Əsas Səhifə > Region > “Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlı ailələrin övladları təhsil almaqdan məhrum olurlar” - Qars vilayətindəki baş konsulumuz

“Türkiyədə qeyri-qanuni yaşayan azərbaycanlı ailələrin övladları təhsil almaqdan məhrum olurlar” - Qars vilayətindəki baş konsulumuz


9-10-2019, 23:35

 

“Qars Baş Konsulluğunun xidmət ərazisində qeyri-qanuni yaşayan azərbaycanlılar az sayda olsa da mövcuddur. Bunlar əsasən türk vətəndaşları ilə ailə quraraq bu bölgələrdə məskünlaşan və təəssüf ki, yaşayışlarını aidiyyəti dövlət orqanlarında leqallaşdırmayanlardır. Bəzən səhlənkarlıq, bəzən ölkənin mövcud qanunlarından xəbərsiz olan və ucqar kəndlərdə yaşayan həmvətənlərimiz bu cür illeqal vəziyyətə düşürlər. Bunun da əsas səbəbi Türkiyədə qanuni yaşamaq üçün tələb olunan sənədləşmə prosesindən məlumatsız olmalarıdır”.

Bu fikirləri Türkiyənin Qars şəhərindəki Azərbaycanın baş konsulu Nuru Quliyev Huriyyet.org-a açıqlamasında bildirib.

N.Quliyevin sözlərinə görə, Türkiyədə sənədsiz yaşayan Azərbaycan vətəndaşları bir müddət sonra ölkəmizə geri qayıtmaq istədikdə bir çox hallarda ümumvətəndaş pasportlarının itirilməsi, korlanması, etibarlılıq müddətinin bitməsi halları ilə üzləşdikləri zaman Baş Konsulluğa müraciət edirlər: “Baş Konsulluqdan ölkəyə qayıtmaq haqqında müvafiq sənədlə - ölkəyə qayıdış şəhadətnaməsi ilə təmin olunurlar”.

Baş konsul deyib ki, vətəndaşlarımız Türkiyədə qanunsuz yaşadıqları müddət ərzində Azərbaycan vətəndaşı olan və məktəbyaşlı uşaqlarını təhsillə təmin edə bilmirlər, hətta bir çox hallarda bu uşaqlar oxumaq və yazmaq vərdişinə yiyələnməkdən məhrum olurlar: “Təəssüf ki, bu cür hallar həmin uşaqların gələcəkdə cəmiyyətdə hər hansı bir yer tutmalarında ciddi mənfi təsir göstərir.

Təbii ki, Türkiyədə qanuni şəkildə yaşayan həmvətənlərimiz də var. Məsələn, Baş Konsulluğun əhatə dairəsində olan Universitetlərdə bir çox Azərbaycanlı alimlərimiz pedaqoji fəaliyyətlə məşğul olur, həmçinin Azərbaycanlı tələbələrimiz də təhsil almaqdadır. Bu da çox müsbət haldır. Lakin, bununla yanaşı burada yaşayan və təhsil almayan həmyerlilərimizin təhsilə cəlb olunmaları üçün çıxış yolları da araşdırılmalıdır. Ümid edirik ki, Türkiyənin Universitetlərində təhsil alan gənclərimiz təhsil aldıqları ixtisaslara uyğun olaraq, ölkəmizə geri qayıtdıqdan sonra burada yiyələndikləri bilik və bacarıqlarından istifadə edərək, dövlətimizin inkişafına öz töhfələrini verəcəklər”.

Türkiyənin turizm sektoru mövzusuna toxunan diplomat bildirib ki, bu ölkənin Şərqi Anadolu bölgəsi qış turizmi baxımından son zamanlar Azərbaycan əhalisi üçün də cəlbedicidir: “Onu da qeyd etməliyik ki, türk vətəndaşları da Azərbaycanın turizm sahəsindən geniş istifadə etməkdədirlər. Türkiyədə Azərbaycana ciddi bir könül bağı olduğunu nəzərə alaraq, biz də öz növbəmizdə ölkəmizin turizm sektorunun təbliği və tanıtımı ilə də məşğuluq. Azərbaycanın günü-gündən inkişaf etməsi, turizm sahəsinə də öz müsbət təsirini göstərərək ölkəmizə gələn turist sayının artmasına səbəb olur. Biz də bu istiqamətdə üzərimizə düşən vəzifəni yerinə yetirməyə çalışırıq”.

Şəffaflıq.az
Geri qayıt