Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > DB Azərbaycanda avtomobil yollarının yaxşılaşdırılması layihəsinin dəyərini dəqiqləşdirib

DB Azərbaycanda avtomobil yollarının yaxşılaşdırılması layihəsinin dəyərini dəqiqləşdirib


4-01-2021, 18:39

 

2020-ci il dekabr ayının ortalarına olan vəziyyətə görə, Dünya Bankının (DB) “Azərbaycanda üçüncü yol layihəsi”nin icrası üçün ayırdığı kreditin istifadə olunmuş məbləği təqribən 311,3 milyon ABŞ dolları (əlavə maliyyələşdirmə də daxil olmaqla, bankın ümumi öhdəliklərinin 99,6 %-i) təşkil edir.

Şəffaflıq.az DB-nin hesabatına istinadən xəbər verir ki, layihə reallaşdırılması inkişaf hədəflərinə çatmaq yolunda irəliləyir.

“Avtomobil yoluna xidmət göstərilməsi məqsədilə üç bölmə üçün ofis və depo tikintisi üzrə alt komponent istisna olmaqla, layihənin bütün əsas fəaliyyətlərinin icrası vaxtında başa çatdırılıb”, - hesabatda deyilir.

Layihənin 31 mart 2021-ci il tarixində sona çatacağı planlaşdırılır.

Qeyd edək ki, layihə üç komponentdən ibarətdir. 369,6 milyon ABŞ dolları dəyərindəki birinci komponent M4 Bakı-Şamaxı avtomobil yolunun 94 km-lik hissəsinin və M3 Yenikənd-Şorsulu avtomobil yolunun 48 km-lik hissəsinin dörd zolaqlı magistrala qədər modernləşdirilməsi daxil olmaqla magistral yolun yaxşılaşdırılmasını nəzərdə tutur. 19,35 milyon ABŞ dolları dəyərindəki ikinci komponent avtomobil yollarına texniki xidmət üzrə islahata dəstək (Azərbaycan avtomobil yollarının idarə edilməsi və maliyyələşdirilməsi) təklif edir. 5,32 milyon ABŞ dolları dəyərindəki üçüncü komponent layihənin idarə edilməsi və texniki yardım və layihənin reallaşdırılması üçün əlavə xərclərin maliyyələşdirilməsi də daxil olmaqla, “Azərbaycan Avtomobil Yolları” QSC-yə (indiki - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi – red.) institusional dəstəyi özündə ehtiva edir.

Daha əvvəl birinci komponentin dəyəri 448,1 milyon ABŞ dolları, ikincisi 25 milyon ABŞ dolları, üçüncüsü isə 4 milyon ABŞ dolları dəyərində qiymətləndirilirdi.

Müvafiq olaraq layihə əvvəlcədən nəzərdə tutulduğu kimi 477,1 milyon ABŞ dollarına yox, 394,27 milyon ABŞ dollarına başa gələcək.

“Report”un daha əvvəl məlumat verdiyi kimi, layihə çərçivəsində qənaət edilmiş təxminən 65 milyon ABŞ dolları Salyan-Biləsuvar yolunun 54 km uzunluğunda olan hissəsinin yenidənqurulmasını nəzərdə tutan “Regional əlaqələr və inkişaf” (Regional connectivity and development) yeni yol layihəsinin həyata keçirilməsinə sərf ediləcək. Layihə 2021-ci ilin aprel ayına qədər başa çatacaq.

Xatırladaq ki, DB-nin Direktorlar Şurası 2010-cu ilin may ayında Azərbaycana avtomobil yollarının yaxşılaşdırılıması üzrə üçüncü layihənin icrası üçün 241,6 milyon ABŞ dolları həcmində kredit verilməsini təsdiqləyib. Kredit iki hissədən ibarət olub. O cümlədən 171,6 milyon ABŞ dolları Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) şərtləri ilə 4 illik güzəşt dövrü ilə 17 il müddətinə ayrılıb. Digər 70 milyon ABŞ dolları isə Beynəlxalq İnkişaf Assosiasiyasının (IDA) şərtlərinə əsasən, 10 illik güzəşt dövrü ilə 20 illik müddətə təmin edilib.

Layihənin ilkin dəyəri Azərbaycan hökumətinin iştirakı nəzərə alınmaqla 356,15 milyon ABŞ dolları olub. 2016-cı ildə Azərbaycan DB-dən 140 milyon ABŞ dolları dəyərində əlavə maliyyələşdirmə cəlb edib və bu kredit müqaviləsi çərçivəsində hökumətin payı 43,5 milyon ABŞ dolları təşkil edib.

Geri qayıt