Əsas Səhifə > REGİON > Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulmasına başlanılıb - FOTO\VIDEO

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulmasına başlanılıb - FOTO\VIDEO


5-01-2021, 20:58
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur. Yolun layihəsi 2020-ci ilin iyulun 29-da İsmayıllı rayonunun Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolunun açılışı zamanı ölkə başçısı İlham Əliyevə təqdim olunmuşdur. 
Şəffaflıq.az xəbər verir ki, Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalaraq 76,6 kilometr təşkil edəcək. Mövcud 2 zolaqlı avtomobil yolu genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq.
Yeni layihə üzərində 8 körpü var. Bunlardan 5 mövcud körpü 4 zolağa uyğun genişləndiriləcək, 3 körpü yolun dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun layihələndirilərək tikiləcək. Bunlardan Girdiman çayı, Cülyançay çayı, Quruçay çayı Ax-ox çayı, və Göyçay çaylarının üzərindəki körpülər İsmayıllı rayonu ərazisinə düşür. Artıq bu çərçivədə işlərə başlanılıb. Ağsu çayı üzərində tikiləcək körpünün uzunluğu 634 metrdən ibarət olacaq. Hal-hazırda körpülərin dayaqları qurulur.Qeyd edək ki, Muğanlı-İsmayıllı avtomobil yolu paytaxtımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları ilə birləşdirən ən qısa yoldur. Respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin tapşırığına əsasən layihələndirilib.
Layihənin əsas məqsədi hərəkət şiddəti və yolun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması, yol-nəqliyyat hadisələrinin, səyahət müddətinin eləcə də nəqliyyat xərclərinin azaldılması, iqtisadi artımın sürətləndirilməsi, sürücülər və yerli əhali üçün yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, avtomobil yolunun keçdiyi ərazilərdə, regionun potensial imkanlarının genişləndirilməsi və regionda turizmin inkişafıdır.Hazırda pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyana, ölkəmizin Vətən Müharibəsindən yeni çıxmasına baxmayaraq əvvəldən nəzərdə tutulmuş abadlıq-quruculuq işləri və layihələr plana uyğun davam edir. Bunlar dövlətimizin və iqtisadiyyatımızın güclü olmasının nəticəsidir. Bu gün İsmayıllıda çəkilən yol sabah Şuşada, Xankəndində, Laçında çəkilən yollarla birləşərək bizi Qarabağımıza apararacaq.



Vahid İsmayılov.
İsmayıllı rayonu
Şəffaflıq.az
Geri qayıt