Rusiya mediası erməniləri Azərbaycan ordusu ilə hədələyir.


 Rusiya KİV-lərinin əsasən Azərbaycana qarşı çox aqressiv mövqedə olması, Ermənistanın maraqlarını müdafiə etməsi, ölkəmizə qarşı hər zaman qərəzli mövqedə dayanmaları illərdir ki, müşahidə olunur. Rusiya mətbuatının aparıcı qüvvələri hətta “məxməri” inqilab nəticəsində Ermənistanın yeni siyasi qüvvələrinin açıq və gizli şəkildə anti Rusiya mövqeyində olmasını qəsdən malalamaqla məşğul olub, yeni komandanın nə qədər qərbyönümlü olmasını bilsələr də, Rusiyaya arxa çevirməyəcəklərini siyasi xətt kimi aparmaqla məşğul olublar. Son günlər isə Rusiya mediasının mövqelərində müəyyən qədər dəyişiklik hiss olunur: səbəb Ermənistanda dekabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində erməni siyasi qüvvələrin açıq anti Rusiya mövqelərini ortaya qoymasıdır.

Ermənistan seçki  ərəfəsindədir və siyasi proseslər qızışdıqca Rusiya əleyhinə millətçi qüvvələrin açıq çağırışları şimal ölkəsinin əksər kütləvi informasiya vasitələrini narahat etməyə başlayıb. Ermənistanda millətçi qüvvələrin başında, əvvəllər adət etdiyimiz Daşnaksütun partiyası gəlirdi, amma hələ SSRİ dövründə bu millətçi-terrorçu partiyanın sıralarına yeridilənlərin və daxildən KQB agentura şəbəkəsinə cəlb edilənlərin sayəsində tədricən daşnakların Rusiyaya yumşaq münasibəti formalaşmağa başladı. Maddi maraqlarının hakimiyyət tərəfindən qarşılanması və parlamentdə təmsil olunmasına şərait yaradılması nəticəsində bu partiya marginallaşıb deyə bilərik və indi siyasi səhnədə başqaları daha populyardır.

 Bu gün hakimiyyətə gəlmiş Paşinyanın təmsil olunduğu “Elk”( Çıxış) hərəkatı parlamentdə 7,78 faizlə təmsil olunmasına baxmayaraq, sonunda millətçi çıxışları və əhalinin sosial problemlərini qabardıb, onun müdafiəsinə qalxması inqilabla nəticələndi və indi hakimiyyət əllərindədir. Hal-hazırda isə seçki kampaniyasında tam anti Rusiya, millətçi və Qərbə birmənalı üz tutmaq çağırışları edən partiya, bizə də tanış olan “Sasna Srer” partiyasıdır. (Sasna Srer- Sasun qəhrəmanları deməkdir). Hələ 2016-il aprel döyüşlərindən sonra iyul ayında post-patrul bölməsini tutub, iki həftədən çox əlində saxlayan bu partiya indiki siyasəti dəstəkləməklə yanaşı, daha çox anti Rusiya mövqelərini açıq bildirir və Erməistan xarici siyasətinin yenilənməsi çağırışları ilə gündəmdədir. Məhz bu səbəblər Rusiya mediasında qəzəb doğurmağa başlayıb.

21 noyabrda Sasna Srer-in lideri Jirayr Sefilyanın Birinci erməni telekanalında çıxışı isə rus siyasilərini qəzəbləndirib. Sefilyan Rusiya ilə bütün münasibətlərə yenidən baxılmasını və əlaqələrin bütün formalarda aşağı səviyyəyə salınmasını irəli sürüb. İlk növbədə Ermənistanın KTMT-dən, Avrasiya iqtisadi ittifaqından və MDB-dən çıxmasının vacibliyini qeyd edən Sefilyan Rusiya hərbi bazasının Ermənistanın ərazisindən çıxarılmasını da qeyd etməyi unutmayıb.

 Sefilyan partiyasının təsdiq olunmuş proqramında “Ermənistanın Rusiya müstəmləkəsindən azad edilməsinin” əsas yer tutduğunu və bu məqsədlə Rusiya sərhəd qoşunlarının ilk növbədə çıxarılmasının reallaşmasını söyləyib.

Sefilyanın ölkəsində “ dekommunizasiya”, “desovetizasiya” və “derusifikasiya” proqramının reallaşdırılması barədə dedikləri Rusiya mətbuatını həqiqətən “cin atı”na mindirib və çox qəribə olsa da belə bir siyasətin reallaşacağı halda Ermənistanı özləri ilə deyil, bizimlə-Azərbaycan və Türkiyə ilə hədələyib, hər iki ölkənin ordusu qarşısında necə dayanacaqlarını xüsusi qeyd ediblər.

Rusiya mediası ayrı-ayrılıqda bu cür çağırışların Ermənistan siyasətində yer almasına təəssüfləndiyini və bu mövqenin ermənilər tərəfindən tənqid olunmamasını üzüdönüklük adlandırıb, Rusiyanın yerində “yaranmış boşluğun çox güman ki, NATO və ABŞ tərəfindən doldurulacağına” şübhə edilmədiyini də qeyd edib. Ermənistanı isə açıq şəkildə görün necə hədələyib:”belə olan halda ermənilər Türkiyənin 3-cü səhra ordusunun qərb tərəfdən, Azərbaycanın xüsusi ümumqoşun ordusunun Naxçıvan istiqamətində və əsas Azərbaycan qoşunlarının şərqdən hücumunun qarşısını almağın yollarını ölkə vətəndaşlarına izah edə bilməyiblər”. 

Rusiya mediası Sasna Srerin Paşinyanın dəstəyilə parlamentdə təmsil olunacağına şübhə etmədiklərini də  yazmağı unutmayıblar.

Azərbaycanın Ermənistandakı parlament seçkiləri ərəfəsində  hansı siyasəti apardığı məlumdur, yəni heç bir iş ortada görünmür, seyrçi mövqedəyik, durğunluq davam edir, seçkilərə təsir etmək imkanlarımız olsa da, cəbhə xəttində tam sakitçilkidir. Əslində bu da bir siyasətdir, bir şərtlə ki, real nəticəsi olsun, amma uzun müddətdir belə davam etdiyindən xüsusi bir gözləntimiz yoxdur. Seçkilərdən sonra necə bir siyasət yürüdüləcəyi xüsusi ümid yaratmasa da, yenə də indiyədək aparılandan fərqli olmalı və erməni siyasətində yuxarıda qeyd olunan anti Rusiya ovqatından yararlanmağın yollarından istifadə edilməlidir. Necə deyərlər” yolçunun işinin rast düşməsi” üçün Ermənistan və Rusiya qarşıdurmasının dərinləşməsində rol alınmalı və bundan maksimum olmasa da, müəyyən dərəcədə yararlanmaq lazımdır. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}