Əsas Səhifə > Gündəm / SOSİAL MÜDAFİƏ > Nazirlikdən pensiya və təqaüdlərə edilən artımla bağlı açıqlama
Nazirlikdən pensiya və təqaüdlərə edilən artımla bağlı açıqlama12-01-2021, 23:44 |
“Bildiyiniz kimi, bu ilin əvvəlindən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təqaüdündə ciddi artımlar edildi. Eyni zamanda yeni sosial dəstək paketi çərçivəsində I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) sosial müavinət, təqaüd və pensiya əlavələri də optimallaşdırılıb”. Şəffaflıq.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov öz feysbuk hesabında bildirib. Onun sözlərinə görə, indiyədək I dərəcə əlilliyi olan şəxslərin (müharibə ilə əlaqədar əlilliyi olan şəxslər istisna olmaqla) pensiyasının üzərinə 22 manat əlavə olunmaqla verilirdi. 2021-ci ilin əvvəlindən bu əlavə (müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin pensiyasına əlavələr istisna olmaqla) ləğv olunsa da, əvəzində onlara verilən 100 manat təqaüd 30 manat artırılaraq 130 manata çatdırılıb. Beləliklə, I dərəcə əlilliyi olan şəxslərə yönələn sosial ödəniş nəticə etibarilə azalmır, əksinə, daha da artırılır. “Eyni zamanda, I dərəcə gözdən əlilliyi olan şəxslərin pensiyasının üzərinə edilən 110 manat əlavə də onların aldıqları 100 manat təqaüdlə birləşdirilib və 2021-ci ilin əvvəlindən onlara aylıq 210 manat təqaüd müəyyən edilib”. O, qeyd edib ki, fəlsəfə doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 120 manat əlavənin əvəzində də onlara yeni 120 manat məbləğində təqaüd təsis edilib: “Habelə elmlər doktoru elmi dərəcəsinə görə pensiyanın üzərində verilən 200 manat əlavənin əvəzində onlara yeni 200 manat təqaüd veriləcək. Göründüyü kimi, qeyd olunan şəxslərə yönələn sosial ödənişin forması dəyişsə də, nəticə olaraq onun məbləği dəyişmir. Ona görə də hazırda yanvar ayının pensiyasını alarkən müvafiq əlavənin olmadığını gördükdə bilsinlər ki, həmin əlavə məbləğ onların təqaüdləri ilə birləşdirilməklə və ya təqaüd formasında veriləcək. Yaxın günlərdə yanvar ayı üzrə təqaüdlərin də verilməsi təmin olunacaq. Fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan şəxslərə isə bildiririk ki, onlara qeyd edilən təqaüdlər elektron qaydada, proaktiv şəkildə təyin olunaraq ödəniləcək. Buna görə də təqaüd təyinatı ilə bağlı onların hər hansı quruma müraciət etmələrinə ehtiyac yoxdur”. Geri qayıt |