Əsas Səhifə > Region > Şamaxıda Könüllülərin “Ətraf mühit və mən-2” adlı yay düşərgəsi keçiriləcək

Şamaxıda Könüllülərin “Ətraf mühit və mən-2” adlı yay düşərgəsi keçiriləcək


10-08-2019, 14:00
 Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə könüllü gənclər üçün Şamaxı şəhərində düşərgə təşkil olunacaq.
Şəffaflıq.az xəbər verir ki, layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramında təsbit edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini əsas tutaraq, könüllü gənclərin ətraf mühit sahəsində maariflənməsini özündə ehtiva edir.
Layihənin icrasında əsas məqsəd könüllü gənclər arasında ətraf mühitin mühafizəsi istiqamətində maarifləndirmə işləri aparmaqla, onlarda bu istiqamətdə faydalı vərdişlər formalaşdırmaqdır.
Birliyin sədri Nigar Ələsgərova bildirib ki, eyniadlı layihə 2014-cü ildə də həyata keçirilib. Layihənin 5 ildən bir davamlı keçirilməsi planlaşdırılıb. Düşərgə 2019-cu ilin Gənclər paytaxtı Şamaxı şəhərində baş tutacaq və 16-23 yaş qrupunda 30 fəal könüllünü əhatə edəcək. Düşərgədə gənclər ətraf mühitin mühafizəsi mövzusunun əhəmiyyəti, onların bu istiqamətdə vəzifə və öhdəlikləri haqqında təqdimatlarda, təlim və qrup işlərində iştirak edəcəklər. Düşərgəyə bu sahə üzrə mütəxəssislər cəlb olunacaq.
Sədr, həmçinin qeyd edib ki, hazırda yay düşərgəsində iştirak üçün müraciət davam edir. Artıq 676 müraciət daxil olub. Elektron müraciətlər nəzərdən keçiriləcək və uyğun namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Düşərgədə iştirak üçün 30 nəfər müəyyən edilsə də, birlik çoxsaylı müraciətləri nəzərə alaraq, bu sayı 50 nəfərə qədər artırmağı planlaşdırır.
Layihə sentyabrın 20-də başa çatacaq.
Geri qayıt