Əsas Səhifə > Siyasət > “Rusiya Azərbaycanı öz itaətində saxlamağa çalışır” - POLİTOLOQ

“Rusiya Azərbaycanı öz itaətində saxlamağa çalışır” - POLİTOLOQ


6-10-2019, 23:13

 

Qabil Hüseynli: “Azərbaycan partnyor axtarışlarını davam etdirməlidir”

“Lavrovun mövcudluğu şəraitində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi çox çətin olacaq”

Məlum olduğu kimi, oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib. Azərbaycan prezidenti İlham Əliyev forumda çıxışı zamanı Ermənistan Baş nazirinin təəccüb doğuran “Qarabağ-Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatına toxunub.

“Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır”, - deyə İlham Əliyev Forumun plenar iclasında çıxışı zamanı bəyan edib.

Prezident əlavə edib ki, Ermənistanın özü bu qanunsuz qurumu tanımır: “Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ - Azərbaycandır və nida işarəsi!”

Bundan əlavə, prezident İlham Əliyev Paşinyanın münaqişənin həllinin Dağlıq Qarabağdakı qondarma xalqın mənafeləri nəzərə alınmaqla məqbul olması barədə açıqlamasına da toxunub: “Ermənistanın Baş naziri tez-tez deyir ki, münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağ xalqı üçün məqbul olmalıdır. Deməliyəm ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var".

“Azərbaycan üçün hansı həllin məqbul olmasına gəlincə, bu, bütün dünya tərəfindən tanınan ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qaytarılmasından ibarətdir. Bu, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Helsinki Yekun Aktına uyğundur”, - deyə prezident qeyd edib.

Soçidə keçirilən “Valday” müzakirə klubunun iclasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı “Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı hansısa proses gedir. ATƏT-in Minsk Qrupuun ABŞ, Fransa və Rusiyadan olan həmsədrləri çox sıx və dostcasına işləyirlər. Məncə, onlar bu il üç dəfə görüşüblər. Bu ilin aprel ayında mənim iştirakımla Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçirilib”,-deyib.

Əslində, “Dağlıq Qarabağ münaqişənin nizamlanması ilə bağlı hansısa proses gedir” demək özü heç bir prosesin getmədiyini göstərir. Bu il üç dəfə görüşmək isə hələ nəticə demək deyil. ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəyə, demək olar ki, ancaq səyahətə gəlir.

Rusiya XİN başçısı bir tərəfdən Azərbaycanın maraqlarına uyğun “bu regionda vəziyyət ötən illə müqayisədə daha sakitdir. Siyasi proses tormozlanıb. Hələlik prosesi tormozdan ayırmaq alınmır. Tərəflər olduqca ciddi bəyanatlar verir. O cümlədən, Dağlıq Qarabağın Ermənistanın olması bəyanatı səslənib. Necə ki, Albaniyanın Baş Naziri Kosovonun Albaniyanın olduğunu bəyan edib. Əlbəttə ki, bu bəyanatlar münaqişələrin həllinə kömək etmir”,- deyir. Digər tərəfdən Azərbaycanın əleyihinə “Son vaxtlar təmas xəttində vəziyyət olduqca sakitdir, insidentlər azdır və onlar elə də böyük deyil. Mən burada irimiqyaslı hərbi əməliyyatın yenidən başlaması ilə bağlı hansısa açıq-aşkar və ümumiyyətlə, təhlükə görmürəm", - deyə bəyanat verir.

Onun sözlərinə görə, Rusiya tərəfi bunun baş verməməsi üçün hər şeyi edəcək, yəni Rusiya aşkar bölgədə müharibənin başlanmasına imkan verməyəcək.

Qeyd edək ki, Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclası Avrasiya İqtisadi Şurasının Ermənistanda keçirilən növbəti iclasından bir gün sonra baş tutub və Azərbaycan prezidenti İlham Əliyev də sözügedən tədbirə dəvət alıb. Maraqlıdır ki, bir gün öncə erməni baş nazir Nikol Paşinyanla görüşən Rusiya prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdə Qarabağ münaqişəsinin həlli istiqamətində ortaq məxrəcə gələ biliblər?

“Azərbaycan prezidenti Paşinyanın indiyə qədər etdiyi boşboğazlıqların cavabını verdi”

“Hürriyyət”in sualını cavablandıran keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli dedi ki, Putin İrəvanda çox təkkəbürlü, Ermənistanın baş nazirinə qarşı saymazyana davranırdı:“Onunla yalnız aeroportda 2-3 dəqiqəlik ayaqüstü söhbət elədi. Amma əvəzində Köçəryanın həyat yoldaşı ilə Rusiya səfirliyində 1 saatdan çox müzakirələr apardı. Həm də müzakirələrdə Köçəryanın necə həbsdən azad ediləcəyi barədə fikirlər meydana gəldi. Bu, Ermənistanda ciddi rezonans doğuracaq. Çünki ermənilər, xüsusən Qarabağ klanı görür ki, Putin Ermənistanın baş nazirini saya salmır və onunla Rusiya arasında ciddi problemlər hələ də qalır. Sonda Ermənistanın baş nazirinin Rusiyanı strateji müttəfiq deyil, strateji tərəfdaş adlandırması ehtirasları daha da qızışdırdı. Və yəqin ki, Putini həddindən artıq qəzəbləndirdi. Onun ardınca Azərbaycan Respublikasının prezidenti Rusiyaya, Valday konfransına dəvət edildi.

Bu, artıq bir neçə ildir ki, keçirilən dövlətlərarası münasibətlərə dair müxtəlif fikirlərin müzakirə mərkəzinə çevrilmiş bir konfransdır. Burada Azərbaycan prezidenti çox ciddi siyasi iradə ortaya qoydu, kifayət qədər sərt bir formada Ermənistan baş nazirinin indiyə qədər etdiyi boşboğazlıqların cavabını verdi. Məsələn, Xankəndində olarkən içdiyi konyakın təsiri altında “Qarabağ-Ermənistandır, nöqtə” deyən baş nazirə Azərbaycan Respublikasının prezidenti “heç vaxt Qarabağ respublikası olmayıb, Qarabağ xalqı olmayıb. Sadəcə olaraq Dağlıq Qarabağda yaşayan erməni əhalisi olub və onlar da Azərbaycanın tərkib hissəsinə daxil olublar. Qarabağ-Azərbaycandır və nida işarəsi” cavabını verdi. Bu, erməni baş nazirin söylədiyi fikrə qətiyyətli bir cavab idi. Prezident bildirdi ki, əgər Ermənistan kompromis mövqe tutmasa, münasibətlər kəskinləşməkdə davam edəcək. Azərbaycan prezidenti həmçinin onu da bildirdi ki, Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyinə görə, danışıqlar prosesində bir pauza yaranıb və bu pauza heç də Ermənistanın xeyrinə olmayacaq”.

“Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi yolunda ən böyük əngəl Rusiyadır”

“Bu söz duelinin əhəmiyyətini görürsünüzmü? Azərbaycanın hərbi əməliyyatlara başlamasının zamanı keçməyibmi” sualına Q. Hüseynli belə cavab verdi: “Sözsüz ki, Azərbaycanın əməliyyatlara başlaması üçün zaman keçib. Amma hələ ki, söz oyunu gedir. Elə orada da səsləndi ki, Rusiya guya, Dağlıq Qarabağ probleminin həllinə səy göstərəcək, amma burada müharibənin baş verməsinə heç cür imkan verməyəcək.

Göründüyü kimi, Azərbaycanın öz hərbi potensialından istifadə edərək ərazi bütövlüyünü təmin etməsi yolunda ən böyük əngəl Rusiyadır.

Rusiya 2016-cı ilin aprel döyüşlərində də Azərbaycan ordusunun zəfər yürüşünü dayandırdı. Bu gün də Rusiya hələ ki, bu məsələləri öz inhisarında saxlayaraq Azərbaycana müəyyən güzəştlər vəd etməklə, Azərbaycanı da öz itaətində saxlamağa çalışır. Mənə belə gəlir ki, Azərbaycan Rusiya ilə münasibətlərdə ehtiyatlı olmaqla yanaşı, eyni zamanda dünyada digər partnyor axtarışlarını davam etdirməlidir. Ən azından Avropa Birliyi ilə nəzərdə tutulan sazişin imzalanması həyata keçirilməlidir və Son vaxtlar Rusiyanın bu bölgədə at oynatması yarışına bir balans yaradılmalıdır. Bir sözlə, diplomatiya fəal işləyib, bölgədə yaranmış bu ədalətsizliyin aradan qaldırılması üçün dünya ictimai fikrini bu məsələlər ətrafında cəm etməyi bacarmalıdır”.

“Rusiyanın siyasəti Ermənistanın xeyrinədir”

Hüseynli vurğuladı ki, Rusiyanın Qarabağla bağlı siyasəti ikibaşlıdır: “Özü də Ermənistanın xeyrinə olan siyasətdir. Yəni Lavrov ehmallıca Ermənistanın baş nazirinə deyir ki, “sən də Albaniyanın baş naziri kimi hərəkət etmə və bu məsələdə ehtiyatlı ol, danışıqlar prosesinə əngəl yaratma”. Bu, Rusiyanın Dağlıq Qarabağla bağlı uzun illərdir Yeltsinlə başlayan, Putinlə davam edən “dövşana qaç, tazıya tut” siyasətinin davamıdır və bu məsələlərə də əsas yön verən milliyyətcə erməni olan Kalantarov- Lavrov adlı Rusiyanın xarici işlər naziridir. Mən güman edirəm ki, belə bir nazirin mövcudluğu şəraitində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi çox çətin olacaq”.

“Azərbaycanın manevr imkanları var”

“Mən hələ ki, Rusiyanın bölgədən çəkilməsi haqqında danışa bilmərəm. Amma qüvvələr nisbətində bir balans yaratmaq məsələsi var. Azərbaycanın nefti, qazı Qərb bazarlarına gedir, üstəlik də Orta Asiyanın qaz ehtiyatlarının da TANAP qaz layihəsinə qoşulması ehtimalı kifayət qədər yüksəkdir, avroplılar da, Amerika da bunu istəyir. Amma ortaya ciddi siyasi iradə qoyulmalıdır ki, bu arzular gerçəkliyə çevrilsin. Bu nöqteyi-nəzərdən Azərbaycanın manevr imkanları var. Bu manevr imkanlarından istifadə eləyib, Rusiyanın buradakı hegemon rolunun neytrallaşdırılmasına nail olmaq olar”,-deyə politoloq əlavə etdi.

Şəffaflıq.az
Geri qayıt