Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan Baramaçılar Assosiasiyası təsis olunub

Azərbaycan Baramaçılar Assosiasiyası təsis olunub


25-12-2020, 21:47

 

“Azərbaycan Baramaçılar Assosiasiyası” İctimai Birliyinin təsis olunmasına həsr edilmiş toplantı keçirilib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, onlayn formatda keçirilən tədbirdə nazirliyin nümayəndələri, Aqrar Elm və İnnovasiya Mərkəzinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərləri, Qax Damazlıq İpəkçilik Stansiyasının təmsilçiləri, həmçinin 28 rayondan 64 kümçü iştirak ediblər.

Toplantıda çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bildirib ki, barama istehsalçılarının vahid platformada birləşməsi kümçülərin daha səmərəli fəaliyyətinə müsbət təsir edəcək. Bu səbəbdən kümçülərin bir araya gələrək ictimai birlik təsis etməsi təşəbbüsü təqdirəlayiqdir və nazirlik fermerlərin ixtisaslaşmış birliklər formatında təşkilatlanması təşəbbüslərini hər zaman dəstəkləyir.

Toplantı iştirakçıları “Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı”nın qəbul olunduğunu xatırladaraq, dövlətin subsidiya mexanizmləri vasitəsilə proqramdan irəli gələn vəzifələrin yerinə yetirilməsinə dəstək göstərdiyini bildiriblər.

Görüşdə yaş barama istehsalı və emalı, ipəkçilik məhsullarının ixracı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrotexniki qulluq qaydalarına düzgün riayət etməklə barama istehsalının artırılması, xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin gücləndirilməsi və s. mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Toplantının sonunda “Azərbaycan Baramaçılar Assosiasiyası”nın təsis olunması barədə qərar qəbul olunub. İctimai Birliyin Nizamnaməsi müzakirələrdən sonra təsdiq edilib. Səsvermə nəticəsində Abdul Orucov Assosiasiyanın sədri, Laləzar Heydərova və Tehmur Musayev sədr müavinləri seçiliblər. Bundan başqa, Assosiasiyanın 15 nəfərdən ibarət İdarə Heyəti formalaşdırılıb. Assosiasiyanın rəsmi qeydiyyatdan keçirilməsi üçün sənədlər hazırlanaraq Ədliyyə Nazirliyinə göndəriləcək.


Şəffaflıq.az
Geri qayıt