Əsas Səhifə > Dünya / Maraqlı > Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı

Türkiyədən dron alan Ukrayna dronları məhv edən silah hazırladı


22-01-2021, 23:11

 

Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles Türkiyə pilotsuz uçuş aparatlarının Suriyada, İraqda, Qarabağda effektivliyni görəndən sonra qardaş ölkənin beynəlxalq arenada oyun qaydalarını dəyişdiyini demişdi. Həqiqətən də, son aylar dünyada dron istehsalına maraq artıb. Çünki pilotsuz uçuş aparatlarının nəyə qadir olduğu ortadadır.


Şəffaflıq.az xəbər verir ki, bir çox ölkələr Türkiyə dronlarına müştəri düşüb. Azərbaycandan başqa, Ukrayna, Qətər, Tunis “Bayraktar” sifariş etməyə başlayıb. Böyük Britaniya Türkiyənin dron istehsalı sahəsində təcrübəsini öyrənməyə çalışır.
Ukraynanın pilotsuz uçuş aparatlarına xüsusi marağı diqqət çəkir. Postsovet ölkəsi Türkiyə SİHA-larının (silahlı insansız hava aparatı) əsas müştərilərindən birinə çevrilib. Ukrayna son aylar Türkiyədən 48 dron alıb. Amma ərazisinin bir hissəsini itirən ölkə bununla kifayətlənmir. Ukrayna torpaqlarını, xüsusilə Krımı geri qaytarmaq üçün ciddi plan cızır. Keçmiş SSRİ respublikası dronları məhv edəcək silah hazırlayıb. Ukraynanın yeni silahı “Cobra-AntoDrone” adlanır. Dronun yeni qənimi 12 kalibrlik bir mərmi ilə hədəfi tam sıradan çıxara bilir.

“Sözcü” qəzetinin yazdığına görə, “Cobra-AntiDrone” həm “Bayraktar”ın, həm də İsrailin “Harop”unun öhdəsindən gələ biləcək. Dron əleyhinə silahın cəmi 12 sm uzunluğu, 2.2 kiloqram çəkisi var. “Cobra-AntiDrone” hətta kamikadze dronları da məhv edə bilir.

Sosial şəbəkələrin Türkiyə seqmentində xəbərə birmənalı yanaşmayıblar. Xeyli tənqid yazılıb. Əksəriyyət hesab edir ki, dron əleyhinə silahın ortaya çıxması Türkiyə müdafiə sənayesi üçün yaxşı xəbər deyil. Bu mənada Ankaranın təcrübə mübadiləsi siyasəti xoş qarşılanmır. Sosial şəbəkə istifadəçiləri dronların kütləvi satışına, başqa ölkələrə istehsal istiqamətində yardıma qarşı çıxır.

Ukrayna torpaqlarının bir hissəsini, o cümlədən Krım yarımadasını 2014-cü ildə itirib. Rusiya həmin ilin martında yarımadaya nəzarəti ələ keçirib. Birləşmiş Millətlər Təşkilatının əksər üzvləri Krımı hələ də Ukraynanın ərazisi sayır.



Geri qayıt