Şamaxıda epizootiya əleyhinə profilaktik tədbirlərə başlanılıb

 Yanvar ayının ilk günlərindən etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkədə "Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı"na uyğun olaraq, iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə başlayıb. 
Şəffaflııq.az bildiriblər ki, 59 kəndi və 1 qəsəbəni əhatə edən Şamaxı rayonunda epizootik vəziyyət sabitdir. Bu sabitliyin qorunub saxlanılması üçün rayonda fəaliyyət göstərən 15 sahə baytarlıq məntəqəsi Şamaxı rayonu üzrə ayrı-ayrı vətəndaşlara və fermer təsərrüfatlarına məxsus 28089 baş iribuynuzlu, 138638 baş xırdabuynuzlu, 250000 baş quş, 12000 təkdırnaqlı heyvanda və qeydə alınmış 5105 ədəd arı ailəsində profilaktik peyvəndləmələr və müayinə tədbirləri aparır.
Dövlət Baytarlıq Xidmətinin Şamaxı Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən 19600 baş iribuynuzlu, 600 baş təkdırnaqlı heyvanda qarayara, 2000 baş ev itində quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri görülüb, eləcə də 1500 baş iribuynuzlu heyvandan bruselyoz xəstəliyinin müayinəsi məqsədilə qan nümunələri alınıb. Tədbirlər yekunlaşdıqdan sonra 1230 kvadratmetr ərazidə profilaktik dezinfeksiya işləri həyata keçirilib. Rayonda iribuynuzlu, təkdırnaqlı heyvanlarda və donuzlarda qarayara xəstəliyinə qarşı aparılan tədbirlərin fevralın birinci ongünlüyünə kimi yekunlaşdırılması nəzərdə tutulur.
Tədbirlərin icrası müddətində vətəndaşlar arasında maariflənmə işləri aparılıb, heyvanların yemlənmə, bəslənmə şəraitinin yaxşılaşdırılması və qaydalara ciddi əməl olunması ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.
Qeyd edək ki, 2018-ci ildə rayon ərazisində bruselyoz xəstəliyinin aşkar edilməsi, xəstəliyin qarşısının alınması məqsədilə 10127 baş iribuynuzlu heyvandan, 4786 baş törədici qoçdan qan nümunələri götürülərək müayinə olunub. Həmçinin 37755 baş iribuynuzlu, 193212 baş xırdabuynuzlu, 1376 baş təkdırnaqlı heyvanda qarayara və 3452 baş ev itində isə quduzluq əleyhinə peyvəndləmə aparılaraq 70971 kvadratmetr sahədə profilaktik dezinseksiya işləri görülüb.
Cari ilin epizootiya əleyhinə planında isə bundan sonra Şamaxı rayonunda ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, nodulyar dermatit, leptespiros, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptespiros xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılacaq. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan (qoçlardan) qan nümunələrinin alınması, iribuynuzlu heyvanlarda vərəmə (allergik), qoçlarda infeksion epidedimitə (seroloji) və atlarda manqo xəstəliyinə görə (maleinizasiya) müayinələrinin aparılması nəzərdə tutulur.
Dövlət Baytarlıq Xidməti tərəfindən rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Cari ildə dövlət vəsaiti hesabına alınan, “soyuq zəncir” rejimi gözlənilməklə bölgü əsasında sahə baytarlıq məntəqələrinə çatdırılan biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planı”na uyğun olaraq əhalinin mal-qarasına ödənişsiz əsaslarla (pulsuz) tətbiq edilir.
Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.(AZƏRTAC)

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}