Əsas Səhifə > SİYASƏT > Razi Nurullayev: “Mən bunu vətəndaşlarımıza qarşı ədalətsizlik hesab edirəm”
Razi Nurullayev: “Mən bunu vətəndaşlarımıza qarşı ədalətsizlik hesab edirəm”25-12-2020, 18:39 |
“Kəndliyə və kənd təsərrüfatına daha çox diqqət lazımdır. Bu şəhəri, insanları, sizləri və bizləri dolandıran əli qabarlı kəndlilərdir. Bu torpağı da erməni işğalından azad edənlərin çoxu da o kəndçinin, o kasıbın balaları idi. O kasıbın balaları ki, Prezident İlham Əliyevə qəlbi və canı ilə bağlı oldu”. Bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində deputat Razi Nurullayev söylədi. Deputat bildirdi ki, tarix boyu bütün imperiyaları da, varlı və kasıb dövlətləri də kasıb balaları saxlayıb, ucaldıb, qalib edib: “O kasıbın iş qurmaq üçün güzəştli kənd təsərrüfatı kreditinə ehtiyacı var. Güzəştlərdən bir neçə faiz fermer yararlana bilir. Vəsait azdır. Amma əksəriyyətin əsasən, 2 min manatdan 10 min manata kimi tam güzəştli kreditə ehtiyacı var. Daha gedib banklardan 17-29 faizə kredit götürüb öz evlərini öz əlləri ilə yıxa bilməzlər ki. Bəlkə yalan danışıram? Bu gün çətin vəziyyətdə olduğumuzu bilirəm. Amma nə zamansa problemimiz yoxdur deyilməsi də yadıma gəlmir. Bir il inflyasiya, bir il neft ucuzlaşdı, bir il büdcəni talayanlar çox olub, bir il daxili şok olub, o biri il xarici şok olub, digər il dünyada maliyyə böhranı olub, bu il pandemiya və zəfər ili, gələn il də işğaldan azad edilən torpaqların bərpası. Bəs nə zaman deyəcəyik ki, gəlin bu il də onilliklər boyu vətəndaşların arzusu olan niyyətləri həyata keçirək? Bu xalq saldo, profisit, defisit, ÜMD, daxili və xarici şok, subvenisya, dotasiya nədir bilmir, OPEC qaldırdı, OPEC endirdi başa düşmür. Bezib hər il eyni şeyləri eşitməkdən. Populizm olmasın, siyasi xal qazanmaq istəyir deməsinlər deyə, uşaq pulu sözünü tribunadan dilimə gətirmədim. Hərçənd ki, deputat seçkilərində əsas vədim uşaq pulu məsələsinin birinci plenar iclasda qaldırılması idi. Bu il daha keçdi, amma növbəti ilin büdcəsində uşaq pulu mütləq olmalıdır. Bu torpağı, bu vətəni saxlayan, bizə zəfər sevincini yaşadan, Ali Baş Komandanın əmirlərini müntəzəm yerinə yetirən o kəndçilərin, o kasıbların, 5-10 manat uşaq pulu tələb edənlərin övladları idi. Hər zaman belə olub, belə də olacaq”. Deputat bildirdi ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident də xalqın rifah içində yaşamasını istəyir: “Hökumətin işi isə bunu həll etməkdir. Daş-divar hörmək, rəng çəkmək, bəzək-düzək etmək, dövlət idarələrinə möhtəşəm, gözoxşayan idarələr tikmək lazımdır, amma xalqın rifah içində yaşaması daha vacibdir. Hörmətli nazirlərimizi, hökumət üzvlərimizi hər zaman dinləyirəm. Hər birisi o qədər gözəl danışır, deyirəm ki, bəlkə Yaponiyada yaşayıram, bəlkə yuxuya getmişəm, xəbərim yoxdur. Xalqın ehtiyacını, problemini, haqlı istək və arzularını bilmək üçün onun yanında olmaq lazımdır. Çində məmurları 10-15 gün kasıbların içində və elə onun evində yaşamaq üçün kəndlərə ezam edirlər. Bax bundan sonra Çin indiki vəziyyətə gəldi. Bizlər rahat kreslolarda, rahat isti otaqlarda onların nə çəkdiyini anlaya bilmərik. Quru, zinə torpaq üstündə yaşayan, evinin içində başına yağış tökən, aylarla ət üzünə həsrət qalan, övladına təhsil verə bilməyən ailəni başa düşmək və onun ehtiyacına uyğun işləmək üçün gərək onunla bir yerdə o kirli yorğan-döşəkdə yatasan, gərək onun kimi sənin də ayağın palçığa batsın, gərək onun kimi sənin də paltarından kərmə peçinin pis qoxusu gəlsin, gərək sən də qış günündə dişlərini soyuq su ilə fırçalayasan, ayda-ildə bir dəfə hamamda yuyunasan. Görünür, bunu etməsək xalqı başa düşə bilməyəcəyik”. R.Nurullayev iclasda iştirak edən hökumət üzvlərinə xitab etdi: “Hörmətli hökumət üzvləri, Prezidentin qarşıya qoyduğu ümdə vəzifələrdən biri 2014-cü ilə kimi ölkənin tam olaraq qazlaşdırılması idi. Bu gün bütün ölkə boyu xeyli qazlaşdırılmayan kəndlər var. Azərbaycanın müxtəlif bölgələrindən, o cümlədən İmişlinin də 10 kəndindən şikayətlər daxil olur ki, əgər qazlaşma həyata keçirilməsə etiraza qalxacaqlar. Mən də onların etiraz tədbirinə qoşulmaq məcburiyyətində qalacam, çünki, neçə illər başlarının altına yastıq qoymuşuq, daha yastıqlar da bitib, tükənib. Mən bunu vətəndaşlarımıza qarşı ədalətsizlik hesab edirəm”. Şəffaflıq.az Geri qayıt |