Nazir azərbaycanlı fotomüxbirin cəsarətindən danışdı

 Bu gün Heydər Əliyev adına Sarayında "Mədəniyyət" qəzetinin fotomüxbiri Orxan Əzimovun Nəsiminin Suriyadakı məqbərəsi və Hələb şəhərinin fotoşəkillərindən ibarət sərgisi keçirilib.
Sərgidə Mədəniyyət naziri Əbülfəs Qarayev, Mədəniyyət Nazirliyinin nümayəndələri, media mənsubları və digər qonaqlar iştirak edib.
Sərgi haqqında danışan müəllif Orxan Əzim səfərin 7 aylıq danışıqlardan sonra baş tutduğunu deyib:
"Səfər üçün şəxsən Mədəniyyət Nazirliyinə müraciət etdim. 7 aylıq danışıqlardan sonra Hələb üçün viza ala bildim. Çünki müharibə olan ölkələrdə şəhərlər üçün ayrıca viza tələb olunur. Səfər 27 noyabr-4 dekabr tarixlərində baş tutdu.
Bu gün burada ümumilikdə 37 foto sərgilənir. Fotolardan bir neçəsi əvvəldən onlayn formada yayımlansa da, qalanları ilk dəfədir sərgilənir. Bu fotolarda Hələb şəhərinin dağıntıları fonunda Nəsiminin məzarını göstərməyə çalışmışıq".
Mədəniyyət naziri Əbülfəs Qarayev açıqlamasında sərginin "Nəsimi ili”nə töhfə olduğunu söyləyib.
"Sərgi sayəsində Nəsiminin Suriyanın Hələb şəhərində yerləşən məzarının hazırkı vəziyyəti ilə tanış ola bilirik. Müharibələrin bizim maddi-mənəvi irsimizə necə böyük zərər verdiyinin bir daha şahidi oluruq".
Nazir Orxan Əzimin cəsarətindən də danışıb:
"Böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib. Şəkillərdən də göründüyü kimi, hazırda Nəsiminin məzarında təmir işləri aparılır. Azərbaycan da öz dəstəyini təklif edib. Ancaq görünür ki, Nəsiminin məzarı Suriya üçün də müqəddəs hesab olunur".
Daha sonra Xalq artisti Firəngiz Əlizadənin “Nasimi passion” əsəri əsasında vokal-xoreoqrafik tamaşası nümayiş olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}