Bu gün Regional məsələlər komitəsi Milli Məclisin yaz sessiyasında videoformatda ilk iclasına toplaşıb.
Şəffaflıq.az xəbər verir ki, iclasdakı bütün çıxışlarda 2020-ci ilin payız sessiyasının tariximizə qızıl hərflərlə yazılan dövrə təsadüf etdiyi vurğulanıb.
Qeyd edilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olunub. Həmin dövrdə Milli Məclisin rəhbərliyi və deputatlar beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları ilə bağlı həqiqətləri çatdırmaq istiqamətində fəallıq nümayiş etdiriblər. Sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində fəal çıxışlar ediblər, milli parlamentlərə müraciətlər ünvanlanıb.
Onlayn iclasda 2021-ci ilin yaz sessiyası üçün nəzərdə tutulmuş iş planı haqqında danışan komitə sədri bildirib ki, bu sənəd həm qanun yaradıcılığını, həm də müxtəlif səpkili tədbirləri əhatə edir. Siyavuş Novruzov qeyd edib ki, yaz sessiyası dövründə şəhər, kənd və qəsəbələr üzrə Milli Bələdiyyə Assosiasiyalarının rəhbərləri ilə, gənc bələdiyyə sədrləri və qadın bələdiyyə sədrləri ilə parlament dinləmələrinin keçirilməsi də məqsədəuyğundur.
Müzakirələrin yekununda hesabat məqbul sayılıb. İş planı təkliflər nəzərə alınmaqla qəbul olunub. Komitədə baxılan məsələlər parlamentin plenar iclasına tövsiyə edilib.