Əsas Səhifə > REGİON > Rusiyanın suriyalı və livanlı muzdluları Qarabağa göndərdiyinə dair sensasion faktlar
Rusiyanın suriyalı və livanlı muzdluları Qarabağa göndərdiyinə dair sensasion faktlar14-12-2020, 15:33 |
![]() Şəffaflıq.az xəbər verir ki, “Syrians for Truth and Justice” (STJ) təşkilatı bununla bağlı geniş araşdırma dərc edib. On müsahibin fikirləri və uçuşların izlənməsi üçün istifadə olunan onlayn resurslar vasitəsilə aparılan araşdırmada vurğulanıb ki, Rusiya Bəşşar Əsəd hökumətinin köməyi ilə yüzlərlə suriyalını Ermənistan tərəfdə Azərbaycana qarşı döyüşməyə cəlb edib. Bunun üçün həmin şəxslərə pul ödənilib. Sentyabr və oktyabr aylarında ölkənin Latakiya əyalətindəki Rusiyanın nəzarəti altında olan Xmeymim hərbi hava bazasından suriyalı muzdlu döyüşçülər Azərbaycana qarşı müharibədə ermənilərlə birgə vuruşmaq üçün göndərilib. Muzdlulara Liviyaya gedəcəkləri bildirilsə də, onlar Dağlıq Qarabağa gətirilib. Bu müddət ərzində 5 uçuş qeydə alınıb. Bundan başqa, ərəb muzdlularla yanaşı, Suriya mənşəli ermənilərin Livanın paytaxtı Beyrut və Suriya paytaxtı Dəməşqin hava limanlarından Ermənistana onlarla uçuşu təsdiqlənib. İlk iki dəstə oktayabrın 21-də Ermənistana göndərilib. Bununla əlaqədar döyüşçülərə və ailələrinə yanlış məlumat verilib. Hətta bir çox ailə oğullarının Liviyada müəyyən tapşırıqları yerinə yetirmək əvəzinə Ermənistanda döyüşdüklərini eşidəndə şoka düşüblər. ![]() Liviya yerinə Ermənistana aparılan muzdlulardan birinin anası manipulyasiya edildiyini bildirib: “Pula çox ehtiyac duyduq, bu səbəbdən oğlumu Liviyaya getməyə razı saldılar. Sentyabrın 15-də ona zəng etdilər. Oğlum ertəsi gün evdən çıxdı. Liviyadakı həyati əhəmiyyətli obyektləri qorumaq tapşırığı aldıqlarını söyləyərək getdi. Oğlum sentyabrın 18-də bir zabitin telefonundan istifadə edərək bizə Xmeymim hava bazasından zəng etdi. Onunla sonuncu dəfə o zaman danışmışam”. Homs əyalətinin Palmira şəhərindən digər bir muzdlunun qohumu onun öldürüldüyünü və cəsədinin bu yaxınlarda ailəyə təslim edildiyini söyləyib: “Avqustun ortalarında Liviyaya səyahət etmək üçün adını siyahıya saldırdı. Hərbi xidmətə Palmira şəhərindəki Milli Müdafiə Qüvvələri vasitəçilik etmişdi. Orada qohumuma 1 000 dollar maaşından 500 000 Suriya lirəsı avans verildi. Digər 15 nəfər də cəlb edildi. Hamısı sentyabrın 11-də Palmira hava bazasında toplanıblar və növbəti iki günü orada keçiriblər. Oradan onlar Xmeymim hava bazasına köçürülüb və Ermənistana göndərilib. İşə götürülənlərin mobil telefonları, saatları və digər şəxsi əşyaları səyahətə çıxmazdan əvvəl əllərindən alınıb”. ![]() Homs hərbi xəstəxanasının tibb işçisi faktı təsdiqləyib: “Son üç ayda Xmeymim Hava Bazasından 35 meyit gətirilib və çoxlu sayda yaralı xəstəxanaya yerləşdirilib. Liviyada və ya Qarabağda döyüşürdülər. Bir çox meyitlər hələ də ailələrə verilməyib. Sentyabrın 29-u və oktyabrın 12-də doqquz cənazə gətirilib, meyitlər parçalanmış vəziyyətdə idi. Yaralılar bizə bildirdilər ki, ölənlər Ermənistandan gətirilib”. 5 suriyalı muzdlunun cəsədi isə oktyabrın 12-si və 27-də Ermənistandan Tartus hərbi xəstəxanasına gətirilib. Daha sonra xəstəxanadan Deyr əz-Zor hava limanına aparılıb. Orada ailələrdən gəlib meyitlərini götürməkləri tələb olunub. Hələ də Ermənistandan geri göndərilməyən əlavə 14 yaralı döyüşçü barədə məlumat var. Bir ailə bu barədə danışıb: “Xaricdə milli vəzifə borcunu yerinə yetirərkən öldüyünü söylədilər. Bizə cəsədi və daha bir yaralı qohumumuzu Homs hərbi xəstəxanasından götürə biləcəyimizi dedilər. Həqiqətən də, oktyabrın ikinci yarısında oraya getdik və həm öldürülənlərin, həm də yaralananların Xmeymim hava bazasından hərbi təyyarədə xəstəxanaya aparıldığını gördük”. ![]() Döyüşlərdə iştirak etmək üçün Suriyadan və Livandan iki dəstə döyüşçü gedib. Bunu Suriyanın Kesab şəhərindəki erməni xristianlarının sözçüsü Qaro Mancikyan bildirib: “Birinci dəstə oktyabrın 6-da Beyrut hava limanından getdi. İkinci partiya isə oktyabrın 17-də “Cham Wings” hava yolları (Suriyanın özəl hava yolu şirkəti) tərəfindən uçan Dəməşq Beynəlxalq Hava Limanından yola düşdü. İkinci qrupa erməni muzdluları və İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds qanadının digər üzvləri daxil idi. Kesabdakı erməni kəndlərinin əhalisi, demək olar, tamamilə Livana köçürüldü. Dağlıq Qarabağda mübahisə başlayanda Livan Azad Vətənpərvərlər Hərəkatı həm Suriya, həm də Livan ermənisi gənclərinin təşkilatlanmasında və onları döyüş meydanına göndərilməsində mühüm rol oynadı. Livandakı ən böyük erməni siyasi partiyası olan Erməni İnqilab Federasiyası (Daşnaksütyun kimi də tanınır) bəzi yaraqlılarını ora döyüşə göndərdi. Bu gün Ermənistanda döyüş məqsədilə Suriyadan olan təxminən 200 erməni gənc var. Bunların çoxu döyüşmək və sonradan Ermənistan vətəndaşlığını almaq üçün ora üz tutub”. ![]() Ermənistandakı döyüşçülər arasında ölüm hadisələrini araşdırarkən Hələbdə yaşayan bir suriyalı gənc erməni qadından müsahibə alınıb və şəhərdən bir neçə erməni gəncin adlarını Livandakı Daşnaksütun Partiyasında qeyd etdikdən sonra Ermənistana getdiyini söyləyib: “Dağlıq Qarabağın Şuşa şəhərində üç nəfərin öldüyü bizə bildirildi. Hər üçünün meyti bura göndərildi və Suriyada dəfn edildi. Hələb şəhərindən olan başqa 18 erməninin yaralandığını da bizə bildirdilər”. Geri qayıt |