, Trampın 2017-ci ildə tətbiq etdiyi vergi endirimlərindən əldə olunan qazancın bir qismi yoxa çıxıb. ABŞ-Çin Biznes Formunun Oksford İqtisadiyyat Şirkəti ilə birgə həyata keçirdiyi araşdırmaya görə, ABŞ-ın tarifləri səbəbindən 245 min insan işsiz qalıb. Hesabata görə, tariflərdə mülaiyim endirimlər belə 2025-ci ilə qədər daha 145 min insanı işsiz qoya bilər. Gömrük rüsumlarının azaldılması qısa vədədə yeganə seçimdir Ağ Ev elan edib ki, Bayden hökuməti texnologiya ilə bağlı problemləri də qiymətləndirir. Vaşinqtonun son mövqeyindən belə aydın olur ki, Bayden Pekinin “ədalətsiz və qanunsuz tətbiqetmələri” üçün cavabdeh olduğunu düşünür. Eyni zamanda, Bayden ABŞ texnologiyasından Çinin hərbi strukturunu inkişaf etdirmək üçün istifadə edilmədiyinə əmin olmaq istəyir. Məşhur iqtisadçı Silvia Şeng ABŞ-Çin münasibətlərinə dair yaydığı hesabatında ABŞ-da Çinə yönəlik siyasətin səngiyəcəyini düşünmür. Qərbdəki əksər iqtisadçılar tariflərin azaldılmasının və Çinin texnologiya, malyyə strukturlarına giriş maneələrinin aradan qaldırılmasının qısa müddətdə baş verməyəcəyi düşüncəsindədir. Pekindəki Beynəlxalq Ticarət və İqtisadiyyat Universitetinin professoru Tu Şincuan da hesab edir ki, Ağ Evin yeni rəhbərliyi Çinin texnologiyaya çıxışla bağlı üzləşdiyi maneələri aradan qaldırmayacaq, çünki Çin rəqib kimi qəbul edilib. Amma gömrük vergilərinin azaldılması Şincuana görə, qısa vədədə yeganə mümkün seçimdir. Şəffaflıq.az Geri qayıt |