Əsas Səhifə > Dünya / Maraqlı > Söndürülmüş geolokasiya ilə smartfonu tapmağın yolları açıqlandı

Söndürülmüş geolokasiya ilə smartfonu tapmağın yolları açıqlandı


27-01-2021, 08:34

 

Geolokasiya söndürüldükdə belə smartfonu tapmaq mümkündür.

Şəffaflıq.az “Praym”a istinadən məlumat verir ki, bu barədə Rusiyanın Moskva Dövlət Radiotexnika, Elektronika və Avtomatlaşdırma Texniki Universitetinin İnformasiya Təhlükəsizliyi İntellektual Sistemləri kafedrasının dosenti Evgeny Kaşkin açıqlama verib.

Mütəxəssisin sözlərinə görə, bir neçə axtarış üsulu var.

“IOS və “Android” bazasında cihazlarda “Telefonu tap” funksiyası var. Onun köməyi ilə itmiş  apparatın geolokasiyasını tapmaq olar”, - deyə o bildirib.

Kaşkin əlavə edib ki, elektron cihazın həqiqi coğrafi yerinin təyin edilməsi söndürüldükdə isə smartfonu SİM kartın köməyi ilə tapmaq olar. Məsələ burasındadır ki, o, avtomatik olaraq yaxınlıqdakı qülləyə qoşulur.

“Beləliklə, smartfon və mobil operatorun qülləsi arasındakı siqnalın səviyyəsinə dair məlumatlardan istifadə edərək abunəçinin yerini dəqiq müəyyənləşdirmək çətin olmayacaq”, - deyə ekspert əlavə edib.

Ancaq Kaşkin belə müəyyənləşdirmənin dəqiqliyinin az olduğunu bildirib. Bundan əlavə, yalnız provayder qülləyə qoşulma barədə məlumatlı olur və informasiyanı polisin sorğusu  ilə təmin edə bilər.

Mütəxəssis smartfon itdiyi təqdirdə cihazın IMEI kodunu göstərməklə hüquq-mühafizə orqanlarına müraciət etməyi məsləhət görüb.

“Oğurluq halında SIM kart dəyişdirilsə və telefonun geolokasiyası söndürülsə belə tapmaq mümkündür”, - deyə mütəxəssis vurğulayıb.

Smartfonu tapmağın başqa bir yolu da insanların sosial şəbəkələrdə istifadə etdikləri coğrafi etiketləri izləməkdir.

Geri qayıt