“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub

 
 
 
“Abituriyent” jurnalının 1-ci nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsində 2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbuluna aid rəsmi sənədlər və metodiki materiallar dərc olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, jurnalda qəbul kampaniyasının bütün mərhələ və aspektlərini müəyyən edən, başlıca tənzimləyici hüquqi-normativ sənəd - “Ali təhsil müəssisələrinə qəbul qaydaları” bir daha təqdim olunub.
Hər bir fənn üzrə təqdim edilmiş yeni təhsil proqramları (kurikulumlar) və yeni dərsliklər əsasında hazırlanmış qəbul imtahanın ikinci mərhələsi üçün qəbul imtahanı proqramlarında sistemlilik və ardıcıllıq prinsipləri gözlənilmiş, imtahanlarda mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlar, öyrənilməsi zəruri olan tədris materiallarının həcmi, tövsiyə edilən ədəbiyyat siyahısı və s. verilib.
Jurnalda qəbul imtahanının ikinci mərhələsi üçün fənlər üzrə tapşırıq nümunələri də verilib. Yeni qəbul imtahanı modelinə əsasən hər fənn üzrə 30 tapşırıq təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq tiplidir. Açıq tipli tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və yaxud mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq tipli tapşırıqlar uzun müddət istifadə olunan hesablama, seçim, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. Hər bir abituriyent bu tapşırıqlarla tanış olub, onların üzərində işləməklə özünün imtahana hazırlıq səviyyəsini yoxlaya bilər.
Bu nömrədə təqdim olunan “Balların hesablanma qaydası” başlığı altında verilmiş material hər bir abituriyentə öz ballarını müstəqil şəkildə hesablamağa imkan yaradır.
“Açıq tipli tapşırıqların növləri və onlara aid nümunələr” başlığı altında verilmiş materialda həm cavabların kodlaşdırılması tələb olunan, həm də yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli tapşırıqlar haqqında məlumat və nümunələr təqdim olunub.
Jurnalın ənənəvi “Soruşun, cavab verək” rubrikasında isə mütəxəssislər abituriyentlərdən və ictimaiyyətdən Dövlət İmtahan Mərkəzinə daxil olan sual və müraciətlərə cavab verirlər.
Bu nömrədə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları da verilib. Həmin təhsil müəssisələrinə qəbula hazırlaşan abituriyentlər bu elanlarla tanış olub, qəbul qaydaları barədə geniş və hərtərəfli məlumat ala bilərlər.
Jurnal iki dildə – Azərbaycan və rus dillərində çap olunub.
Jurnalı DİM-in aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən (bazar ertəsindən etibarən), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:
•Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M.
•Bakı şəhəri, Nəsimi rayonu A.Salamzadə küçəsi, 28.

Ölkə.Az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}