Əsas Səhifə > Gündəm > Şəhid ailələri və Milli Qəhrəmanlarla bağlı bir sıra elektron yeniliklər təqdim edildi

Şəhid ailələri və Milli Qəhrəmanlarla bağlı bir sıra elektron yeniliklər təqdim edildi


14-12-2020, 22:20

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün şəhid ailələri, Milli Qəhrəmanlarla bağlı proaktiv xidmətlər də daxil olmaqla, növbəti elektron yeniliklərin – dörd proaktiv, iki elektron, beş e-arayış xidmətinin təqdimatını keçirib.

Tədbirdə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq nazirlik Vətən müharibəsi şəhidlərinin ailələri, müharibədə yaralanmış qəhrəmanlarımızın sosial dəstəklə əhatə olunması üçün plan üzrə işlər aparır. Nazirliyin əməkdaşları hər bir şəhid ailəsi, yaralanmış hərbçi, itkin düşmüş hərbçilərin ailələri ilə görüşərək, dəstək tədbirləri görür:

“Şəhid ailələrinə Prezidentin aylıq təqaüdlərinin, pensiya və ya müavinətlərin təyinatları aparılıb. Son bir həftədə şəhidlərin artıq 1200-ə qədər ailə üzvünə təqaüd, pensiya, müavinət təyinatları aparılıb və proses davam edir.

Qeyd edilən vətəndaşlara ünvanlı yardım, məşğulluq və özünüməşğulluq proqramları, psixoloji xidmətlər çərçivəsində də dəstək işləri görülür. Nazirliyin elektronlaşma proqramının icrasında da həssas qruplar, şəhid ailələri ilə bağlı xidmətlərin elektronlaşdırılması diqqətdə saxlanılır. Ötən ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi, pensiyaların, sonralar bir çox müavinət və təqaüdlərin e-qaydada təyinatına başlanıb. 


Həmin vaxtdan bu ilin 1 dekabrına qədər 120 minədək şəxsə pensiya və müavinət, təqaüd e-qaydada təyin olunub”.

Nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov qeyd edib ki, bu gün daha dörd proaktiv xidmət, iki elektron xidmət və beş e-arayış xidməti təqdim edilib.

Yeni dörd proaktiv xidmət aşağıdakılardır:

- Milli Qəhrəmana və ya ailə üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi;

- Şəhid ailəsi üzvlərinə müavinət və təqaüdlərin təyin edilməsi;

- Məcburi dövlət sosial sığorta haqları hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsi;

- Sığortaolunanın ölümünə dair məlumatın təqdim edilməsi xidməti;

Yeni iki e-xidmət isə bunlardır:

- Dövlət sosial sığorta sistemində xüsusi hesabın aktivləşdirilməsi;

- Dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin qəbulu elektron xidməti.

Yeni beş e-arayış xidməti:

- Milli Qəhrəmanın ailə üzvü olması barədə;

- Şəhid ailə üzvü olması barədə;

- Əmək veteranı olması barədə;

- Fəxri adının olması barədə;

- Övladlığa götürmə barədə.

Bildirilib ki, e-sosial internet portalının imkan və funksionallıqları daim genişləndirilir. Bu sahədə daha bir addım kimi, portalda reyestr və arayışların tərkibinə Milli Qəhrəmanların, onların ailə üzvlərinin, şəhidlərin və onların ailə üzvlərinin, əmək veteranlarının, fəxri ad və fərdi təqaüd alanların, I qrup əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edən şəxslərin, sosial tərəfdaşlar tərəfindən edilmiş yardımların reyestrləri də əlavə edilib.

Beləliklə, nazirlik üzrə e-xidmətlərin sayı 58-ə çatır ki, onlardan 31-i proaktivdir, e-arayış xidmətlərinin sayı isə 20-yə çatır.


Şəffaflıq.az
Geri qayıt