Əsas Səhifə > Müsahibə > Əflatun Amaşov: “2020-ci ildə mediamız döyüşmək öyrəndi”
Əflatun Amaşov: “2020-ci ildə mediamız döyüşmək öyrəndi”8-01-2021, 14:49 |
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya müsahibə verib. Şəffaflıq.az həmin müsahibəni oxucularına təqdim edir: - Əflatun müəllim, 2020-ci ili medianın fəaliyyəti baxımdan necə qiymətləndirərdiniz? - 2020-ci il ümumən ölkəmizin tarixində son dərəcə mühüm il idi. İşğal altından olan torpaqlarımız azadlığına qovuşdu. Müstəqilliyimizin elə bir ili olmamışdı ki, biz bunu xəyal etməyək, bir-birimizə arzu kimi bildirməyək. Xəyallarımız gerçəkləşdi, arzularımız reallığa çevrildi. Bir xalq üçün bundan böyük xoşbəxtliyi təsəvvürə gətirmirəm. Fürsətdən istifadə edib Vətən müharibəsindəki qələbəmizin memarı Prezident İlham Əliyevə bir daha təşəkkürümü çatdırıram. Ona nə qədər təşəkkür etsək, nə qədər minnətdarlıq hisslərimizi izhar etsək, azdır. Azərbaycan 44 günlük Vətən müharibəsində bir yumruq oldu. Dövlət başçımızın da bildirdiyi kimi, “dəmir yumruq”. Biz Xalq-Hakimiyyət, Xalq-Ordu vəhdətinin nəsillərə miras qalacaq ali nümunəsini gördük. Gözəl, unudulmaz, qürur və fəxarət dolu yaşantılarımız ömrümüzü mənalandırdı. Bir anlıq dünyanı cənginə almış koronavirus pandemiyasını unutduq. Halbuki ölkəmiz üçün pandemiya ilə mübarizə də 2020-ci ilin mühüm sınaqlarından idi. Bu sınaqdan da alın açıqlığı ilə çıxmaq üçün kifayət qədər mənəvi immunitet formalaşdırmağı bacardıq. Yekun nəticəyə gəlsək, 2020-ci ilin Vətən müharibəsində zəfərin əldə olunması və pandemiya ilə mübarizə istiqamətindəki tədbirlərlə yadda qaldığını söyləyə bilərik. Bu tədbirlərin hər birində jurnalistikamız monolit komandaya çevrildi. Media orqanlarımızın təmsilçiləri indiyədək görünməyəcək qədər fədakarlıq nümayiş etdirdilər. Doğrudur, ümumən jurnalist əməyi fədakar əməkdir. Dünyada da belə qəbul olunub. Çünki bu peşənin sahibləri ən qaynar nöqtələrdə olurlar. Kimlərsə çalışdıqları konkret sahələri düşünürlərsə, jurnalistlər ümumən cəmiyyəti, onun ruhunu və ovqatını nəzərə alırlar. Azərbaycanda jurnalist fədakarlığı üçün daha bir xarakterik xüsusiyyət isə budur ki, ölkəmizdə media iqtisadi münasibətlər sistemində tam oturuşmayıb. İstər-istəməz maliyyə sıxıntıları var. Amma bu dediklərim əvvəlki illərdə də olub. 2020-ci ilin özəlliyini nəzərə alaraq nəticəyə gəlirəm ki, ötən il jurnalistikamız üçün fədakar fəaliyyət ilidir. Mediamız xalqımızın sınaqlardan çıxma potensialının bir növ katalizatoru rolunu oynadı. Bu, son dərəcə vacib missiya idi. - Ötən il də, ondan əvvəlki illər də bir çox sahədə islahatların şahidi olduq. Demək mümkündürmü ki, 2020-ci ildə həm pandemiya ilə mübarizə, həm də Vətən müharibəsi sırf media sahəsindəki islahatların tempinə təsir göstərdi? - İslahat üçün vacib məqam gözləntilərin özünü doğrultmasıdır. Medianı digər sahələr kimi təsəvvür etmək düşüncəsindən uzağam. Bu istiqamət kifayət qədər mürəkkəbdir, spesifikdir. Onu da deyim ki, ümumən cəmiyyətimizin islahatlara yanaşmasında belə demək mümkünsə, inqilabilik gözləntisi var. Əlbəttə, bir çox sahədə reallaşdırılmış tədbirlər inqilabi mahiyyət daşıyır. Amma müəyyən proseslər var ki, davamlıdır. Mediada ayrı-ayrı elementlərə deyil, dəyişikliyin strukturuna diqqət yetirmək daha vacibdir. Hesab edirəm ki, hazırkı yanaşma elə bu yöndədir və pozitiv yeniliklər baxımından inam yaradır. Həm də ona görə ki, güclü media orqanlarına sahiblik günümüzün vacib tələbidir, dövtlətçiliyimizin möhkəmlənməsinin müstəsna şərtidir. - Yanaşmadan söz açdınız. Sizcə, yanaşmanın dəyişməsi nələri hədəf seçməlidir? - Hazırkı qloballaşma dövründə informasiya amilinin nə dərəcədə böyük əhəmiyyət daşıdığından xəbərdarıq. O cümlədən bilirik ki, informasiya özündə həm də informasiya təhlükəsizliyi kimi mühüm istiqaməti birləşdirir. 44 günlük Vətən müharibəsində informasiya savaşı da apardıq. Dünyanın təzyiqini üzərimizdə hiss etdik. Sizi inandırım ki, müharibə günlərində müstəqillik illərində heç zaman üzləşmədiyimiz təzyiqlə üzləşmişdik. Bunu peşəkar adam daha yaxşı duya bilir. Müharibə göstərdi ki, biz informasiya cəbhəsini gücləndirməliyik. Prezident İlham Əliyev 44 günün demək olar, hamısında müsahibələr verdi. Bunlar bizə informasiya cəbhəsində üstünlük qazandırdı. Halbuki müharibənin ilk günlərində beynəlxalq hüquqla özünə məxsus olan əraziləri qaytarmaq istəyən Azərbaycan az qala təcavüzkar kimi təqdim edilirdi. Bu mənfi tendensiyadan adam heyrətə gəlirdi. Beynəlxalq hüququn da, ədalətin də necə işlədiyini gördük! Yəni sözüm ondadır ki, bu sayaq meyllərə qarşı ancaq informasiya aktivliyimizlə mübarizə apara bilərik. Media orqanlarımız daha güclü, daha interaktiv fəaliyyət göstərməlidir. Eyni zamanda media müəyyən mənada lobbiçilik etməli, bu iş sistemli qurulmalıdır. Təbii, sistemli iş sistemli maliyyə vəsaiti də tələb edir. Baxış ayrı-ayrı kütləvi informasiya vasitələrinə maliyyə ayrılmasından daha çox, informasiya təhlükəsizliyinə vəsait yönləndirilməsi prinsipinə əsaslanmalıdır. Fikrimcə, fundamental yanaşma budur. Əlbəttə, prosesin müxtəlif tərkib hissələri də var. - Mətbuat Şurasının ötənilki fəaliyyəti ilə bağlı hansı məqamları vurğulaya bilərsiniz. Sizcə, Şura medianın özünütənzimləmə strukturu kimi yeni çağırışlara nə dərəcədə adekvat münasibət ortaya qoya bilər? - Təkcə Azərbaycanda deyil, ümumən dünyada Mətbuat şuralarının əsas missiyası media ilə bağlı şikayətləri araşdırmaqdır. Prinsipial baxış bundan ibarətdir. Azərbaycanda da Şura başlıca olaraq şikayətləri araşdırır. Təbii, ölkəmizlə bağlı spesifik məqamlar var. Bilirsiniz ki, Azərbaycanda medianın dövlətsizləşdirilməsi modeli qəbul edilib. Yəni KİV dövlət nəzarətindən kənardır. Belə bir durumda media ilə bağlı şikayətləri araşdıran özünütənzimləmə qurumundan gözləntilər istər-istəməz çox olur. Bir halda ki KİV-in yol verdikləri xətalar əsasən ictimai müstəvidə qiymətləndirilir, ictimai qınaq tətbiq edilir, o zaman iki məsələyə diqqət yetirmək zərurəti meydana çıxır. Birincisi, ictimai qınağın nə dərəcədə yetərli olması. İkincisi, medianın özünün həmin qınağa necə reaksiya verməsi. İkincidən başlayaq. Media ictimai qınağa, yəni Mətbuat Şurasının çıxardığı qərara hörmətlə yanaşırmı və ya nə dərəcədə hörmətlə yanaşır? Digər tərəfdən medianın fəaliyyətini mübahisələndirmək imkanları nə yerdədir? İndi o qədər internet KİV yaranıb ki, heç bilə bilmirik ki, onların ofisləri haradadır. Hərənin bir saytı var. Olur ki, vətəndaşlar hansısa internet media resursunun telefon nömrəsini soruşurlar. Tapa bilmirlər. Açığı bəzən biz də tapa bilmirik. Özləri isə yazmırlar, göstərmirlər. Yəni sözüm ondadır ki, hazırda mövcud sahədə bir növ anarxiya hökm sürür. Söz və ifadə azadlığının verdiyi imkanlara münasibətdə sanki qəsd var. Bu durumu aradan qaldırmaq üçün hüquqi norma və prinsiplər təkmilləşməlidir. Söhbət Mətbuat Şurasının prosesdə iştirakçılığından gedirsə, buna da diqqət yetirilməlidir ki, qurum səlahiyyət baxımından işin içindədirmi? Bəli, model olaraq Mətbuat Şurası demokratikdir. Çünki medianın özünütənzimləməsini rəhbər tutur. Düşünmürəm ki, bu modeldən imtina etməliyik. Sadəcə effektivlik istəyiriksə, çalışmalıyıq ki, işin norma və prinsipləri təkmilləşsin, yenilənsin. Haqqında söz açdığım ictimai qınaq yetərlidirmi? Bu da ayrıca müzakirə mövzusudur. Bəli, görürük ki, bir çox hallarda yetərli deyil. Ancaq hətta bu halda belə tənzimləmə normalarını seçməkdə ehtiyatlı davranılmalıdır. Prinsipiallığın qanunçuluğa əsaslanmalı vacibdir. Qanunlar elə təbiətə malik olmalıdır ki, media fəaliyyətinin yaradıcılıq imkanlarında axsamalar yaranmasın. Kimlərsə qanunlara söykənib düşünə bilməsinlər ki, onların köməyilə medianın tənqidi ruhuna qarşı çıxa bilərlər. Əslində hər şey çox sadədir. Biz bu sahəni bilirik. Etdiyimizin və etmək istədiyimizin hansı nəticələr doğura biləcəyini proqnozlaşdırmağı bacarırıq. Niyyətimiz səliqə-sahman yaratmaqdırsa, düşünüb elə edə bilərik ki, bundan jurnalistika prinsipləri də udsun, cəmiyyət də. Uzağa getməyək, bu günlərdə Özbəkistanda diffamasiya cinayət müstəvisindən kənarlaşdırıldı. Ölkədə internet medianın hüquqi bazası formalaşdırıldı. Diqqət yetirəndə görürsən ki, bunu çox sadə şəkildə reallaşdırdılar. Belə desək, özlərindən Amerika kəşf etmədilər. Biz də həmçinin. Yenə də bildirim, çox şeylər niyyətə bağlıdır. Mətbuat Şurası olaraq ötən illər ərzində dəfələrlə bu istiqamətdə təkliflər irəli sürdük. Söhbət hansısa toplantıda səsləndirilənlərdən getmir. Yazılı şəkildə təqdim olunmuşları deyirəm. Həmin təkliflərdə bütün detallar konkret şəkildə göstərilirdi. Əgər indiki islahat mərhələsində bunlar nəzərə alınacaqsa, inkişaf da labüddür. Məsələ onda deyil ki, həmin təkliflər Mətbuat Şurası tərəfindən irəli sürülüb. Başlıca məqam budur ki, onlar bütövlükdə media ictimaiyyətinin istək və arzularıdır. Sualınızın birinci hissəsinə gəlincə, onu deyə bilərəm ki, ənənəvi fəaliyyət istiqaməti, yəni şikayətlərin araşdırılması öz yerində, 2020-ci ildə Mətbuat Şurasının işində də iki başlıca istiqamət var idi. Koronavirus pandemiyası və Vətən müharibəsi. Pandemiya başlayanda biz dünya təcrübəsinə əsaslanaraq medianın prosesi işıqlandırmasına dair tövsiyələr hazırladıq və yaydıq. 6 tövsiyə xarakterli müraciətlərimiz oldu. Hesab edirəm ki, çağırışlarımız müsbət nəticələr verdi. Şura Vətən müharibəsi dönəmində xarici media orqanlarına, o cümlədən ölkəmizin media strukturlarına müraciətlər ünvanladı. Belə sənədlərin sayı 15-dir. Hesabatımızda bununla bağlı daha geniş məlumat verəcəyimiz üçün üzərində dayanmaq istəməzdim. Sənəddə həmçinin MŞ-yə şikayətlərin sayı, təsnifatı, həyata keçirilmiş tədbirlərlə bağlı rəqəmlər açıqlanacaq. Ümumən Şura hər il gördüyü işlərlə əlaqədar cəmiyyətə hesabat verir. - İslahatlardan söz düşmüşkən, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) bazasında səlahiyyətləri, fəaliyyət sferası daha geniş olan yeni qurumun yaradılmasının planlaşdırıldığı bildirilir. Bu, Azərbaycanda informasiya-kommunikasiya, medianın fəaliyyəti sahəsində geniş islahatlara start verilməsi kimi dəyərləndirilir. Bununla bağlı nələri söyləyə bilərsiniz. - Öncə onu deyə bilərəm ki, KİVDF-nin fəaliyyətində pozitiv meyllər yaranıb. Hiss olunur ki, orada işə kifayət qədər can yandıran komanda var. Heç şübhəsiz, nəticələr özünü gözlətməyəcək. Ümumən, ölkəmizdə hər sahədə aparılan islahatlar Azərbaycan dövlətinin, şəxsən cənab Prezidentin iradəsinin təntənəsidir. Cənab İlham Əliyevin mediaya necə həssas münasibət göstərdiyini hər birimiz bilirik. Bu münasibət sayəsində KİV-ə dövlət dəstəyi kifayət qədər fuksional əhəmiyyət daşıyır. Eyni zamanda jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması da sistemli prosesdir. Eləcə də əminəm ki, bu günlərdə anonsu verilən islahatlar da fundamental önəm kəsb edəcəkdir. Məsələyə baxışıma gəldikdə isə, yuxarıda bu barədə kifayət qədər söz açdım. Əlavə olaraq onu deyə bilərəm ki, islahatlar medianı ölkə iqtisadiyyatının mühüm tərkib hissəsinə çevirməlidir. Elə edilməlidir ki, KİV-in iqtisadi müstəqilliyi tam təmin edilsin. KİV sahəsində hüquqi normativ bazanın yenilənməsinə və təkmilləşməsinə ciddi ehtiyac var. Yaxşı olardı ki, KİV-in təkrar qeydiyyatı aparılsın. İnternet medianın hüquqi statusu formalaşmalıdır. Bloqgerlik, frilanserlik kimi müasir xəbər daşıyıcılarının da hüquqi münasibətlər sistemində özünə yer tapması mütləqdir. Ölkədə vahid KİV bankı yaradılmalıdır. Bu, bir növ, jurnalistlərin kataloqu olmalıdır. Yəni biz o kataloqa baxanda bilməliyik ki, sahədə kimlər var. Belə bir mexanizm əmək münasibətlərinin qaydaya salınmasında da müsbət rol oynayacaq. İnternet media orqanlarından danışırıqsa, onların qanunvericilikdə məhz KİV kimi qəbulu mütləqdir. İndiki halda bir çoxu təşkilati-hüquqi forma baxımından MMC-dir. Bu isə onları həm imtiyazlardan kənarda saxlayır, həm də onlarla bağlı məhkəmə mübahisələndirmələrinə birmənalı baxışın ortaya qoyulmasına maneçilik törədir. Yəni məsuliyyət məsələləri dəqiqləşdirilməlidir. Yəqin razılaşarsınız ki, bir MMC ilə KİV eyni məsuliyyəti daşıya bilməz. Bu, qanunlarımızda da əksini tapmalıdır. Jurnalistika sahəsində islahatlardan söz düşəndə hər zaman jurnalist təhsili məsələsini qabardıram. Bu istiqamətdə yanaşma dəyişməlidir. Ali məktəblərdə jurnalistika fakültələri var. Onların tədris proqramı yenilənməli, müasir tələblərə uyğunlaşdırılmalıdır. Amma bununla yanaşı jurnalistika sahəsindəki təhsilə instutsional yanaşma da şərtdir. Yəni bu iş ayrıca təşkil edilməlidir. Yalnız ali məktəblərin verdiyi təhsillə kifayətlənilməməlidir. Sahə jurnalistikası inkişaf etməlidir. O cümlədən bölgə jurnalistikası da. Görüləcək işlər çoxdur. Mətbuat Şurası zaman-zaman bu məsələlərin həm müzakirəsini aparıb, həm də konkret təkliflərlə çıxış edib. Həmin təklif və təşəbbüslərdən reallaşanlar da olub, gerçəkləşməyənlər də. Problem və çətinliklər dəyişməzdir. Əsas odur ki, işləri görmək üçün niyyət və iradə olsun. - Əflatun müəllim, 2020-ci ili mediamız üçün də pozitiv il kimi qiymətləndirsək, bunu söyləmək üçün hansı xarakterik cəhət və ya tendensiya üzərində dayanmaq mümkündür? Və 2021-ci il üçün gözləntinizi bilmək maraqlı olardı... - 2020-ci ildə mediamız döyüşmək öyrəndi. Əslində döyüşməyi bilirdik. Amma bir-birimizlə... Bəli, Vətən müharibəsi jurnalistlərimizə döyüşmək öyrətdi. Ən böyük pozitiv məqam budur. Peşə fəaliyyətini cəbhə bölgəsində həyata keçirən, eləcə də qələmini süngüyə çevirən həmkarlarımız oldu. Fürsətdən istifadə edib, hər birinə minnətdarlığımı bildirirəm. Döyüşmək dedikdə nəyi nəzərdə tuturam? Müharibə mövzu olaraq jurnalistikamız üçün maraqlıdır. Bu, öz yerində. Ancaq ona marağın vətənpərvərlik duyğusu da önəmli faktordur. Media orqanlarımızın təmsilçiləri Vətən müharibəsi günlərində əsl vətənpərvərə çevrildilər. Düşmən mediasını izləyənlər kim, xarici mediada yazılanlara diqqət yetirənlər kim - əvvəldə də dediyim kimi, müqəddəs amal uğrunda monolitlik gördük. Bu fəaliyyət dövlətin də hadisə və proseslərə operativ yanaşmasını şərtləndirdi. Əlbəttə, Müdafiə Nazirliyinin, eləcə də Xarici İşlər Nazirliyinin işinin timsalında dövlətin özünün çevik münasibət tempinə şahidlik etdik. Amma düşünürəm ki, əldə edilmiş uğurda media-dövlət əməkdaşlığı müstəsna rol oynadı. Xarakterik pozitiv məqam kimi bu da vurğulanmalıdır. O ki qaldı 2021-ci ildən gözləntilərə, onlar böyükdür. Prezident İlham Əliyev Qarabağın dirçəldilməsi baxımından həyata keçiriləcək tədbirlərdən söz açdı. Dövlətimizin bununla bağlı fəaliyyət strategiyası mövcuddur. Həqiqətən nəhəng işlərin görülməsi nəzərdə tutulur. Əminəm ki, görüləcək də. Biz Qarabağımızı cənnətə çevirəcəyik. Mediamız bu proseslərin yerli və dünya ictimaiyyətinə çatdırılmasında fəal olmalıdır. Halalımız olan Qarabağa gücümüzlə sahibləndiyimiz kimi, qarşıdakı illərdə ona mənəvi baxımdan da sahiblənməliyik. Qarabağ informasiya məkanımızın mühüm tərkib hissəsinə çevrilməlidir. Azərbaycan dünyaya azad edilmiş torpaqlarda fəaliyyət göstərən yerli kütləvi informasiya vasitələrinin dili ilə səslənməlidir. Torpaqlarımızın hər cığırı, yolu, hər kəndi, qəsəbəsi, hər daşı və qayası obrazlı desəm, dil açıb danışmalı, dünyaya özünün bizə məxsusluğunu bəyan etməlidir. Bu istiqamətdəki fəaliyyət yalnız mənəvi öhdəlik deyil. Bu fəaliyyətlə informasiya savaşında da mühüm yeni üstünlüklər qazanmış olacağıq. Savaş isə bitməyib, davam edir. Geri qayıt |