Prezident İlham Əliyevin Azərbaycan üçün daha bir uğuru

 Davos Forumunun ölkəmizdə regional mərkəzi yaradılacaqAzərbaycan prezidenti İlham Əliyev yanvarın 21-də Davosda işə başlayan sayca 50-ci Dünya İqtisadi Forumunda iştirak edir.
Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun Prezidenti Borge Brende ilə görüşüb. Görüşdə Azərbaycanla Davos Forumu arasında münasibətlərin tarixi və onun əhəmiyyəti haqqında fikir mübadiləsi aparılıb. Ölkəmizin regionda iqtisadiyyat, nəqliyyat, infrastruktur sahələrində oynadığı rolun vacibliyi vurğulanıb.
Prezident İlham Əliyevlə Dünya İqtisadi Forumunun prezidenti B.Brende arasında ötən il imzalanmış memorandumun davamı kimi niyyət protokolu imzalanıb. Sənədə əsasən forumun ölkəmizdə regional mərkəzi yaradılacaq.
Söhbət zamanı vurğulanıb ki, bu cür mərkəzlər çox məhdud sayda ölkələrdə yaradılır və onların əsas məqsədi dördüncü sənaye inqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.
Prezident Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə də görüşüb.
 
İlham Əliyevin beş il bundan əvvəl Dünya İqtisadi Forumunda çıxışını xatırladan Məhəmməd Barkındo deyib: “Xatırlayırsınızsa, beş il bundan əvvəl bu Dünya İqtisadi Forumunda Siz OPEC-ə üzv olan bütün ölkələrin və OPEC-ə üzv olmayan ölkələrin bir araya gəlməsi və birlikdə çalışması ilə bağlı çağırış edən dünya liderlərindən birincisi olmusunuz. Belə bir təşəbbüslə əvvəllər heç kim çıxış etməmişdir. Siz uzaqgörənsiniz, çox qətiyyətlisiniz. Bizim hamımızın bir araya gəlməsi və birlikdə çalışmağımız üçün buradakı qlobal platformadan istifadə edərək hamımıza çağırış etdiniz. Çünki Siz də dediyiniz kimi, biz hamımız eyni vəziyyətdə idik. Çünki biz hamımız eyni nefti istehsal edirdik və onu eyni bazarlara satırdıq. O zaman bazarda qiymətlər 80 faizdən çox aşağı düşmüşdü”.
Prezident İlham Əliyev vurğulayıb ki, o vaxt neftin qiyməti 30 dollar ətrafında idi.
M.Barkindo sözünə davam edərək bildirib: “Biz ən pis vəziyyətin şahidi idik. Cənab Prezident, Sizin uzaqgörən rəhbərliyiniz, çağırışınız nəticəsində biz işləməyə başladıq. Biz 2016-cı il dekabrın 10-da, daha dəqiq, 12 ay müddətində əməkdaşlıq bəyannaməsini 24 ölkə ilə imzaladıq... Tarixdə ilk dəfə idi bu, baş verirdi. Sizin rəhbərliyiniz, Sizin baxışınız sayəsində biz bunu etdik. Biz bunu heç vaxt unutmayacağıq, cənab Prezident. Bu, bizim üçün çox önəmlidir və Sizin də qeyd etdiyiniz kimi, ötən beş ildə biz Azərbaycanla çox sıx işləmişik və Azərbaycan qəbul edilmiş bütün qərarlara sadiq qalmışdır”.
Prezident İlham Əliyev xoş sözlərə görə OPEC rəhbərinə təşəkkür edib: “Bunu xatırladığınız üçün sizə minnətdaram. Həmin gün burada - Davosda mənə bu məsələ ilə bağlı nə etmək lazım olduğu barədə sual verildi və mən bu təklifi irəli sürdüm. Bu təklifi ciddi nəzərə aldığına görə OPEC-ə minnətdaram və biz həqiqətən çox nadir tərəfdaşlıq formatını yaratdıq. Hesab edirəm ki, bu formata malik olan, lakin təkcə format yox, eyni zamanda qərarları səmərəli icra edən başqa belə bir beynəlxalq təşkilat yoxdur. Bəzən hətta bir təşkilat daxilində razılığa gəlmək mümkün olmur. Lakin OPEC-ə üzv olan və üzv olmayan ölkələr, böyük və kiçik neft istehsalçıları birləşdilər. Çünki bu, bizim ümumi məqsədimiz idi. Lakin əlbəttə ki, sizin rəhbərliyiniz olmasaydı, bizim səylərimiz nəticəsiz qalardı, çünki siz təşkilatın rəhbəri olaraq nəinki bütün prosesləri əlaqələndirdiniz, həm də prosesə rəhbərlik etdiniz. Düşünürəm və əminəm ki, uğurun səbəblərindən biri də bütün ölkələrin sizə böyük etimad göstərməsi idi. Bu, çox mühüm amil idi. Beləliklə, bizdə bütün mühüm elementlərin birləşməsi var idi. Təşkilat tərəfindən güclü rəhbərlik, həmçinin təşkilata üzv dövlətlərin və üzv olmayan dövlətlərin arasında çox ciddi əməkdaşlıq var idi. Mən bilirəm, hətta bəzi üzv ölkələr arasında hasilatın müəyyən dərəcədə azalmasına nail olmaq asan deyildi. Əlbəttə ki, çox səmərəli monitorinq prosesi, həmçinin etimad məsələsi var idi. Mən düşünürəm ki, bu prosesin bütün üzvləri hazırda sözlərinə əməl etməyə çalışırlar. Çünki etimadı qorumaq lazımdır. Həmçinin mən OPEC+ formatında görüşlərin birinin Bakıda keçirilməsi ilə bağlı təşəbbüsə görə sizə minnətdarlığımı bildirmək istəyirəm. Mən sizi dəvət etdim və siz bu dəvəti qəbul etdiniz. Biz əməkdaşlığımızın gücləndirilməsini səbirsizliklə gözləyirik. Azərbaycan artıq OPEC üzvü kimi özünü göstərir. Əminəm ki, bu, belə də davam edəcək”.
Prezident Pakistanın baş naziri İmran Xan ilə də görüşü olub. Görüşdə Azərbaycan ilə Pakistan arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Baş nazir İmran Xan bildirib ki, Pakistan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizin haqlı mövqeyini dəstəkləyir və işğalçı Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb.
Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini, xüsusilə müsəlman ölkələrindən gələn ziyarətçilərin sayında böyük artımın müşahidə edildiyini deyən İ.Xan ölkəmizin bu sahədəki təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib.
Prezident İlham Əliyev isə Kəşmir məsələsində Azərbaycanın Pakistana daim dəstək verdiyini qeyd edib. Dövlətimizin başçısı həmçinin ölkəmizin Qoşulmama Hərəkatı çərçivəsində Pakistanı dəstəklədiyi vurğulayıb.Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoıl” şirkətinin prezidenti Vahid Ələkbərovla da görüşüb. Görüşdə Azərbaycanın “Naxçıvan”, “Qoşadaş” yataqlarının “LUKoıL” şirkəti ilə birgə işlənilməsi məsələsi müzakirə olunub və bu barədə qərar qəbul edilib.
Prezident İlham Əliyev Davosda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb.
Görüşdə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, Azərbaycan və Türkiyə prezidentləri arasında yüksək səviyyəli görüşlərin münasibətlərimizin möhkəmlənməsində rolu qeyd edilib.
Azərbaycan prezidentinin Davosda “Signify” şirkətinin baş icraçı direktoru Erik Rondolat ilə də görüşü olub. Son vaxtlar Azərbaycanda aparılan islahatlardan məmnunluğunu bildirən E.Rondolat, ilk növbədə, ölkəmizdə həyata keçirdikləri layihələr barədə dövlətimizin başçısına məlumat verib. Qeyd edib ki, aparılan islahatlar Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşması, ölkəmizdə yeni layihələrin həyata keçirilməsi üçün gözəl zəmin yaradır.
Görüşdən məmnunluğunu bildirən İlham Əliyev Bakı şəhərinin işıqlandırılması üzrə hazırda icra edilən layihənin sürətləndirilməsinin vacibliyini bildirib. Dövlət başçısı eyni zamanda növbəti mərhələlərdə Sumqayıtda və Azərbaycanın digər böyük şəhərlərində işıqlandırmanın keyfiyyətinin artırılması, elektrik enerjisinə əhəmiyyətli qənaəti təmin edən yeni həll variantlarının tətbiqi, həmçinin kənd təsərrüfatının müxtəlif sahələrində işıqlandırma sistemləri vasitəsilə müasir texnologiyaların gətirilməsinin aidiyyəti dövlət qurumları ilə müzakirə olunması barədə müvafiq tapşırıqlarını verib.
Prezident İlham Əliyevin Davosda Xorvatiyanın baş naziri Andrey Plenkoviçlə də görüşü olub. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Siyasi, iqtisadi ekspertlər Davos İqtisadi Forumunun yalnız Azərbaycan üçün deyil, bütün dünya üçün əhəmiyyətli tədbirlərdən biri olduğunu bildirirlər. Qeyd edilir ki, Davos İqtisadi Forumu çərçivəsində qeyri-rəsmi formada keçirilən dövlət və hökumət başçılarının, iri biznes nümayəndələrinin, ayrı-ayrı sahələrdən ekspertlərin görüşləri problemlərin həlli üzrə optimal variant tapmağa kömək edir. Davos İqtisadi Forumu özünü təsdiqləmiş nüfuzlu iqtisadi platformadır. Azərbaycan  isə bu forumun ən aktiv təmsilçilərindən biridir. Prezident Əliyev hər il bu forumda fəal şəkildə iştirak edir və ölkənin iqtisadi potensialı barədə orada çalışan iş adamları, eləcə də mediaya ciddi məlumatlar verir. Eyni zamanda bu  forum çərçivəsində Azərbaycanın təbliği baxımından geniş işlər görülür.
Davos  İqtisadi Forumu dünyanın bir sıra aparıcı şirkət rəhbərləri ilə bir araya gələrək onlarla iqtisadi məsələlərə dair müzakirələr aparmağa və əməkdaşlıq etməyə imkan verir. Hazırda Davos İqtisadi Forumu Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atır və ölkədə iqtisadi islahatlar həyata keçirir. Bu islahatların həyata keçirilməsi, ölkənin qeyri-neft sektorunun inkişaf etdirilməsinə xarici şirkətlərlə əlaqələrindən inkişafı müsbət təsir edə bilər.
Azərbaycanın dünyada böyük neft-qaz ölkəsi kimi qəbul olunur. Digər tərəfdən, bir sıra xarici şirkətlər Azərbaycanın qeyri-neft sektoruna da investisiya yatırmağa maraq göstərir. Azərbaycan regionda mühüm iqtisadi tərəfdaş imicini layiqli şəkildə qoruyur. Bu platformadan müsbət istiqamətdə yararlanaraq, Azərbaycana gələcəkdə mühüm iqtisadi və siyasi dividentlər qazandıra bilər.
Azərbaycan artıq Davos Dünya İqtisadi Forumunun arzu olunan və çox nüfuzlu üzvlərindən birinə çevrilib. Azərbaycan hər il bu forumda yüksək səviyyədə təmsil olunur və  ölkəmizin dünyada nüfuzu daha da artır.
İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum dünyanın iqtisadi mənzərəsinin yaradılmasında önəmli rol oynayır. Burada irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir.
Azərbaycan dövlətinin başçısının Davos Forumunda iştirakı Azərbaycana investisiyaların cəlb edilməsi baxımından yeni imkanlar açır. Davos İqtisadi Forumunda iştirak edən Azərbaycanın məqsədi dünyada gedən prosesləri izləmək, o cümlədən Azərbaycandakı prosesləri bölgədə marağı olan iştirakçılara çatdırmaqdan ibarətdir.“Yeni Müsavat”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}