Əsas Səhifə > MANŞET > Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!

Müzəffər Ali Baş Komandan milli mənəviyyatımızın zirvəsi Şuşada - Azərbaycan xalqı, başını uca tut!


16-01-2021, 00:58
"Səhər tezdən yola çıxmışıq. İstiqamət Şuşa şəhəridir".
Azərbaycan xalqı bu səhəri Prezident İlham Əliyevin məhz bu mübarək sözləri ilə açdı. Sanki yuxular çin oldu, xalqın 30 illik həsrətinə, yanğısına su çiləndi, qəhərdən dolub-daşmaq, atəşdən yanıb-qovrulmaq üzrə olan ürəklər təpidi, yenidən doğulmuş kimi cana gəldi...
Niyə də olmasın? Axı Şuşa xalqımızın milli mənəviyyatının şah əsəri, zirvəsidir! Qalib Ordunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin bugünkü Şuşa səfəri məhz bu cür xarakterizə edilir.
Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Şuşa şəhərinə səfərdən öncə Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoydu. Bu, sıradan bir təməlqoyma, adi bir yol çəkilişi deyildi. Bu yol Azərbaycan xalqını öz milli mənsubiyyətinə, öz tarixinə və öz yurduna aparacaq. Məhz bu yolla xalqın Şuşa həsrətinə son qoyulacaq.
Elə, böyük qayıdış da məhz bu yoldan başlanmış sayılır. Bunu təməlqoyma mərasimində dövlətimizin başçısı da dedi - "Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik... Bu yol heç vaxt olmayıb. Qəhrəman hərbçilərimiz bu ərazilərdən keçib. Biz isə cəmi iki ay ərzində bu yolu açmışıq. Sonra, əlbəttə ki, yol genişləndiriləcək və asfalt döşənəcək. Azərbaycan vətəndaşları Şuşaya rahat gedəcəklər"...
Müzəffər Ali Baş Komandan Şuşada ilk olaraq üçrəngli bayrağımızı ucaltdı və ardınca hərbçilərlə görüşdü. İlham Əliyev orada öz qəhrəman əsgərlərinə bir daha lütfünü və təşəkkürünü ifadə etdi və "Əziz hərbçilər," xitabı ilə bildirdi ki, Şuşanın işğaldan azad edilməsi böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edirdi. Azərbaycan hərbçiləri bütün bu ülvi xüsusiyyətləri nümayiş etdirmişdir: "Mən Şuşaya Qələbə yolu ilə gəlmişəm. O yol indi açılıbdır, yol yox idi. Dağlardan, meşələrdən, dərələrdən keçərək, onlarla kilometr məsafəni qət edərək qəhrəman Azərbaycan hərbçiləri yol boyunca kəndləri, qəsəbələri düşməndən azad edib, Şuşa şəhərinə yaxınlaşıb, Daşaltı kəndini azad edib və ondan sonra Şuşanı işğalçılardan azad edib".
Məhz bu ifadələr hərbçilərimizə yeni qol-qanad verdi, onlarda yüksək vətənpərvərlik hissinin əbədi kök salmasını təmin etdi...
Dövlət başçısının bugünkü Şuşa səfərinin simvolik bir mənası da vardı. Çünki ilk dəfə 39 il bundan əvvəl Şuşada olub və həmin gün məhz yanvarın 14-nə təsadüf edib. "Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm. Düşmənin belini qıran Ordunun Ali Baş Komandanı kimi gəlmişəm və burada müqəddəs bayrağın altında, qəhrəman hərbçilərin önündə deyirəm ki, biz bu torpaqlarda əbədi yaşayacağıq!" - deməklə də Prezident İlham Əliyev bir daha atdığı hər addımın, verdiyi hər qərarın bir anlamı olduğunu ifadə etmiş oldu.
Prezident İlham Əliyev Şuşadan həm də bir sıra İslam ölkələrinə səsləndi, onlara çox açıq mesajlarını verdi: "Ermənistan daim çalışır ki, müsəlman ölkələri ilə münasibətlər qursun, bəzi ölkələrlə münasibətləri inkişaf etdirsin, özünü sanki müsəlman xalqlarına müsbət münasibət bəsləyən bir ölkə kimi qələmə versin. Hamısı yalandır. Əgər buna kimsə bu günə qədər inanıbsa, gəlsin Şuşaya, Ağdama, Füzuliyə, Cəbrayıla, bizim azad edilmiş digər torpaqlara, görsün ki, Ermənistan rəhbərliyi nə günə salıb müsəlman məscidlərini. Hər bir müsəlman üçün müqəddəs olan məbədlərimizi nə günə salıb. Dağıdıb, təhqir edib, donuz saxlayıb, inək saxlayıb, məscidlərimizin üzərində təhqiramiz ifadələr yazdırıb. Belə bir ölkə müsəlman ölkələri ilə dost ola bilərmi? Əlbəttə ki, yox...".
Odur ki, bundan sonra Ermənistan adlı bir dövlətlə hər hansı bir işə qol qoymaq istəyən İslam dövlətləri yüz ölçüb - bir biçməlidirlər. Ermənistan isə anlamalıdır ki, artıq hiylə siyasəti, əyalət təfəkkürü işləmir. Bu metod bir müddət ayaqda tutuna bilər, amma yeriməz!
Şuşa səfərinin mühüm məqamlarından biri də dövlət başçımızın orada Natəvan bulağını, Bülbülün ev muzeyini ziyarət etməsi, xüsusilə də 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimiz - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya aparmasıdır. Bütün bu addımlar Azərbaycan xalqını qürurlandırdı.
Yağı düşmən tərəfindən güllələnmiş büstlərin Şuşaya, öz doğma torpağına qayıdışı həm də Qələbəmizin rəmzidir. Ali Baş Komandan təsadüfən demədi ki, o vaxt mənfur düşmən tarixi şəxsiyyətlərin xatirə büstlərini əritmək niyyətində olub. Lakin bu abidələr məhz ulu öndər Heydər Əliyevin iradəsi sayəsində pulla alınıb. Bu, bir daha onu göstərir ki, mədəni irsin qorunması Azərbaycanda hər zaman ali məqsəd olub.
Bu gün Ermənistan Qarabağda qarğa-quzğuna yem olan hərbçilərinin leşlərinə sahib çıxa bilmədiyi halda, biz güllələnmiş heykəllərimizə belə sahib çıxdıq. Ali Baş Komandan işğal edilmiş torpaqları güclü iradəsi və əzmi hesabına qaytarmaqla Azərbaycan xalqının könlünü, həmin büstləri öz doğma yurdlarına qaytarmaqla isə dahi şəxsiyyətlərin ruhunu şad etdi!
Ən nəhayət, Şuşa səfərinin sonunda Müzəffər Komandan məşhur Cıdır düzündə armudu stəkanda milli mətbəximizin təamı olan paxlava ilə çay içərək dostlarımızı sevindirdi, düşmənlərin isə gözünü çıxardı. Odur ki, Azərbaycan xalqı, Sən qalibsən, başını uca tut!
Elgün MƏNSİMOV
Trend

Geri qayıt