Əsas Səhifə > Gündəm > Milli Məclisdə aidiyyəti qurumlara çağırış edildi

Milli Məclisdə aidiyyəti qurumlara çağırış edildi


16-12-2020, 13:23

 

“Şəhid və qazi ailələrinin banklarla bağlı ciddi problemləri var”; deputatlar bank faizləri, xaricdəki pullarımız və sahibkarlığın vəziyyətindən danışdılar; bayram günlərinin siyahısına Zəfər günü də əlavə olundu...

Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, gündəliyə 13 məsələ daxil edilib.
Gündəlik təsdiqləndikdən sonra spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, müzakirəyə çıxarılan ilk iki qanun layihəsi Prezidentin bir məktubu ilə daxil olub və mahiyyətcə bir-birinə yaxındır.

Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” qanun layihəsidir. Gündəliyin ikinci məsələsi bu dəyişikliklə əlaqədar olaraq “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə" qanun layihəsidir: “Birinci layihə ad dəyişikliyi ilə bağlıdır, ikinci layihə isə uyğunlaşdırma xarakteri daşıyır. Hər iki qanun layihəsini biz bir oxunuşda qəbul etməliyik”.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov qanun layihələri barədə məlumat verib. Bildirib ki, Şamaxı rayonunun inzibati ərazisindəki Saqiyan kəndinin adı Azərbaycan etnosu, milli-irsi dəyərləri, xalqımızın tarixi, coğrafiyası, yerli əhalinin məişəti ilə heç bir bağlılıq daşımır: “Məsələ ilə bağlı Toponimiya Komissiyası ilə müvafiq məsləhətləşmələr aparılıb, yerli sakinlərin münasibəti öyrənilib. Coğrafi ərazi baxımından güney ərazidə yerləşən kəndin Günəşli adlandırılması məqsədəuyğundur. Layihəyə əsasən, Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılır, Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilir”.

Siyavuş Novruzov “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə" qanun layihəsi ilə bağlı bildirib ki, bələdiyyələrin siyahısının Şamaxı rayonu bölməsində Saqiyan bələdiyyəsinin adı Günəşli bələdiyyəsi ilə, Saqiyan kəndinin adı Günəşli kəndi ilə əvəz olunur.

Müzakirələr zamanı deputatlar Tahir Kərimli və Aydın Mirzəzadə məsələ barədə öz fikirlərini açıqlayıblar. Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya Komissiyasının sədri İsa Həbibbəyli öz çıxışında Saqiyan sözünün mənşəyi barədə məlumat verib, kəndin Günəşli adlandırılmasında onun yerləşdiyi coğrafi ərazinin xüsusiyyətlərinin nəzərə alındığını deyib.

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə bildirib ki, məsələ ilə bağlı deputatlar tərəfindən hər hansı irad və təklif daxil olmayıb. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gündəlikdəki növbəti iki məsələni - “Əmanətlərin tam sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Əmanətlərin sığortalanması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini ikinci oxunuşda təqdim edib. Komitə sədri birinci oxunuş zamanı deputatların səsləndirdiyi fikirlərə münasibət bildirib.

“Əmanətlərin tam sığortalanması haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəyə əsasən, 4 il 9 ay ərzində qüvvədə olan bu qanunun müddəti iki dəfə uzadılaraq cari ilin dekabrın 4-də başa çatıb. Bununla əlaqədar olaraq təqdim olunmuş layihədə qanunun qüvvədə olma müddətinin 2021-ci ilin 5 aprel tarixinədək uzadılması təklif olunur. “Əmanətlərin sığortalanması haqqında” Qanuna təklif olunan dəyişikliyə görə, fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması nəzərdə tutulub. Sənəddə eyni zamanda fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur. Qanun layihəsinə görə, notariusların depozit hesablarında qalmış fiziki şəxslərə məxsus pul vəsaitlərinin tam məbləğdə sığortalanması da nəzərdə tutulub.

Deputat Vahid Əhmədov banklarla bağlı problemlərə diqqət çəkib: “Mərkəzi Bankın sədri ilə Milli Məclisin komitə iclasında keçirilən görüşdə bildirdik ki, müharibə artıq başa çatıb”. Millət vəkili qeyd edib ki, şəhid və qazi ailələrinin banklarla bağlı çox ciddi problemləri var: “Mərkəzi Bankın sədrindən xahiş etdik ki, Banklar Assosiasiyası, ümumiyyətlə, bu ailələrin banklarda olan kreditlərini silməklə bağlı məsələyə baxsın.

Banklarda vəsait yoxdursa, Mərkəzi Bank mərkəzləşdirilmiş kredit sistemi ilə həmin banklara kredit verə bilər. Biz həmin qazi və şəhidlərin hesabına ərazi bütövlüyümüzü bərpa etmişik”.

Deputat Qüdrət Həsənquliyev gündəlikdəki məsələ ilə bağlı geniş çıxış etdi: “Mən Tahir müəllimə də öz minnətdarlığımı bildirirəm ki, birinci oxunuşda mənim qaldırdığım məsələlərə öz nöqteyi-nəzərindən aydınlıq gətirməyə çalışdı. Biz bu gün əmanətlərin sığortalanmasından danışırıqsa, insanları narahat edən bank sektorundakı vəziyyətə millət vəkilləri, xalqın təmsilçiləri olaraq münasibət bildirməliyik. Tahir müəllim çox düzgün olaraq qeyd edir ki, mən uzun illərdir bu məsələni qaldırıram ki, Neft Fondunun vəsaitlərinin bir hissəsi yerli banklarda saxlanılsın.

Tahir müəllim də söylədi ki, buna mövcud qanunvericilik də imkan verir. Yəni həmin vəsaitlərin 5 faizi bizim yerli banklarda saxlanıla bilər. Amma çox təəssüf ki, bu günə qədər bu, edilmir”.

Q.Həsənquliyev millət vəkillərinin diqqətini xüsusi bir məsələyə yönəltmək istədiyini bildirdi: “Keçən dəfə Rüfət müəllim, indi isə Tahir müəllim qeyd etdi ki, o vəsaitlərin bir hissəsinin Azərbaycana gətirilməsi manatın kursuna mənfi təsir edə, inflyasiyaya təsir göstərə bilər. Mən, sadəcə olaraq, bizim hörmətli iqtisadçılardan soruşmaq istəyirəm ki, ölkəyə investisiya qoymadan iqtisadiyyatı necə inkişaf etdirmək olar?

Dünyanın hər yerində sahibkarlar banklarla işləyirlər. Tahir müəllim qeyd etdi ki, Azərbaycanda qoyulan investisiyaların 15 faizi banklardan götürülmüş kreditlərdir, qalanı isə vətəndaşların, yaxud sahibkarların, hüquqi şəxslərin öz vəsaitləridir. Elə bu rəqəmin özü göstərir ki, burada ciddi anormallıq var”.
Deputat əlavə edib ki, banklar dünyanın hər yerində iqtisadiyyatın qan-damar sistemidir: “Bank maliyyələşdirməsi olmadan iqtisadiyyatın inkişafı mümkün deyil. Onsuz da bizim bir çox banklarımız xarticdən vəsait cəlb edirlər, sonra onun da üzərinə bir az pul qoyub sahibkarlara verirlər. Hörmətli Tahir müəllim, faizlər yuxarı olduğu üçün Azərbaycanda 7 milyard sərbəst vəsait qalıb. Ona görə ki, o faizlərlə heç kim kredit götürmək istəmir. Onu sonra qaytarmaq faktiki olaraq mümkün deyil. Elə bir gəlirli sahə yoxdur ki, o vəsaiti qaytarmaq mümkün olsun. Ona görə də 10 milyonluq Azərbaycan kimi ölkədə iqtisadiyyata yüz milyardlarla investisiya qoyulmalıdır. Buna görə, mən söyləyirdim ki, dünyadakı nüfuzlu xarici banklar Azərbaycana dəvət olunsun, investisiya cəlb edilsin. Öz Neft Fondumuzun vəsaitinin bir hissəsi gətirilib yerli banklarda saxlanılsın. Onda vətəndaşlar da həmin banklara öz pullarını qoyacaqlar. Fikirləşəcəklər ki, əgər dövlət yerli banklarda, özəl kommersiya banklarında pulunu saxlaylrsa, deməli, biz də həmin banklara öz pulumuzu qoya bilərik. İndi evlərdə çoxlu böyük vəsaitlər var. Camaat həmin pulları evlərdə saxlayır və iqtisadiyyata yatırmağa cəsarət, risk etmirlər. Ona görə mən bu məsələni hər dəfə qaldırıram. Bir məsələni xüsusilə İqtisadiyyat komitəsinin üzvlərinin diqqətinə çatdırıram. Ona görə ki, onlar hökumətlə bu istiqamətdə daha çox təmasda olurlar. Bizdə neft pulları Tahir müəllim qeyd etdi ki, büdcəyə daxil olur və onu büdcə vasitəsilə dövlət xərcləyir. Mən hər zaman söyləmişəm ki, xaricdə öz biznesini qura bilməyən insanlar dövlət qulluğuna gedirlər. 


Əsasən bu belədir, əlbəttə, istisnalar da var. Ona görə də biz imkan yaratmalıyıq ki, həmin pulları banklar vasitəsilə sahibkarlar xərcləsin. Sahibkar təfəkkürü fərqlidir. Onlar daha yaxşı bilirlər, pulu hara qoymaq və haradan daha çox qazanc götürmək olar. 

İndi kimsə deyə bilər ki, əlbəttə, bizdə Sahibkarlığa Yardım Fondu vasitəsilə də sahibkarlara ucuz kreditlər formasında müəyyən vəsaitlər verilir. Söhbət təqribən 200 milyon vəsaitdən gedir ki, biz bunu büdcədən ayırırıq. Bu, olduqca kiçik bir vəsaitdir. İkincisi, orada da məmur müəyyənləşdirir ki, bu layihəni maliyyələşdirmək olar, yoxsa yox? Amma bunu banklarla sahibkarların öz aralarına buraxmaq lazımdır”.

Deputat dedi ki, sahibkarlara o neft pullarından istifadə etmək imkanı yaradılmalıdır: “O, xalqın vəsaitləridir və banklar vasitəsilə də sahibkarlar o vəsaitdən istifadə eləməlidirlər. Ona görə mən hər zaman söyləyirəm ki, ucuz kreditlər olmadığı təqdirdə Azərbaycanda iqtisadiyyata ciddi investisiya qoyuluşu olmayacaq. İndi qarşıdan büdcə müzakirəsi gəlir. Çox təəssüf ki, bu məsələ yubanır, il başa çatır və biz büdcəni təsdiq etməliyik. Bu məsələyə də aydınlıq gətirilsəydi, yaxşı olardı”.

Deputatlar Siyavuş Novruzov, Razi Nurullayev, Fəzail Ağamalı, Mahir Abbaszadə, Rüfət Quliyev və digər millət vəkilləri qanun layihələri barədə öz fikirlərini bildirdikdən sonra hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər barədə (ikinci oxunuş) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Layihəyə əsasən, Əmək Məcəlləsinin 105-ci maddəsində nəzərdə tutulan bayram günlərinin siyahısına 8 noyabr - Zəfər günü də əlavə edilir və qeyri-iş günü olan bayram günlərinə aid edilir. Digər bir dəyişikliklə məcəlləyə yeni - 106.1-ci maddə əlavə edilir. Əlavədə deyilir ki, hər il sentyabrın 27-si Azərbaycan Respublikasının işğal altındakı torpaqlarının azad edilməsi uğrunda həlak olan şəhidlərin xatirəsini yad etmə günü - “Azərbaycan Respublikasında Anım günü”dür. Həmin gün iş günü hesab edilir. Qeyd edilib ki, Əmək Məcəlləsinə təklif olunan dəyişikliklər ölkə başçısının 2 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” və 3 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasında Zəfər gününün təsis edilməsi haqqında” sərəncamlarından irəli gəlir. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

“Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə ikinci oxunuşda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Bildirib ki, məqsəd bundan sonrakı dövrdə də parlamentin işinin videokonfrans formatında aparılmasının hüquqi bazasının yaradılmasıdır. Nəzərdə tutulan dəyişikliklər karantin rejiminin tətbiq edilməsi, sanitariya-epidemioloji və bu kimi digər tədbirlərlə əlaqədar olaraq, Milli Məclisin iclaslarının, habelə Milli Məclisin komitə və komissiyalarının iclaslarının müəyyən dövr üçün real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsi məsələlərini özündə əks etdirir. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Digər məsələlərin müzakirəsindən sonra Milli Məclisin iclası başa çatıb. Milli Məclisin növbəti plenar iclası 18 dekabrda keçiriləcək.


Şəffaflıq.az
Geri qayıt