Əsas Səhifə > Gündəm / Dünya > Qərb mediasına görə Vaşinqtondakı iğtişaşların yeganə günahkarı Donald Trampdır
Qərb mediasına görə Vaşinqtondakı iğtişaşların yeganə günahkarı Donald Trampdır7-01-2021, 22:10 |
ABŞ-ın paytaxtı Vaşinqtonda ölkə tarixində görünməmiş hadisə baş verdi. Artıq “keçmiş” sayıla biləcək prezident Donald Trampın tərəfdarları Konqres binasına basqın həyata keçirərək burada iğtişaşalar törədib. Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, dünya mediası burada əsas günahkar olaraq Donald Trampı görərək, onun öz çağırışları ilə tərəfdarlarını radikal hərəkətlərə sövq etdiyi barədə ümumi rəy bildirib. Bundan başqa, siyasi analitiklər son insidenti keçmiş dövlət başçısının ən böyük səhvlərindən biri olduğunu vurğulayıblar. “Times” qəzeti məhz Trampın bu hadisələri qızışdırdığı qənaətindədir. “The Guardian” hətta keçmiş prezidentin dövlət çevrilişini həyata keçirmək istədiyini bildirib. Qəzetin redaksiya yazısında Trampın əsas məqsədinin “Co Baydenin prezidentliyinin legitimliyini şübhə altına alaraq, onun gələcək administrasiyasının gücünü azaltmaq” olduğu yazılıb. “İndependent” Donald Trampın vaxtilə “Amerikanın 3-cü dünya ölkəsi halına gəldiyi” barədə sözlərini xatırladaraq, indi onun öz davranışları ilə Birləşmiş Ştatları hakimiyyətlərin zorakılıqla ötürüldüyü dövlətə çevirdiyini bildirib. Qəzet son proseslərin amerikalılar üçün dərs xarakteri daşıdığını və Tramp kimilərin bir daha iqtidara gəlməməli olduğunu qeyd edib. “Daily Telegraph” keçmiş prezidentdən başqa onun mənsub olduğu Respublikaçılar partiyasının öndə gələn xadimlərini suçlayıb. Qəzetin fikrincə, respublikaçılar vaxtilə Trampı müdafiə etməklə “Pandora qutusu”nun qapağını açmış olublar. “Kapitolidəki insident onu göstərir ki, “trampizm” əslində heç bir yerə getməyib və bundan sonra da Respublikaçılar partiyasının önəmli kəsimindən dəstək görəcək”,-deyə məqalədə yazılıb. “The New York Times” Donald Trampın prezident kürsünüə əyləşəndən bu yana sui-qəsd nəzəriyyələrinə aludə olduğunu və rəqibləri ilə ilə kobud davrandığını önə sürüb: “Məhz bunun nəticəsində qəzəbli kütlə vəzifəsinə yapışıb qopmaq istəməyən liderinin qızışdırması nəticəsində Kapitoliyə hücum çəkib”. “NYT” 2021-ci ilin yanvarın 6-nın ABŞ tarixinin ən qara günlərindən biri olaraq səciyyələndirib. İqtidarda olduğu dövrdə Donald Trampı tam müdafiə edən tək-tük media qurumlarından sayılan “Fox News” kanalı da son insidentə haqq qazandıracaq heç bir şey tapmayıb. Kanalın məşhur icmalçılarından Derek Merdok baş verənləri sabotaj aktı adlandırıb. “Bu idiotlar indi daxili və beynəlxalq arenada parlaq qələbələr qazanan Donald Trampa heyran qalan bizim kimi insanların həyatını çətinləşdirdi.”,-analitik fikrini ifadə edib. “The Wall Street Journal” çərşənbə günü baş verən bu hadisənin hələ bir çox illər boyunca dərin izlər buraxacağını və onun tarixçilər tərəfindən ciddi şəkilə araşdırılmalı olduğunu qeyd edb. Almaniyanın “Süddeutsche Zeitung” qəzeti isə ABŞ-ın anarxiyaya doğru sürükləndiyini iddia edib. Qəzet öz ölkəsinə, onun qanunlarına ikrahla yanaşan bir liderin məsuliyyətə cəlb olunmasının vaxtının gəlib çatdığını yazıb. Geri qayıt |