Bakıda heç bir binaya istilik verilmir - Borca görə “Azəriqaz” qadağa qoydu

 

Noyabrın 15-dən qanuna uyğun olaraq Bakı şəhərində binalara istiliyin verilməsinə başlanılmalı idi. Lakin bu gün paytaxtın bir neçə rayonundan saytımıza müraciət edən vətəndaşlar hələ də istiliyin verilmədiyindən şikayətləniblər. 

Şəffaflıq.az bildirir ki, “Qafqazinfo” məsələ ilə bağlı “Azəristiliktəchizat”a müraciət edib. Qurumun abonentlərlə xidmət şöbəsinin müdiri Rafiq Əliyev bildirib ki, “Azəriqaz” onların qazanxanalarına qaz vermədiyi üçün binaları istiliklə təmin etmək mümkün deyil:

“Bu problem bizim “Azəriqaz”a olan borca görə yaranıb. Borcun artması da qazın və istiliyin qiymət fərqinə görədir. İstilik tarifləri qazın tarifindən çox aşağı olduğu üçün abonentlər borclarını tam ödəsə belə, biz “Azəriqaz”a olan borcu ödəmək gücündə deyilik. Hökümətə də, “Azəriqaz”a da müraciət etmişik. Keçən ilki borcları dövlət tənzimlədi, qalan borcla bağlı danışıqlar gedir”.

“Azəriqaz”ın mətbuat katibi Ceyhun Səfərov açıqlamasında məlumatı təsdiqləyib: ““Azəristiliktəchizat”in “Azəriqaz”a olan borc məsələsi həll olunana qədər qazın verilməsinə icazə verilmir. Danışıqlar aparılır, yaxın müddətdə yəqin ki, bu problem həllini tapar. Biz ayrı-ayrı qazanxanalarla yox, “Azəristiliktəchizat”la işlədiyimiz üçün bütün Bakı üzrə qazanxanalara qazın verilişi dayandrılıb. Bu gün “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu 29 milyon manatdan çoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl  “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev mətbuat konfransında yeni mövsümə hazır olduqlarını bildirib. O qeyd edib ki,  gücləndirilmiş iş rejimi keçiriləcək və bütün qazanxanalar tam işə başlayacaq.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}